”Hökumətin pambığının yolunda az qala qırılmışdıq”

Pambıqçılar zəhərin üzərində dayandıqlarından xəbərsiz olublar

Source:

Alaq otlarını əlləri ilə tarlalardan təmizləyən pambıqçılardan biri də Elnarə Həsənova olub. O, Saatlının Sımada kəndindəki pambıq tarlasında 12-14 saat işləməklə günə 10 manat alan işçilərdən biridir.

İyunun 10-da tarlanın sahibi E.Həsənovanın işlədiyi briqadanı iş gününün sonuna az qalmış yaxınlıqda yerləşən digər bir tarlaya göndərib. Lakin briqadaya tarlanın dərmanlandığı haqda heç bir xəbərdarlıq edilməyib.

“Başım gicəlləndi, gözüm qaraldı, ürəyim bulanmağa başladı. Gözümü açanda xəstəxanada idim. Vəziyyətim o qədər ağırdı ki, bölgə xəstəxanasında kömək edə bilmədilər, göndərdilər Bakıya. Yenicə evə buraxılmışam”, – Sabirabadın Nəsimikənd sakini Elnarə Həsənova deyir.

“Kiminin ürəyi getmişdi, kimisi qaytarırdı, bəzilərinin ağzından köpük gəlirdi. Maşından düşüb, onlara kömək etməyə başladım” – deyə Nəsimikənd sakini Həqiqət Məmmədova bildirir. Onun sözlərinə görə, həmin gün səhər işə gedəndə işçiləri iki qrupa bölüblər. O, dərmanlı sahəyə düşməyib. Ancaq işçıxışı evə dönəndə insanların vəziyyətinin pisləşdiyini görüb:

“Təcili Tibbi Yardım maşını gəldi. Zəhərlənənləri Saatlı Xəstəxanasına gətirdik. Bir 15 dəqiqə sonra qarnım sancılandı. Sonra ürəkbulanma, başgicəllənmə başladı. Ürəyim gedib, yıxılmışam. Gözümü açanda sistem qoşmuşdular. Mən dərmanlı pambıq ilə təmasda olmamışam. Görünür, zəhərlənənlərin paltarlarından keçib”, – deyən H.Məmmədova bildirir ki, zəhərlənmədən sonra sol qolu işləmir.

İyunun 10-da Saatlının Sımada kəndində 25, iyunun 19-da isə İmişlidə 80 pambıqçı zəhərlənib. Zəhərlənmə insidentlərində dünyasını dəyişən olmayıb.

Bəzi pambıqçıların durumu ağır olduğundan onlar Bakıya göndərilib, 3 gün ərzində xəstəxanada qalmalı olublar. Digərləri isə Saatlı Rayon Xəstəxanasında müalicə alıblar.

“Rifle 48 EC” dərmanının fotoları Saatlının pambıq tarlalarında çəkilib. Bu dərmanın tərkibindəki əsas inqridient Trifluralindir. Məhz bu inqredient yabanı otları məhv edir.

Trifluralinin istehsalı və istifadəsi 2008-ci ildən etibarən Avropa Birliyində qadağan edilib. Bu kimyəvi maddə hələ də Türkiyədə, Kanada və ABŞ-da istifadə edilsə də, qaydalara əsasən dərman, yalnız başdan-ayağa xüsusi geyimdə olan işçilər tərəfindən istifadə edilə bilər.

Həsənova və digər pambıqçılar isə yalnız uzunqol köynəklər, parça əlcək və üzlərinə bağladıqları yaylıqlarla özlərini dərmandan müdafiə ediblər. Pambıqçının sözlərinə görə, tarlada potensial təhlükənin olduğu haqda onlara heç kim xəbərdarlıq etməyib.


Pambığa qayıdış

Prezident İlham Əliyev üçün məqsəd çox aydın idi.

1981-ci ildə Sovet İttifaqı dönəmində atası Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan milyonlarla ton pambıq istehsal etmişdi. Bu il martın 26-da Bərdədə pambıqçılığın inkişafına dair 3-cü müşavirədə çıxış edən İ.Əliyev atasının miras qoyduğu pambığ sənayesinin yenidən bərpa edilməsi haqqında fəxrlə çıxış edirdi. Prezident çıxışında dövlət proqramı sayəsində pambıq hasilatının 35 000 tondan (2015) 207 000 (2017) tonadək artdığını da vurğulamışdı.

Əliyev həmçinin çıxışında yabanı otlar və böcəklərə qarşı istifadə edilən dərmanlarda problemlərin olduğunu da dilə gətirmişdi:

“Keçən il pestisidlərin keyfiyyəti bəzi hallarda lazımi səviyyədə deyildi və məhsuldarlığa bunun çox mənfi təsiri olmuşdu. Ona görə bu il bu sahəyə çox ciddi nəzarət olunmalıdır və ancaq yüksək keyfiyyətli pestisidlər gətirilməlidir. Nəzərə alsaq ki, artıq Azərbaycan özü bu sahədə yerli istehsala start verib, əminəm ki, bu sahədə bundan sonra problem olmayacaq”.

“iFact.ge” müxbiri tərəfindən İmişlidə çəkilən fotolar onu göstərir ki, tarladakı böcəklərə qarşı “Megasun 20 SP” dərmanından istifadə edilib. Dərmanın selofan paketi üzərində aydın şəkildə “Gilan Holding”, “Made in Azerbaijan” (“Azərbaycanda istehsal edilib”) qeyd edilib. Bununla yanaşı, “dəri və göz təmasından çəkinin. Dərmanın zərrəcikləri və buxarı ilə tənəffüs etməyin. Dərmanlama zamanı qoruyucu geyim, əlcək və maskadan istifadə edin. Dərmanlanmış sahəyə 1 gün müddətində insan və ya heyvanın daxil olması onun sağlamlığı üçün təhlükəlidir” də qeyd edilib.

“Gilan Holdinq”in böyük pay hissəsi Dubay qeydiyyatında olan “Sahra FZCO” şirkətinindir. OCCRP-nin yeni araşdırmalarının birində qeyd edilir ki, “Sahra FZCO”-nun real sahibləri prezident Əliyevin qızları Arzu və Leyladır.

Azərbaycanın pambıq sənayesində dominantlıq “Gilan Holdinq”ə məxsusdur. Böyük tarlalardan əlavə, holdinqin iri əkin sahələri, 20-dək pambığın ilkin emalı zavodu, eləcə də Bakı, Gəncə və Sumqayıtda tekstil fabrikləri var.


Dərman yabanı otlara təsir etməyib

Həsənovanın işlədiyi Simada kəndi Sovet İttifaqı dönəmində 1150 ha sahəsi olan kolxoz olub. 1996-cı ildə H.Əliyev tərəfindən imzalanan fərmandan sonra bütün  kolxozlar ləğv edilib.

Saatlıda Sımada kəndində yaşayan hər bir ailə üzvünə 90 sot torpaq verilib. Lətif Xəlidov da torpaq sahibinə çevrilən yerli sakinlərdən biridir:

“Başım işləmir, bilmirəm nə deyəm. Təkcə onu bilirəm ki, dərmanı biz almamışdıq. Bizim MKT İstehsalat Kommersiya MMC ilə müqaviləmiz var. Budəfəki dərmanı da MKT-nin Saatlı filialından gətirmişdilər”, – deyən fermer əlavə edir ki, il ərzində dərmanı, şumlamanı, gübrəni və s. MKT tədarük edir. Pambığı təhvil veriləndə isə şirkət bu xidmətlərin haqqını tutur.

“İrəli düşən də olur. Amma pambıq elə yüksək gəlirli sahə deyil. Dövlətin pambıq siyasətinə görə məcburiyyətdən əkirik”, – deyə adının açıqlanmasını istəməyən sahibkar bildirir:

“Həm də pambığın bazarı var, MKT hamısını alır. Digər əkinlərin bazarını elə öldürüblər ki, satılmasının qarantı yoxdur. Həm də həmişə eyni əkin əkmək mümkün deyil. 2 il taxıl əkdinsə, sonra hökmən başqa əkinə keçməlisən”.

“iFact.ge”-nin müxbiri MKT-nin Saatlı filialına baş çəkdiyində qapıların möhürlü olduğunu görüb, içəri isə heç kim buraxılmayıb. Açıqlama vermək üçün gələn zavod nümayəndəsi sahələrə verilən dərmanların adlarını bilmədiyini söyləyib.

“Çeşid çoxdur. Dərmanların çoxu xaricdən gəlir, əsasən, Türkiyədən. Bilmirəm, konkret həmin sahəyə hansı dərmandan vurulub”, – deyən filialın nümayəndəsi prokurorluğun araşdırma apardığını da qeyd edib: “Bizim rəhbərliyi, Çingiz Gözəlovu həbs ediblər. Buranı yuxarıdakı şirkətlər idarə edir, bizlik deyil. Hər şeydən nümunə götürüb ekspertizaya göndəriblər”.

L.Xəlidov bildirir ki, sahələri dərmanlamaq üçün zavodun onlara verdiyi dərman sarı, 5 litrlik dəmir qutularda olub: “Gördük ki, dərmanın alağa təsiri olmadı, əl əməyindən istifadə etmək qərarına gəldik. Fəhlə tutduq ki, alaq otlarını təmizləsinlər. Onun axırı da belə oldu. Başımızı itirmişik”.

Xəlidov əlavə edir ki, dərmanın istifadəsindən sonra işçiləri nə vaxt tarlaya gətirməli olduqları haqda heç bir məlumatı olmayıb.

Onun sözlərinə görə, yabanı otları məhv edən dərman işçilərin sahəyə gətirilməsindən 24 saat öncə, sahəyə xüsusi geyimdə və xüsusi traktor vasitəsilə səpilib. Daha sonra yağış yağıb, bir gün sonra isə işçilər tarlaya gətizdirilib.

“Biz sadə insanlarıq, bilmirik nə dərmanıdır, yaxşıdır, yoxsa pisdir. Buna zavod, bilən insanlar nəzarət etməlidir”, – Xəlidov bildirir.

Dərmanı sahəyə səpən və adının açıqlanmasını istəməyən fermer deyir ki, istifadə edilən dərmanlar bir neçə növdə olub: “Məndə sarı qutuda olan dərmanın fotoşəkilləri də var. Həmin fotolarda dərmanın adı da var. Zavoddan soruşa bilərsiz. Görünür, çoxlu dərman alıb tədarük görüblər. Artıq qalanlarını bu gün də istifadə edirlər. Onu da deyim ki, dərmanlama zamanı bizə heç nə olmadı. Görünür, qaldıqca, günəş isitdikcə, təsirini göstərib, hardasa bir gün sonra. Həm də biz əllə təmas etmədik, bəlkə də işçilərin heç əlcəyi də olmayıb”.

“Düzdür, bizim dərmanlama işində çarəmiz birdir. Ancaq “Gilan Holdinq”ə bağlı şirkətlər istehsal edə, sata və ölkəyə gətirə bilər. MKT də bunlardan biridir. Çeşid çox olsa, qiymət ucuz, keyfiyyət yüksək olar. Bizim sahə də MKT-yə aiddir. Onunla müqaviləmiz var”.

MKT-nin qeydiyyatda olduğu ünvan “Gilan Holdinq”in qeydiyyat ünvanı ilə eynidir. Şirkətin rəhbəri Eldəniz Quliyev isə “Gilan Holdinq”ə aid bir neçə şirkətdə vəzifə sahibidir.


Qatıq için, keçəcək

İyunun 19-da İmişlidə 80 pambıqçı zəhərlənib. Əvvəllər bu sahə dağlıq ərazilər üçün otlaq kimi istifadə edilib və əkinçiliyə yararsız hala düşüb. Sahəsi 3813 ha olan MKT tərəfindən icarəyə götürülərək, şoran torpağı yenidən istifadəyə yararlı edərək pambıq istehsalına başlayıb.

“Sahə böyük, iş çox idi. Tezdən başlamışdıq. Saat 11-də çay içməyə oturmaq istəyirdik. Birdən camaatın halı xarab olmağa başladı. Başgicəllənmə, ürəkbulanma, dizlərimiz əsirdi. İnsanlar qarışqa kimi şumun üstünə səpələndilər”, – Mətanət Hümbətova deyir.

Digər bir işçi Mehparə Əsədova isə deyir ki, xəstəxanalar ağzına kimi dolu idi. Ona görə də həkimlər onlara baxmayıb. “Sizin vəziyyətiniz qismən yaxşıdır, gedin evdə qatıq, ayran için, keçəcək” – deyib, yola salıblar.

İşçilər sahələrin dərmanlı olmasından xəbərsiz olduqlarını deyirlər. Odur ki, çoxu yalın əllə işləyirmiş:

“Maska, xüsusi geyimlərimiz isə yerli-dibli olmayıb. Elə ona görə də zəhər təsirini çox tez göstərmişdi. Hamı qışqırırdı, özünü torpağa sürtənlər, yaxasını cıranlar var idi. Hökumətin pambığının yolunda az qala qırılmışdıq”, – Mehparə Əsədova belə deyir.

İşçilər bildirirlər ki, onlar sahəyə gəldikləri gün ətrafda həmin dərmanın qutuları qalıbmış. Ağ, plastik qutuda, 2,3,5 litrlik qablarda, bir də “Gilan Holdinq” istehsalı olan sellofanlarda olub.

“iFact.ge”-nin müxbiri İmişlidə yerləşən tarlanın ətrafında “MEGASUN 20 SP” yazılan sellofanları tapıb. Selofan paketlərin üzərində qeyd edilən qaydalara əsasən, dərman səpiləndən 24 saat sonra sahəyə insan və ya heyvan daxil olmamalı, dəri və gözlə təmasda olmamalıdır. Tarlada işləyən işçilər isə üzlərinə yaylıq bağlamaqla və yalın əllə işləyiblər.

İmişli Pambıq Zavodunda çalışan, adının açıqlanmasını istəməyən mənbə bildirir ki, istifadə etdikləri dərmanların çoxu Azərbaycanda, Sumqayıtda istehsal olunub: “Zəhərlənmənin isə əsas 2 səbəbi var. Dərmanların içində vaxtı keçmişlər var idi. Bundan əlavə, dərmanı sahələrə səpənlər bu sahənin peşəkarı olmayıblar. Dərman səpmək elə-belə iş deyil axı, onun öz qaydası var. Hətta bəzi yerlərdə traktor sürücülərinə həvalə edilib. Onlar da suya qatıb töküblər torpağa”.

Mənbənin sözlərinə görə, baza rəisi həbs edilsə də, onun heç bir günahı yoxdur: “And-aman edir ki, bu il bazaya yeni dərmanlar gəlməyib. Ötən illərdə alınanlar idi. Onu da ver deyəndən sonra o kimdir ki, desin yox, vermirəm”.

İyunun 20-də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev tutduğu vəzifədən azad edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sözlərinə görə, pambıq istehsalı ilə məşğul olan şirkətlər, onların yerli aqronomları və digər məsul şəxslər lazımi təlimatlara əməl etməyiblər. Hadisə bu səbəbdən baş verib:

“Tarlada çalışan işçilər dərmanlanma ilə bağlı təlimatlandırılmayıblar. Dərmanlanmış sahələrdə, eləcə də qonşu ərazilərdə kimyəvi maddələrin təsiretmə müddətləri gözlənilmədən işə cəlb ediliblər. Bununla bağlı artıq bir neçə nəfər də həbs edilib. İstintaq davam edir”.

Bu arada, zəhərlənən qadınlardan 28 nəfəri artıq işə çıxır. Maddi cəhətdən çətin olduğuna görə, başqa çarələrinin olmadığını deyirlər.

Ana səhifəAnalitika”Hökumətin pambığının yolunda az qala qırılmışdıq”