Homo soveticus – totalitar sovet rejiminin uzun illər ərzində yetişdirdiyi xüsusi mentallığa malik insan tipinin sarkastik-rişxəndli və psevdolatın termini ilə isimləndirilməsidir.
Yəqin ki, mövzunun nədən bəhs edəcəyini artıq bildiniz, lakin bu həddən artıq ağır mövzuya keçməzdən ətrafdakı bayram təbriklərinə qoşulmaq istərdim.
Uşaq vaxtı, sovet zamanında çoxlu bayramlar vardı, hamısında da məktəbdən heç olmazsa 1-2 gün tətillə çıxırdıq və uşaq üçün təbii ki, ən vacibi də bu idi. Amma bu bayram mənim üçün eyni zamanda nəsə öz sirli atmosferi ilə çox fərqli idi. Doğrusu, bunu İfadə etmək də asan deyil. Əslində, o zaman bu bayram qeyri-formal xarakter daşıyırdı, lakin buna rəğmən, həqiqətən də nəsə çox vədedici və sirli havası vardı, bunu nəslin qadınları evin mətbəxinə yığışıb qeybət edə-edə şirniyyat bişirəndə, evi ətirli tüstü bürüyəndə, biz, nəslin uşaqları, müxtəlif evlərdən uşaqlar da qonşu otaqda olmazın dəcəllikdən çıxanda hiss edirdim. İndiyə kimi bu bahar bayramı gəldikdə, özümü sanki o dəcəl uşaq kimi hiss edirəm, bəlkə də hiss etmək istəyirəm, qeyri-ixtiyari… Yəqin ki, tək məndə deyil o hiss.
Qısası, bu bayram o zaman mövcud bütün formal bayramlardan (7-8 noyabr, 1-2 may, 23 fevral, 8 mart, hətta 9 may) tamamilə fərqlənirdi və bir növ həmin bu sovet prokrust (Procrustes – qədim yunan əfsanəvi tipi) çərçivələrindən çox fərqlənirdi. Bəlkə də bu bayram bizi ənənəvi homo soveticus’dan fərqləndirən yeganə ritual idi.
Homo Soveticus əslində taleyin istehzası idi. Bütün uşaqlıq dövrümü Bakının zırpı sənaye obyeklərinin üstündə “Слава Советскому Народу!” plakatını seyr edən birisi kimi görürdüm – bu yazılanlar, az qala hər gün getdiyim və ağzına kimi dolu olan 30 №-li avtobusun sərnişinləri üçün ən azından heç nədir. Əgər rişxənd obyekti deyilsə. Mən isə sovet ideologiyası riyaziyyatına qədər gedib çıxmış bir məktəbin şagirdi kimi düşünürdüm ki, əslində o yazılanlar doğrudur, eşq olsun sovet xalqına, bu avtobusdakılar isə çoxu sadəcə bu quruluşa layiq deyillər, onlar anlamırlar ki, biz bu planetin ən xoşbəxt sakinləriyik, xüsusən də azərbaycanlılar bunu anlamır.
Yalnız sonralar anladım ki, özünü tərifləmək nə qədər biabırçı, kompleksli və gülməli bir şey imiş. Doğrudur, insafən bunun yalnız bizə, yəni Homo Soveticus’a aid olmadığını, başqalarında da olduğunu (məsələn, kimimiz İstanbula-Antalyaya-filana gedərkən “Ne mutlu Türküm diyene” plakatını görmədi ki?) sonra bildim, amma bundan çox da böyük təskinlik tapmadım.
Plakatlardan başqa sovet mətbuatında və eyni zamanda ədəbiyyatında mifik müsbət keyfiyyətlərlə dolu “sovet insanı” anlayışına tez-tez rast gəlmək olardı. Burada əsas vurğu ifadənin insan deyil, sovet hissəsinə edilirdi və bu vurğu həmin müsbət insanın məhz sovet hakimiyyətinin varlığına görə mövcudluğuna işarə edirdi. Bu cür keyfiyyətli insanı əlbəttə ki, sovet hakimiyyəti yetişdirə bilərdi – məsələ bundan ibarət idi.
Əlbəttə ki, istedadlı yazıçılar bu anlayışları ən yaxşı halda satira ilə qarşılayırdılar, sovetlərin ilk illərində hələ bu imkan vardı. Sovet insanı anlayışını İlf və Petrov öz romanlarında, xüsusən M.Bulqakov “İt ürəyi” povestində öldürücü qəhqəhələr altında yerlə-yeksan etmişdi.
Sovet düşərgələrində böyük təcrübə keçmiş, sonra isə sovetlərdən mühacirət etmiş, Sorbonne Universitetinin professoru olmuş tarixçi Mixail Geller Homo Soveticus tipinə belə bir təsnifat vermişdi: Homo Soveticus — xarakter əlamətlərin kompleksli keyfiyyətləridir və bu Sovet İttifaqında yaşayan bütün insanlara aiddir. Əlbəttə ki, müxtəlif nisbətlərdə. Bu tip, kommunist sisteminin ağır şərtləri altında güclü sosial təlim keçmiş insanın bütün reflekslərini-əlamətlərini dərindən mənimsəmiş insan tipidir. Və bu xüsusiyyətlər getdikcə bu tip insanda inkişaf edərək dominant xarakter almağa başlayır.
Homo Soveticus’un nə qədər dəhşətli olduğunun son 25 ildə dəfələrlə şahidi olduq. Zatən bizim naftalin iyi verən partnomenklaturadan çıxmış hakim məmurlar, kolxoz iyi verən ziya(n)lılarımız bunun canlı mücəssiməsidir, heç bir yerə itməyiblər, həmişə canlı muzey kimi gözümüzün qarşısındadır hamısı. Maşallah, heç birinə də heç nə olmayıb, əvvəlki kimi xalqın gözüdürlər, ən aktual da bunlardır, elə ən faktural da. Bu tək bizdə deyil, dərin repressiya keçmiş bütün postsovet ölkələrində belədir.
Bu yaxınlarda Polşada bir forumda idim, oradakı iştirakçıların 90% polyaklar və ukraynalılar idi. Təbii ki, indi Ukraynada baş verənlər bütün Avropa üçün çox vacib əhəmiyyət daşıyır. Polşa üçün də bu milli təhlükəsizlik dərəcəli məsələdir. Orada keçən bu 25 il ərzində nədən Polşada islahatlar aparılmasının mümkünlüyü, nəticədə heç də zəif olmayan iqtisadiyyatın yaradılması, faktiki Şərqi Avropada ən böyük demokratiyanın quruluşunun baş verdiyini və tam əksinə – potensialı Polşadan heç bir kateqoriyada geri qalmayan Ukraynada bunların mümkün olmadığını müzakirə edirdik.
Şəxsən mənim fikirimcə bunlar Ukraynadakı repressiyaların cəmiyyətin sonsuz dərinliklərinə işləməsi və sonrakı 25 il ərzində lüstrasiya və islahatlara təkan verilməməsində idi. Bu işlərdə ən başlıca məsələ isə – insan faktoru idi. Homo Soveticus.
Lakin Homo Soveticus’un islahedilməz, əbədi olduğuna son olaraq bu günlərdə əmin oldum. Böyük rejissor, elə homo soveticus’un amansızcasına ifşa edildiyi, milyonların tərbiyə edildiyi möhtəşəm “İt ürəyi” filminin müəllifi Vladimir Bortko rus televiziyasında Stalinin repressiyalarda haqlı olduğunu, “lazım gələrsə” dövlət naminə insanları məhv etməyin gərəkli olduğunu söyləyib. Bununla da rejissor elə öz filmindəki Şarikov obrazına çevrilib, yoxsa mutasiya vəziyyətindən öz öncəki halına qayıdıb – bunu dəqiq demək çətindir. Homo Soveticus’un yalnız çox ağır və islahedilməz bir dərd olduğunu konstatasiya etmək olar.
Görünür, ona qalib gəlmək mümkünsüz bir işdir.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…