“Vətəndaş cəmiyyətinin problemlərinə yalnız kosmetik əl gəzdirilib”- bu fikir ictimai birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” Koalisiyasının mətbuat konfransında səsləndirilib. Koalisiyanın beynəlxalq idarə heyəti Azərbaycan hökumətindən QHT-lərin işini məhdudlaşdıran bəndlərin aradan qaldırılmasını istəyib.
“Məqamlardan biri odur ki, vətəndaş cəmiyyətinin iki ildən bir qeydiyyatını təsdiq edən çıxarışı aradan qaldırılmalıdır. Bilirsiniz ki, qanunvericiliyə olan son dəyişiklikdən sonra qeydiyyatda olan təşkilatlar belə iki ildən bir qeydiyyatı haqqında Dövlət Reyestrindən və Ədliyyə Nazirliyindən çıxarış əldə etməlidir. İkinci məqam ondan ibarətdir ki, vətəndaş cəmiyyətinin qrantlarının Ədliyyə Nazirliyində qeydiyyatının aradan qaldırılması istiqamətində məsələlər Koalisiyanın qərarlarında aydın göstərilir. Üçüncü məqam da xarici donorların fərdi qrantlarının qeydiyyata alınması və “məqsədəmüvafiqdir” rəyinin aradan qaldırılmasıyer alıb”- Koalisiya Şurasının üzvü Akif Qurbanov deyib.
Koalisiyanın üzvü Oqtay Gülalıyev bildirib ki, 17 ildir sədrlik etdiyi QHT-ni yox, ona aid olmayan “İnkişafa Yardım İctimai Birliyi”-ni onun adından qeydiyyata alıblar. Haqqında açılan cinayət işinə xitam verilib, ölkədən çıxışına olan qadağanın götürüldüyü açıqlansa da, ona pasport verilməsindən imtina edilib.
“Mən dəfələrlə aidiyyəti qurumlara müraciət eləmişəm. Nə ölkədən çıxışıma qoyulan qadağa aradan götürülüb, nə də mənə pasport verilib. Rəsmi şəkildə mənə pasport verilməsindən imtina edildi. Bunun özü də göstərir ki, bu qərarın ləğv edilməsi də formal xarakter daşıyır”- Oqtay Gülalıyev bildirib.
Koalisiyanın koordinatoru Qubad İbadoğlu hökumət islahatlara getməzsə, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə fəaliyyətinin dayandırılacağını bildirib. O, bu qərardan hökumətin ziyan çəkəcəyinə diqqət çəkib.
“Fəaliyyətin dayandırılması Azərbaycanın prosesdən kənarda qalması deməkdir. Bu, müvəqqəti olsa da… Bütövlükdə Azərbaycanın və Azərbaycanda fəaliyyətdə iştirak edən mədən sənayesi şirkətlərinin investisiya və kredit reytinqində aşağı salınmasına gətirib çıxara bilər. Xüsusi ilə də, SOCAR kimi dövlət şirkətləri bundan daha çox ziyan çəkə bilər”.
Konfranda bildirilib ki, qeydiyyata alınmayan 36 QHT- dən yalnız 10-a yaxını qeydiyyata alınıb. Koalisiyanın iki üzvü, Asif Yusifli və Fuad Qəhrəmanlı hələ də həbsdədir. Konfrans təşkilatçıları bildirib ki, təşkilatın açıqladığı qərarda açıq-aşkar vurğunır ki, İdarə Heyətinin mart toplantısına qədər islahatlar aparılmasa, Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə olan statusunun dayandırılması gözlənilir.