Koalisiya açıqlama yaydı
Fevralın 6-da İctimai Birliklərin “Mədən sənayesində şəffaflığın artırılması” (MSŞA) Koalisiyası açıqlama yayıb.
Açıqlamada MHŞT tərəfləri arasında 10 iyun 2014-cü ildə imzalanan Memorandum çərçivəsində, Azərbaycanda tətbiq olunan MHŞT prosesini təkmilləşdirmək və prosesin inkişafı üzərində səmərəli çoxtərəfli nəzarəti və idarəetməni təmin etmək məqsədi ilə tərəflərin nümayəndələrindən ibarət Çoxtərəfli Qrupun təşkil edilməsi xatırlanır. Bildirilir ki, qrup üzvlərinin seçkisi hər ilin başlanğıcında baş tutan Şura iclasında yenidən aparılır:
“Odur ki, MSŞA QHT Koalisiyası yanvarın 20-də, 168-ci iclasında əvvəlcədən bəyan edilmiş namizədlər arasından sadə səsçoxluğu və gizli səsvermə ilə 6 nəfəri (3 əsas və 3 alternativ) ÇTQ-yə üzv seçib və Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqinə dair qarşılıqlı anlaşma haqqında Memorandumunun 1.2.2. maddəsinə müvafiq olaraq Memorandum Tərəfi olaraq təyin etdikləri əsas və əvəzedici üzvlərin siyahısını MHŞT üzrə Katibliyə təqdim edib”.
Daha sonra təəssüflə bildirilib ki, hər il mübahisəsiz qəbul edilən yeni üzvlərin siyahısı bu il səlahiyyət müddəti başa çatmış Koalisiya Şurasının üzvü Əliməmməd Nuriyevin şikayəti əsasında ÇTQ-nin 2 fevral tarixli iclasında müzakirəyə çıxarılıb:
“ÇTQ iclasından əvvəl MSŞA Koalisiya Şurası Memorandum tərəflərinə və Katibliyə müraciət edərək bildirmişdir ki, belə tip məsələlər tərəflərin iştirakı ilə ÇTQ-də deyil, hər bir tərəfin təmsil etdiyi qrupda müzakirə olunmalıdır. Lakin buna baxmayaraq MSŞT Katibliyi tərəfindən ÇTQ iclasına Koalisiya Şurasının üzvü Əliməmməd Nuriyevin də daxil olduğu səlahiyyət müddəti başa çatmış köhnə üzvlər də dəvət olunub. Onlardan yalnız Əliməmməd Nuriyev və Sabit Bağırov iclasa qatılıb və konsensusu pozaraq ÇTQ-nin növbəti iclasında gündəliyin təsdiq olunmasına maneçilik ediblər. Gündəliyin təsdiqi ətrafında gedən 1 saata qədər səmərəsiz müzakirələr nəticəsində iclasın pozulması səbəbindən ÇTQ-yə yeni seçilmiş üzvlər səlahiyyət müddəti başa çatmış ÇTQ üzvlərinin MHŞT Katibliyi tərəfindən yenidən iclasa dəvət olunmasına etiraz edərək ÇTQ iclasını tərk ediblər. Bundan sonra MSŞA QHT Koalisiyasının üzvlərinə Çoxtərəfli Qrupda təmsilçiliyinə dair yaranmış problemlə bağlı Hökumət Komissiyasının sədri ilə 7 fevral tarixində Dövlət Neft Fondunun inzibati binasında görüşün keçirilməsi təklif edilib və bütün Koalisiya üzvləri bu görüşə dəvət edilib”.
Bununla əlaqədar MSŞA Koalisiyası bildirir ki, MHŞT 1.3. standartının ii. bəndinə görə, hər bir maraqlı tərəf plüralist və dəyişkən təmsilçilik istəyini nəzərə alaraq, öz nümayəndəsini seçmək hüququna malik olmalıdır.Təyinat prosesi müstəqil və hər hansı məcburiyyət faktından uzaq olmalıdır:
“MHŞT-yə Çoxtərəfli Qrupun üzvləri kimi cəlb edilmiş vətəndaş cəmiyyəti qrupları əməliyyat və siyasət baxımından dövlətdən və yaxud digər şirkətlərdən azad olmalıdırlar. MSŞA QHT Koalisiyası bildirir ki, vətəndaş cəmiyyətinin ÇTQ-də iştirakı problemlərini həll etmək Memorandum tərəfi olaraq Hökumətin səlahiyyətinə aid deyildir, bu məsələyə müdaxilə etməklə MHŞT üzrə komissiyasi səlahiyyət həddini aşmışdır. Biz MHŞT üzrə ÇTQ təmsilçilik məsələsində nə hökumətin, nə də şirkətlərin işinə qarışmadığımız kimi, onlar da bizim işimizə müdaxilə etməməlidir. Lakin göründüyü kimi MSŞT Komissiyası açıq şəkildə Koalisiyanın daxili işlərinə müdaxilə edir və onun Memorandumda təsbit olunan müstəqilliyinə xələl gətirir. MSŞA QHT Koalisiyası hesab edir ki, belə açıq və kobud müdaxilə MHŞT üzrə Komissiyanın istəklərinə uyğun gələn vətəndaş cəmiyyəti üzvlərinin ÇTQ-də təmsilçiliyinə olan maraqdan irəli gəlir. Çünki onlar müstəqil vətəndaş cəmiyyətinin ÇTQ-də təmsilçiliyini istəmir, onların ÇTQ-də iştirakını əngəlləyirək səsinin boğulmasına çalışırlar.
MSŞA Koalisiyası bu tip görüşlərin Koalisiya Şurası ilə aparılmasını məqsədəmüvafiq hesab edib. Ötən il ərzində bu məqsədlə dəfələrlə rəsmi müraciət etməklərinə baxmayaraq MSŞT Komissiyasının sədri Şahmar Mövsümov Şura üzvləri ilə görüşdən imtina edib. Baxmayaraq ki, belə bir görüş həm də 2016-ci ilin İş Planında nəzərdə tutulub, lakin qarşı tərəfin istəyinin olmamasına görə icra edilməyib.
MSŞA QHT Koalisiyasının Şurası belə hesab edir ki, Şahmar Mövsümovun timsalında hökumətin MSŞA QHT Koalisiyasının fəaliyyətinə bu şəkildə kobud müdaxilə etməsi vətəndaş cəmiyyətinin təmsilçisi olaraq QHT Koalisiyasının parçalanmasını stimullaşdırmaq və qurumu nəzarətə götürmək məqsədi daşıyır”.