Tənqidi materiallar diqqəti cəlb edib
Son iki həftədə rəsmi mətbuat tənqidi materialları ilə diqqəti cəlb edib. Konkret olaraq Milli Məclisin mətbuat orqanı "
Azərbaycan
" qəzetinin 6 iyul tarixli sayında "Od tutub yanan təkcə havalar deyil: İstilər canımıza, qiymətlər cibimizə qənim kəsilib" adlı məqaləsi, Az.TV-də BNA-nin hədəfə alınması, İctimai Televiziyada tıxac, su, kanalizasiya problemləri, sığorta şirkətlərinin sürücülərə dəyən ziyanları ödəməməsi haqda reportajlar sosial şəbəkələrdə maraq doğurub və bir sıra ehtimallar səslənib. Eləcə də, İTV-nin ekranlarında “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlının və “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin görünməsi müzakirə predmetinə çevrilib. Bəziləri reytinqləri aşağı olan dövlət mediasının tənqidi materiallara yer verməsini anlaşılan saysa da, digər kəsim telekanalların rəhbərlərinin dəyişməsini müsbət addım kimi vurğulayır. Amma ümumi yanaşma belədir ki, hakimiyyətin razılığı olmadığı halda tənqidi materialların efirə çıxarılmasını mümkünsüz sayır. Bəs o zaman indiyədək tənqidi səsləri susdurmağa çalışan hakimiyyət hansı zərurətdən buna imkan yaradır?
Qulu Məhərrəmli: “Əgər köhnə düşüncə qalacaqsa, hər şey müvəqqəti olacaq”
Telejurnalist Qulu Məhərrəmli tənqidi materialların zaman-zaman rəsmi mətbuatda dərc olunduğunu söyləyərək, “Azərbaycan” qəzetində televiziyalar və sosial problemlər haqqında yazılan məqalələri xatırlatdı:
“Amma son bir neçə ayda tənqidi materiallar tendensiya xarakteri almağa başlayır”.
Bununla belə, Qulu Məhərrəmli 3 mətbuat orqanını müqayisə etməyi doğru saymır:
“Məncə, İctimai Televiziya daha çox tənqidi materiallara yer verir. Media siyasətini quranlar yanlış düşünürdülər ki, problemləri gizlətməklə nəyəsə nail olmaq olar, yaxud təbliğat materialları iqtidara ziyan vurar. Amma zaman və media təcrübəsi göstərir ki, tənqiddən kənarda qalan məsələlərin cəmiyyətə, dövlətə, hətta hakimiyyətin özünə daha çox ziyanı olur. Mən tənqidi materiallara hansısa formalaşmış siyasət kimi baxmıram. Ola bilər, Az.TV, İTV müəyyən keçid dövrünü yaşayırlar. İTV-də əvvəlllər də tənqidi materiallar olub, amma Arif Alışanov hər iki kanalı idarə etdiyindən media siyasətini bilmədiyi üçün hesab edirdi ki, tənqidi materiallar verməməklə dövlətə daha çox xidmət edir. İTV-də indiki atmosfer müəyyən tendensiyaya çevrilə bilər, çünki orda fərqli yanaşma görünür. Ancaq təəssüf ki, hələ media siyasətini yanlış müəyyən edənlərin təsirləri rəsmi çap və elektron mediada qalır. Nə qədər ki, bu təsir və yönəltmə qalır, prosesin davamlı olacağına ümid azdır. Bütövlükdə isə mövcud vəziyyəti təqdir etmək və tənqidi materiallara geniş yer vermək lazımdır”.
Qulu Məhərrəm deyir ki, bundan sonra vəziyyətin necə olacağı barədə proqnoz vermək çətindir:
“Amma güman etmək olar ki, hər üç mətbuat orqanında tənqidi materialların yayılmasını istəyən adamlar var. Bir daha deyirəm, əgər köhnə düşüncə qalacaqsa, hər şey müvəqqəti olacaq. Yox, yeni yanaşmanın gücü artacaqsa, televiziyaların potensialı var”.
Azər Qasımlı: “İqtidar telekanalların rəqabətdə uduzduğunu anlayır”
ReAL Partiyasının Məclis başqanı Azər Qasımlı hakimiyyətin media siyasətində heç bir yumşalma olmadığını düşünür:
“Sadəcə, iqtidar sosial şəbəkələrin simasında alternativ medianın gücləndiyini görür. Sosial şəbəkələr mənəvi gücə çevrilib və insanlar da məlumatı ordan alır. İqtidar da əsas ruporu olan dövlət televiziyası başda olmaqla bütün nəzarətində olan telekanalların bu rəqabətə dözmədiyini və uduzduğunu anlayır. Ona görə media siyasətini bir az dəyişmək məcburiyyətində qalırlar. Yəni müxalifətçi və lider olmayan şəxsləri kanallara çıxarırlar, əsasən də siyasi olmayan fərqli mövzularda. Məsələn, seçki, siyasi azadlıqların boğulması, monopoliya kimi mövzuların işıqlandırılması mümkün deyil və canlı yayım da yoxdur. Məqsədləri odur ki, insanlar sosial şəbəkələrdən üz döndərib yerli kanallara baxsınlar, başqa heç nə”.
Xalid Ağaliyev: “Tənqidi məqalənin, proqramın mövzuya çevrilməsi biabırçılıqdır”
Media hüququ üzrə mütəxəssis Xalid Ağaliyev isə deyir ki, Azərbaycanda media – həm çap, həm teleradio uzun illərdir ki, hökumətin nəzarətindədir:
“Onlarla qəzet, telekanal və radio var ki, onların ictimai rəyə təsiri minimaldır, insanlar tək-tük müstəqil onlayn medialara daha çox güvənirlər. Hökumətin qəzetləri var, oxuyucusu yox, tirajı aşağı. Telekanalları var, izləyicisi, radioları var, dinləyicisi yoxdur. Belə bir durumda hansısa məzmun dəyişikliyinə gedilməsi anlaşılandır. İllərlə siyasət yürüt, medianı nəzarətdə saxla, onlar isə ictimai rəyə təsir edə bilməsinlər – güman ki, bu, hökuməti redaksiya siyəsətinə redaktələr etməyə məcbur edir”.
X.Ağaliyev deyir ki, mediada bir neçə tənqidi məzmunlu məqalənin, proqramın yayılmasının hadisəyə, mövzuya çevrilməsi biabırçılıqdır:
“Tənqid, fərqli düşüncələr medianın özüdür, media bunlarla mediadır. Tənqidi məzmun hadisə kimi qarşılanırsa, deməli, media siyasəti kökündən yanlış olub, ictimai rəyə təsir gücü olan media arzulanırsa, bu siyasəti dəyişmək mütləqdir”. Ekspert hesab edir ki, ara-sıra edilən tənqid, fərqli rəylər heç bir halda Azərbaycan mediasında çoxsəsliliyin, plüralizmin bərqərar olması kimi qarşılanmamalıdır.
“Media bütün fərqli rəylərə, səslərə, fərqli siyasi düşüncələrə açıq olmalıdır. Azərbaycan mediasının üfüqlərində belə açıqlığın izləri görünmür. Bunun üçün mediaya azadlıq verilməli, azad media üçün əlverişli şərait yaradılmalı, hökumətin medianı kontrolda tutmasına birdəfəlik son verilməlidir”- deyə, ekspert fikrini tamamlayıb.