Azərbaycana ilk dəfə səfər edən BMT-nin xüsusi məruzəçisi Michel Forst ölkədə insan haqları müdafiəçilərinin vəziyyətini araşdırıb. Məruzəçinin hazırladığı hesabatda qeyd olunur ki, ölkədə vətəndaş cəmiyyəti nümayəndələrinə, vəkillərə, jurnalistlərə və bloqqerlərə təzyiq olunur. Onların bir neçəsinin bank hesablarına həbs qoyulub və ölkədən çıxışları əngəllənib.
“
Mənə məlum olub ki, hökumət dinc etirazlara qarşı “qabaqlayıcı tədbirlər” görərək, kütləvi etiraz aksiyalarının təşkilatçıları və iştirakçılarına xəbərdarlıq edib və ya aksiyadan əvvəl onları müvvəqqəti olaraq həbs edib. Bununla belə, mən Konstitusiyaya dəyişiklik edilməsini nəzərdə tutan qarşıdakı referendumla bağlı 17 sentyabrda keçirilən dinc aksiyada xəbərdarlıq edilən, həbsə alınan və saxlanılan 45 nəfər şəxs və hüquq müdafiəçilərinin siyahısını hazırlamışam. Bu siyahını mən hökumətə təhvil vermişəm və məsələyə aydınlıq gətirilməsini səbirsizliklə gözləyirəm”.
BMT-nin məruzəçisi bildirib ki, o, həm dövlət qurumlarında görüşlər keçirib, həm də həbsxanada siyasi motivlə həbs olunan şəxslərlə görüşüb. Məruzəçi Azərbaycan məhkəmələrini müstəqil saymır. O, hökumətə tövsiyə edir ki, həbsdə olan bütün hüquq müdafiəçilərini azad etsin, QHT rəhbərləri və əməkdaşlarına qarşı cinayət ittihamlarını geri götürsün, ölkədən çıxışa qoyulan məhdudiyyəti aradan qaldırsın və bank hesablarını açsın. “Bu gün çatdırmaq istədiyim ismarıc ondan ibarətdir ki, Azərbaycanda insan haqlarının müdafiəsi ilə məşğul olan insanları xain deyil, qəhrəman kimi qəbul etmək lazımdır. Onlar dəyişikliyi, Azərbaycanda azad və ədalətli cəmiyyətin qurulması naminə dəyişiklikləri təşviq edən insanlardır. Mən onlarla söhbət etdim, onların təsiredici hekayələrini eşitdim. Onları rədd etmək deyil, qəbul etmək lazımdır. Məhz bu səbəbdən, mən hökuməti vətəndaş cəmiyyəti təşkilatları ilə körpülər qurmağa, geniş və inklüziv iştirakı təmin etməklə insan hüquq müdafiəçiləri ilə müntəzəm və məzmunlu dialoq qurmağa çağırıram”.
Hökumətin dəvəti ilə gələn məruzəçi bildirib ki, topladığı material və sənədləri nəzərdən keçirdikdən sonra daha ətraflı hesabat hazırlayacaq. Yekun hesabat 2017-ci ilin martında BMT-nin Cenevrədəki İnsan Hüquqları üzrə Şurasına təqdim ediləcək.