Holokostun müqəddiməsi: Büllur gecə

Dünya dövlətləri nasist Almaniyasına qarşı əməli tədbirlər görmədilər

Foto: Meydan Tv

Nasistlərin hakimiyyətə gəldiyi 1933-cü ildə Almaniyada yəhudilərin sayı 523 min idi və onlar əhalinin heç 1%-ni təşkil etmirdilər. Lakin daha yüksək təhsil səviyyəsi və peşəkarlıqlarına görə onların həm elm, mədəniyyət və incəsənətdə, həm də iqtisadiyyatda əhəmiyyətli rolları vardı.

Bəzi yanlış təsəvvürlərin əksinə olaraq, nasistlər hakimiyyətə gələn kimi Almaniyadakı yəhudiləri ölüm düşərgələrinə doldurmaqla, öldürməklə məşğul olmadılar. Onlar əvvəlcə yəhudiləri ölkədən köçməyə vadar etməyə daha çox üstünlük verirdilər. Buna görə də ilk aylardan başlayaraq antisemit qanunlar qəbul edildi. Bu siyasətin zirvə nöqtəsi 1935-ci ildə qəbul edilən və “Nürnberq qanunları” kimi tanınan qanunverici aktlar oldu.

Ölkəni tərk etmək istəyən yəhudilər buna görə öz əmlaklarının bir hissəsindən dövlətin xeyrinə imtina etməli idilər. Bu “xərac”ın həcmi ildən ilə daha da artırdı. Əgər 1933-cü ildə əmlakın 25%-dən imtina tələb olunurdusa, 1938-ci ildə bu rəqəm artıq 90%-ə çatırdı. Başqa sözlə, insanlar yalnız canlarını götürüb gedirdilər.

Ancaq onların hamısı Almaniyanı tərk etmədi. Bir tərəfdən beynəlxalq aləm yəhudilərə qarşı törədilənləri heyrətamiz soyuqqanlıqla seyr edir və onlara öz ölkələrinin qapılarını açmağı düşünmürdülər. Digər tərəfdən isə, yəhudilər özlərinin bir hissəsi əcaib nikbinliklə baş verənlərin müvəqqəti hesab edir, hətta assimilyasiya uğramamaları üçün faydalı sayanlar da vardı. Hər iki hərəkətsizliyin bədəli çox ağır oldu.

***

Almaniya, eləcə də 1938-ci ildə ona birləşdirilən Avstriyada 72 min Polşa vətəndaşı olan yəhudilər yaşayırdılar. Onların ölkəyə qayıda biləcəklərindən ehtiyat edən rəsmi Varşava 1938-ci il martın 31-də xüsusi qanun qəbul etdi. Bu qanuna əsasən, Polşa dövləti yaranandan etibarən 5 ildən çox xaricdə yaşayanlar vətəndaşlıqdan məhrum edilə bilərdilər.

Oktyabrın 6-da Xarici İşlər Nazirliyinin qəbul etdiyi qərara görə, xaricdə yaşayan vətəndaşlar Polşanın diplomatik nümayəndəliklərinə müraciət edərək öz pasprortlarına vətəndaşlıqlarını təsdiq edən xüsusi ştamp vurdurmalı idilər. Oktyabrın 31-nə kimi belə ştamp vurulmayan pasport qüvvədən düşür, sahibi isə vətəndaşlığını itirirdi.

Ancaq Ümüncü reyxdə yaşayan Polşa yəhudiləri öz pasportlarını konsulluqlara təqdim edəndə süründürməçiliklə üzləşdilər. Polyaklar onların vətəndaşlıqlarını uzatmaqda və bir gün ölkəyə dönmələrində maraqlı deyildilər. Yəhudilərin xeyli hissəsi isə Polşanın qəbul etdiyi normativlərə etinasız yanaşdılar və konsulluqlara müraciət etmədilər.

Öz yəhudilərini ölkədən qovmağa çalışan Almaniya hökuməti Polşanın bu addımlarından heç də məmnun qalmadı. Onlar öz ərazilərində onminlərlə vətəndaşlığı olmayan yəhudilərin qalmasını əlbəttə ki, istəmirdilər. Həmin dövrdə gestaponun rəisi olan Reynhard Heydrix oktyabrın 26-da Polşa vətəndaşı olan yəhudilərin zorla deportasiyası barədə göstəriş verdi.

Amma Polşanın qoyduğu son müddətə çox az vaxt qaldığından bu kontingentin hamısını toplayıb deportasiya etmək mümkün deyildi. Əsasən Berlin, Breslau, Frankfurt-Mayn,  Leypsiqdə 17 min Polşa yəhudisi ələ keçdi. Onlara adambaşına bir çamadan və 10 marka pul götürməyə icazə verilərək Polşa sərhədinə doğru gedən vaqonlara mindirdilər.

Qovulan polyakların ilk karvanı oktyabrın 29-da sərhədə yetişdi.  Onlar Zbonşin, Xoynits, Sulexov və Bıtom şəhərləri yaxınlığındakı məntəqələrdən keçməli idilər. Gözləmədikləri vəziyyətlə qarşılaşan Polşa sərhədçiləri bəzi yerlərdə yəhudiləri ölkəyə buraxdılar, bəzi yerlərdə yox. Bəzi yerlərdə əvvəlcə buraxdılar, noyabrın 1-dən isə pasportlarının qüvvədən düşməsini səbəb göstərərək buraxmadılar.

Qovulanların hansı hissəsinin sərhədi keçdiyi, hansı hissəsinin isə neytral zonada qaldıqları barədə  müxtəlif rəqəmlər göstərilir. Aydın olan odur ki, hər iki qrupda minllərlə adam vardı. Polşa hökuməti almanlara ultimatum verərək bildirdi ki, əgər öz siyasətlərini davam etdirsələr, onlar da Polşada yaşayan və sayları heç də az olmayan Almaniya vətəndaşlarını qovacaqlar. Bundan sonra nasistlər neytral zolaqda qalanları geriyə apararaq həbs düşərgələrinə saldılar.

Polşaya keçə bilənlərin də aqibəti ürəkaçan deyildi. Onların əksəriyyətinin nə gecələməyə yerləri, nə yeməyə azuqələri vardı. Hökumət onlardan yalnız Polşada qohumları olanları ölkənin içərilərinə doğru getməyə icazə verdi. Qalanları isə elə sərhəd yaxınlığında, Zbonşin şəhərində saxlandılar. Çox acınacaqlı vəziyyətə düşən bu adamlara xarici və yerli yəhudi təşkilatları, Qırmızı xaç cəmiyyəti, yerli sakinlər kömək edirdilər.

Bu hadisələrdən zərər görənlərdən biri də Grişpan ailəsi idi. Əvvəllər Hannoverdə yaşayan bu ailə indi Polşada çox çətin vəziyyətdə idi. Ailənin qızı Ester Parisdə əmisinin yanında yaşayan 17 yaşlı qardaşı Herşelə məktub yazaraq düşdükləri durumu təsvir etdi. Məktubun sonunda o, qardaşından və əmisindən maddi yardım istəyir, ancaq sonra həmin yeri qaralayır. Əgər Berta bu məktubun hansı faciələrə təkan olacağını bilsəydi, heç vaxt yazmazdı.

***

1936-cı ildə Fransaya gələn Herşel Grişpan iki il ərzində yaşayış icazəsi ala bilməmişdi. 1938-ci ilin avqustunda isə ona ölkəni tərk etmək üçün ayın 15-ə kimi vaxt verildi. Bundan sonra Fransada qeyri-leqal vəziyyətdə yaşayırdı. O, noyabrın 3-də bacısının məktubunu alır, ertəsi gün isə Parisdə idiş dilində çıxan Haynt (Journee Parisienne) qəzetində hadisələr haqqında ətraflı məlumatlar oxuyur.

Bir neçə gün oxuduqlarının təsiri altında dolaşan Herşel noyabrın 7-də silah mağazasından tapança alaraq Almaniya səfirliyinə yollanır və burada rəsmilərdən biri ilə görüşmək istəyir. Onu səfirliyin katibi Ernst fom Rat qəbul edir. Cibindən tapançasını çıxaran Herşel fom Rata “Murdar boş” (boş – Fransada almanlara verilən təhqiramiz ləqəbdir) deyərək, beş güllə vurur.

Bundan sonra qaçmağa cəhd etməyən Herşel Grişpanı fransız polisi həbs edir. Onun cibindən tapılan və ailəsinə ünvanladığı yazıda “Əziz valideynlərim, mən başqa cür edə bilməzdim, qoy Tanrı məni bağışlasın. Sizin aqibətiniz haqqında biləndə ürəyimdən qara qanlar axdı və mən elə etiraz etməliyəm ki, bu barədə bütün dünya eşitsin” yazılırdı.

Ağır yaralanan fom Rat isə edilən bütün müdaxilələrə baxmayaraq, iki gün sonra, noyabrın 9-da vəfat etdi. Bu hadisədə ən acı istehzalı cəhət o idi ki, Grişpanın öldürdüyü diplomat nasist ideyalarını bölüşmürdü və ölkəsinin rəhbərlyini məhz antisemit siyasətinə görə açıq tənqid etməkdən çəkinmirdi. Buna görə də, etibarsız element kimi gestaponun xüsusi nəzarətində idi.

***

Nasistlər hakimiyyətə gələndən 1938-cü ilin noyabrına kimi 250 mindən çox yəhudi Almaniyanı və Almaniyaya birləşdirilən Avstriyanı tərk etmişdi.  Mühacirət şərtlərinin getdikcə ağırlaşması, yəni yəhudilərin özləri ilə demək olar ki, əmlak aparmalarına icazə verilməməsi üzündən heç bir ölkə onlara sığınacaq vermək həvəsində deyildi.

ABŞ prezidenti F. D. Ruzveltin təşəbbüsü ilə 1938-ci ilin iyulunda Fransanın Evian-le-Ben şəhərində 32 dövlətin iştirakı ilə yəhudi qaçqınların taleyini müzakirə etmək üçün beynəlxalq konfrans keçirildi.  ABŞ, Böyük Britaniya, Fransa, Belçika, Niderland, Avstraliya, Yeni Zellandiya və Latın Amerikası ölkələrinin iştirak etdiyi Evian konfransında əhəmiyyətli nəticələr əldə olunmadı. Dövlətlər hər il yalnız məhdud sayda yəhudiləri öz ölkələrinə buraxmağa razılıq verirdilər.

Almaniyanın nasist rəhbərliyi isə hakimiyyətə gəlmələrinin 6-cı ildönümünə az qalarkən ölkəni yəhudilərdən hələ də “təmizləyə” bilməmələrindən məmnun deyildilər. Onlar, fikirlərincə çox ləng gedən prosesi sürətləndirmək üçün bir şeylər etmək niyyətində idilər.

Zənnimcə, 1938-ci ilin sentyabrında İngiltərə və Fransanın Münhen konfransında göstərdikləri qorxaqlıq da nasistləri yəhudi məsələsində daha sərt addımlara həvəsləndirdi . Çox güman ki, onlar özləri bunun üçün hər hansı bir təxribat planlaşdırırdılar. Grişpanın Parisdə törətdiyi qətl isə göydəndüşmə fürsət oldu.

***

Fom Ratın öldüyü gün nasizm tarixində əlamətdar gün hesab olunurdu: 1923-cü il noyabrın 9-da Adolf Hitler o qədər də çoxsaylı olmayan tərəfdarları ilə dövlət çevrilişinə cəhd göstərdi. Ancaq “Pivə qiyamı” adını alan bu cəhd uğursuz oldu və Münhenin mərkəzində polisin açdığı atəş nəticəsində 16 nasist öldü. Hakimiyyətə gələndən sonra hər il noyabrın 9-da Münhendə Hitlerin iştirakı ilə təntənəli mərasim keçirilirdi.

Qeyd edim ki, alman diplomata qarşı qəsddən keçən iki gün ərzində nasist təbliğatı, qəzet və radio yəhudilər əleyhinə kəskin təbliğat aparırdı. İlk vandalizm aktı isə noyabrın 8-də törədildi: Bad Hersfeld şəhərində yəhudi sinaqoqu yandırıldı. Fom Ratın ölüm xəbəri isə belə halları genişləndirməyə imkan verdi.

Hitler belə hallarda kölgədə qalmağa üstünlük verirdi. Əvəzində təbliğat naziri Göbbels elə tədbir zamanı söylədi: “Nasional-sosialist partiyası yəhudilər əleyhinə aksiyaların təşkili ilə özünü alçaltmayacaq. Amma xalqın qəzəbi reyxin düşmənlərinə qarşı yönələrsə, nə polis, nə də ordu qarışmayacaq”. Tədbridə iştirak edənlər nasistlər eyhamı anladılar və Münhendən ölkənin hər tərəfinə müvafiq təlimatlar getdi.

Həmin gün axşamdan başlayaraq Almaniyanın müxtəlif şəhərlərində yəhudi talanları başladı. Mülki forma geyən SA hücumçuları və Hitleryugend üzvləri yəhudilər yaşayan evlərə, mağazalara və müəssisələrə, sinaqoqlara hücum etməyə başladılar. Çoxlu sayda vitrinlərin sındırılması üzündən hadisələr “Büllur gecə” və ya “Sındırılan şüşələr gecəsi” adını aldı.

Yəhudilərin ən çox məskunlaşdıqları şəhərlərdən biri Köln idi. Buradakı İsveçrə konsulunun yazdığına görə, almanlar dəstə-dəstə yəhudi evlərinə girir, ailə üzvlərinə evin bir küncündə durmağı əmr edir və evdə olan əşyaları – mebel, qab-qacaq, tikiş maşını, piano pəncərədən çölə atırdılar. Talançılar başqa şəhərlərdə də eyni ssenari ilə hərəkət edirdilər.

Sinaqoqlara od vuruldu. Polislər kimi yanğınsöndürənlərə də müdaxilə etmək qadağan idi. Onlar yalnız alovun qonşu binalara keçməsinin qarşısını almalı idilər. Ümumən Almaniyada (Avstriya və Sudet də daxil) 267 sinaqoq tamamilə dağıdıldı, 1688 sinaqoq və digər ibadət yerləri, 7 mindən artıq biznes obyekti zərər gördü. Vandalizm halları yəhudi qəbirstanlıqlarından da yan keçmədi.

Bir çox sənədə görə, nasist rəhbərliyi yəhudilərə fiziki xəsarət yetirməməyi tapşırmışdılar. Bununla belə, hadisələri və talançıları tam nəzarət altında saxlamaq mümkün olmadı. Çoxlu zorlama və qətl hadisələri törədildi. Rəsmən etiraf olunan rəqəmlərdə  91 yəhudinin öldürüldüyü söylənilirdi. Amma bu rəqəmin gerçəklikdə daha böyük olduğu təxmin edilir. Yüzlərlə adam xəsarət aldı və təhqirlərə məruz qaldı.

Büllur gecə zamanı 30 min əsasən gənc yəhudi həbs edilərək Buhenvald, Dahau və Zaksenhauzen həbs düşərgələrinə göndərildilər. Burada döyülmələr nəticəsində onlardan 2 mininin öldüyü söylənilir. Qalanlarını əmlaklarını dövlətə bağışlayaraq Almaniyanı dərhal tərk etmək öhdəliyi ilə isə bir neçə ay sonra  azad etdilər. Talanlar zamanı və həbs düşərgələrində ölənlərdən savayı, onlarla insanın intihar etdiyi də məlumdur.

Noyabrın 11-də  Hitlerin əmri ilə talanlar durduruldu. Bundan sonra yəhudilərə qarşı repressiyalar qanun müstəvisində davam etdirildi. Əmlakı dağıdılan, talan olunan yəhudilər özləri günahkar elan edildilər və onların üzərinə 1 milyard reyxsmarka məbləğində cərimə qoyuldu. Bildirildi ki dəymiş zərərə görə sığorta ödənişi tələb etmək hüquqları yoxdur. Yandırılan sinaqoqların dağıntılarını da yəhudi icması təmizləməli idi.

Sonrakı günlərdə yəhudilərin üzərinə qoyulan məhdudiyyətlər artırıldı. Onlara iqtisadi fəaliyyətlə məşğul olmaq qadağan edildi. Onlar müəssisələrini, torpaqlarını, qiymətli kağızlarını, incəsənət nümunələrini almanlara satmalı idilər. Kurortlara, muzeylərə, teatr və kinoteatrlara, stadionlara, sərgilərə, kitabxanalara, ictimai hamamlara getmək qadağan edildi. Küçələrdə, parklarda “yalnız yəhudilər üçün” yazılan skamyalarda otura bilərdilər. Avtomobilə və sürücülük vəsiqəsinə malik ola bilməzdilər. Bütün bunlar daha əvvəlki məhdudiyyətlərə əlavə olunurdu.

***

“Holokostun müqəddiməsi” sayılan Büllur gecə talanları sülh dövründə baş verdiyindən Almaniyada xeyli xarici jurnalistlər fəaliyyət göstərirdilər. Buna görə də bu hadisələr Avropa və Amerika mətbuatında geniş rezonans doğurdu. Təkcə ABŞ mətbuatında mindən artıq məqalə yazıldı. Buna baxmayaraq, dünya dövlətləri nasist Almaniyasına qarşı əməli tədbirlər görmədilər.

Nasistlər talanları təşkil edərkən qarşılarına qoyduqları məqsədə xeyi dərəcədə nail oldular. Büllur gecədən İkinci dünya müharibəsinin başlanmasına qədərki 10 ay ərzində Üçüncü reyxi 115 mindən çox yəhudi tərk etdi. Bu da daha əvvəl baş verən köçlə müqayisədə xeyli çox idi.

Ancaq onların bir çoxu qonşu ölkələrə köçdülər və İkinci dünya müharibəsi zamanı yenidən almanların əsarətinə düşdülər. Üçncü reyxdə qalan yəhudilər kimi onların da əksəriyyəti ölüm düşərgələrinə göndərilərək qətl edildilər.

Herşel Grişpan iki ilə qədər Fransa həbsxanasında qalandan sonra ölkəni işğal edən almanların əlinə keçdi. O, əvvəlcə Zaksenhauzen həbs düşərgəsinə, 1942-ci il sentyabrın 26-da isə Maqdeburq həbsxanasına göndərildi. Bundan sonrakı tarixlərə aid heç bir sənəddə Grişpanın adına rast gəlinmir və onun taleyi naməlum qaldı.

Herşelin sağ olması barədə şayiələr dolaşırdı. Amma bu şayiələr heç bir fakta söykənmirdi. Valideynlərinin müraciəti əsasında 1960-cı ildə Qərbi Almaniya məhkəməsi onu rəsmən ölmüş hesab etdi. Bundan sonra çoxluq təşkil edən rəyə əsasən, Grişpan müharibə illərində ölüb.

Ancaq 2016-cı ildə tapılan bir şəkil Grişpan müəmmasını yenidən aktuallaşdırdı. 1946-cı ildə çəkilən bu şəkildə təsvir olunan adam Grişpana xeyli bənzəyirdi. Simanın tanınması üzrə aparılan sınaq həmin adamın Grişpan olma ehtimalının 95% olduğunu göstərdi. Lakin bundan əlavə bir məlumat əldə etmək hələ ki, mümkün olmayıb.

***

İkinci dünya müharibəsindən sonra 9 noyabr Faşizm, rasizm və antisemitizmlə beynəlxalq mübarizə günü kimi qeyd olunur. Almaniyanın parçalanmasının simvolu olan Berlin divarı 1989-cu il noyabrın 9-da sərbəst keçidə açıldı və bəzi yerləri dağıdıldı. Ancaq Büllur gecə hadisələrinə görə həmin günü bayram kimi qeyd etmək etik sayılmadı. Şərqi Almaniyanın rəsmən Qərbi Almaniyaya birləşdiyi 3 oktyabr (1990-cı il) günü Alman birliyi günü kimi qəbul olundu.

Ana səhifəMənim FikrimcəHolokostun müqəddiməsi: Büllur gecə