“Hökumətin jurnalisti mükafatlandırması sözün satılmasıdır” (VİDEO)

Ölkə başçısı İlham Əliyev 178 jurnalisti təltif edib. Onlar “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” , “Əməkdar Jurnalist” , “Əməkdar Mədəniyyət İşçisi”, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıblar.

1989-cu ildən mətbuatda çalışan, hazırda “ Azadlıq “ qəzetinin redaktoru olan Rövşən Hacıyev siyahıdakı jurnalistləri görəndə təəccüblənib. O,  təltif olunan jurnalistlərin əksəriyyətini tanımır. Redaktor siyahıda adı keçən çoxluğun jurnalist fəaliyyəti olsaydı, ən azından bundan xəbərdar olardı deyir.

Rövşən Hacıyev deyir ki, hökumət ona mükafat versəydi, o, bundan imtina edərdi. Onun fikrincə, jurnalisti oxucusu mükafatlandırmalıdır.

Sədri təltif olunan Mətbuat Şurasının qəbul etdiyi Azərbaycan jurnalistlərinin Peşə Davranış Qaydalarının 4-cü prinsipində yazılır : Jurnalist cəmiyyəti dəqiq informasiya ilə təmin etmək qabiliyyətinə mənfi təsir göstərə biləcək hər hansı şəxsi, siyasi və ya maliyyə xarakterli həvəsləndirmələr qəbul etməməli, qiymətli hədiyyə almamalı, yaxud özünə pulsuz xidmət göstərilməsinə şərait yaratmamalıdır. Bu qaydaları Mətbuat Şurasına üzv olan bütün media qurumları qəbul ediblər, amma mükafat alanlar da Mətbuat Şurasının üzvləridir.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev mükafat alan jurnalistlərin siyahısına baxmayıb. Deyir ki, 5 il öncə olsaydı, bəlkə də maraqlı olardı, amma indi kimin mükafat alacağını bilir.

2010-cu ildə Mehman Əliyevə əməkdar jurnalist adı vermək üçün təklif ediblər, amma o bundan imtina edib

.

Ekspert hesab edir ki, demokratik ölkələrdə hansı media hökumətlə bu münasibətlərə getsə, ictimai qınaqla qarşılaşar və iflas edər. O bildirir ki, Azərbaycanda medianın mükafat həvəskarı olması onun iqtisadi azadlığının əlindən alınmasından sonra başlayıb. Hakimiyyət medianı dilənçi vəziyyətinə gətirib və bildiyi kimi davranıb. O, media nümayəndələrini jurnalist təşkilatları, redaksiya rəhbərliyi mükafatlandıra bilər deyir.

Bəs vətəndaşlar necə düşünürlər, hökumət jurnalisti mükafatlandırmalıdır ?

Ana səhifəVideo“Hökumətin jurnalisti mükafatlandırması sözün satılmasıdır” (VİDEO)