Sizi görüm islahata gəlməyəsiniz…
Gözlənilən məhkəmə-hüquq islahatları başladı. Əyalət məhkəməsinin fəaliyyətinə xitam verilmiş bir hakimi və məsləhətçisi həbs edildi. Məhkəmə-Hüquq Şurası ilə Baş Prokurorluğun birgə məlumatına görə, islahatların ilk qurbanı olan bu iki nəfərə rüşvət alma, rüşvət verməyə təhrik etmə maddələri ilə cinayət işi başlanılıb. Onlar həbs edilərək, hörmət və izzətlə istintaq təcridxanasına göndəriliblər.
Yeri gəlmişkən, bu xəbərdə əsas diqqətçəkən məqamlardan biri Məhkəmə-Hüquq Şurası ilə Baş Prokurorluğun ortaq məlumatla çıxış etməsi oldu. Deyəsən, bu, elə hakimin həbsi kimi bir ilkdir, nübardı. Hər halda, mən bundan əqdəm bu iki orqanın şərikli məlumat yaymasının şahidi olmamışam. Görmüşük ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi ilə, DTX-la bəyanat yayar, ya cütlükdə, ya üçlükdə, ya da ən pis halda təkbaşına. Məhkəmə-Hüquq Şurası ilə sinxron fəaliyyət nəsə qulağa yad dəyir. Məhkəmə hakimiyyətinin özünüiidarə orqanı ilə bu hakimiyyət qolunda yalnız bir tərəfi (cinayət işi başlayıb, məhkəməyə qədər istintaq aparan, ibtidai araşdırmaya prosessual rəhbərlik edən və dövlət ittihamını müdafiə edən) təmsil edən bir qurumun mehriban və işgüzar pratikası qəribə sürpriz oldu.
Əslində, bir neçə gün əvvəl prezident məhkəmə-hüquq islahatlarının anonsunu verəndə, niyəsə dalağım sancmışdı və o yandan bəri səbirsizliklə bu islahatların haradan, necə, hansı anası ölmüşdən başlayacağını gözləyirdim.
Söz vaxtına çəkər, bir neçə il əvvəl elə bu vaxtlarda ölkə başçısı sosial təminat orqanlarının fəaliyyətində islahatların aparılacağı ilə bağlı oxşar bir anons vermişdi. Ardından Korrupsiyaya qarşı Mübarizə İdarəsi (hələ onda Korrupsiyaya qarşı Mübarizə İdarəsinin adına “Baş” sözü əlavə edilməmişdi) ucqar dağ rayonlardan birinin Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavinini sosial yardım təyin olunması üçün vur-tut 200 manat rüşvət istədiyinə görə qandallayıb içəri tullamışdı.
Bir vacib məqamı deyim, sonra sözümün canına keçəcəm. Niyəsə bizim ölkədə bütün islahatlar həmişə əyalətlərdən başlayır. Nə işdisə, bütün islahatlar ilin əvvəlində yada düşür və ya buna start verilir, daha sonra yayın qızmar istisindən ya nədənsə dərhal da unudulub gedir.
Prokurorluğun dili ilə desək, “sosial yardım təyin olunması müqabilində 200 manat rüşvət tələb edən” bu şəxsin vəkili mən oldum. Adam həbsin ilk günlərində rəsmən şokdaydı, uzun müddət nələrin baş verdiyini dərk edib, anlaya bilmirdi. Elə-hey tez-tez təkrarlayırdı ki, “türmə kişi yeri deyil, adamı toyuq kimi tutub kletkaya tullayırlar”.
Əlimizin altında xeyli müdafiə dəlilləri də varıydı. Nümunə üçün birini desəm, güman kifayət edər. Nazirlər Kabinetinin qərarına görə, ünvanlı sosial yardım təyin eləmək 9 nəfərdən ibarət komissiya tərəfindən həyata keçirilir (o vaxtlar, indi bilmirəm)və yardım üçün müraciət edən şəxsə bu yardımın verilib-verilməməsi haqda qərar səsvermə yolu ilə qəbul edilir. Yəni, ünvanlı sosial yardımın təyin edilməsi tək bir adamın işi və hüquq dili ilə desək, “vəzifə səlahiyyətinə” aid məsələ deyildi. Ya bu 9 nəfərin hamısını tutub, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə şəklində içəri basmaq lazımıydı, ya da adamı üzüsulu buraxıb, cibinə də beş-on manat pul basmaq lazımıydı ki, gedib evinə-eşiyinə çıxa bilsin. Amma Korrupsiyaya nə dəlil, nə etiraz. Əsas odur, “islahatlar” başlanılmışdı və kimsə də bunun qurbanı olmalıydı.
Sonradan adamı qışıqırda-qışqırda, rüşvət alma və vəzifə səlahiyyətindən sui-istifadə maddələri ilə 7 ilə yaxın azadlıqdan məhrum eləyib, zona göndərdilər.
Məhkəmə-Hüquq Şurası ilə Baş Prokurorluğun şərikli məlumatına inansaq, “islahat” qurbanı olmuş hakim və məhkəmə məsləhətçisinin, “məhkəmənin icraatında olan mülki iş üzrə tərəflə qeyri-prosessual münasibətlər yaradaraq, rüşvət tələb etmələri müəyyən edilib”.
Bu o deməkdir ki, anadan uğursuz doğulmuş bu iki adam mülki işə görə ilişiblər. Rayon yeri ola, mülki iş ola, burda mülki qaydada mübahisələndirilən işin nə böyük miqyası, əhəmiyyəti olasıdır ki? Uzağı iki ölərinin əbədi çəpər davası, torpaq davası, nə bilim uzağı ev-eşik, aliment, borc-filan didişməsi. Yəni, məişət söz-söhbətləri. Onsuz da rayon məhkəmələri ağzınacan belə işlərlə doludur, hakimlər də cansıxıcı əyalət həyatını darıxa-darıxa bu cür mənasız işlərlə yola verib, uvadır, həfətsonunu gözləyirlər ki, Bakıya qaçsınlar. Yəni, böyük ehtimalla hakim və məsləhətçinin “tərəflə qeyri-prosessual münasibətlərinin” kökündə də xırda-xuruş məbləğ, cibxərcliyi söz-söhbətləri dayanır. Bir də ki, rayon yerində kimdi hakimə “babat hörmət” eləyən, “böyük xəcalət” verən?
…Bir neçə gün əvvəl, Sumqayıt Mərkəzi Poçtundan məktub göndərirdim. Uzun növbə, daha doğrusu, basabas vardı. Diqqətimi ağır kasıblığın vaxtından çox-çox əvvəl qədd-qamətini büküb, amansızca əydiyi, ayaqüstə güclə dayanan, tüklü batıq ovurdları bir-birinə keçmiş, heyrətamiz dərəcədə arıq bir kişi çəkdi. Poçtlarda adətən belə olur, yaşlı, bəzən ortayaşlı adamlar, göndərmək istədikləri ərizələri, şikayətləri zərfə qoyub, üstünü yazmağı bacara bilmədiklərindən, bunu poçt əməkdaşlarından xahiş edirlər. Ya latın qrafikasını bilmirlər, ya da bir də görürsən, “kimə”, “hara” qrafasının qabağına öz ad və ünvanlarını yazıblar.
Bu heyrətamiz dərəcədə arıq, ayaqüstə güclə dayanan kişinin poçt əməkdaşının qarşısına tökdüyü eyni məzmunlu, amma müxtəlif ünvanlara göndəriləcək yarımsəhifəlik ərizəsində, kiminsə onu balıq vətəgəsində işlədib, insafsızcasına əməkhaqqını verməməsindən gileylənilirdi. İstər-istəməz göz şahidi olduğum, kompüterdə yazdırılmış bu ərizənin biri xeyli vaxtdı qəfildən populyarlığını itirmiş Qənirə xanımın (Paşayeva) adınaydı, diqqətimi çəkən o birisi isə Korrupsiyaya qarşı Mübarəzə Baş İdarəsinin. Və ikinci ərizədə xitab cümləsi elə belə də başlayırdı: “Hörmətli Korrupsiya”. Bir də “insaniyyət” sözü “instansiya” kimi getmişdi.
Növbədə məndən qabaq olan bu kişi, poşt əməkdaşının “gərək bir az gözləyəsiniz” sözündən dərhal sonra kağız-kuğuzları tör-tökülü vəziyyətdə qoyub, yaxınlıqdakı skamyaya çökdü…
Əsas odur islahata gəlməyəsiniz. Özü də Korrupsiya İdarəsinin adına “Baş” sözünün artırıldığı bu ərəfələrdə…