“Borc yükü səbəbindən “Azərenerji” ciddi təzyiqlə üzləşir”
Hökumətin dəstəyi olmasa, “Azərenerji” ASC xarici öhdəliklərinin yerinə yetirilməsində problemlərlə üzləşər. “Standard&Poor`s Global Ratings” (S&P) beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda belə deyilir.
Borc yükü və kapitalın dayanıqsız strukturu səbəbindən “Azərenerji” ASC-nin ciddi təzyiqlə üzləşdiyi deyilir. Bunları nəzərə alan agentlik dövlət şirkətinin şəxsi kreditləşmə qabiliyyətini “ccc+” səviyyəsində təsdiqləyib.
“Uzunmüddətli perspektivdə dövlətin “Azərenerji” ASC-yə verdiyi dəstəkdə qeyri-müəyyənlik var. Dövlət xarici öhdəliklərin yerinə yetirilməsində şirkətə zəruri dəstək versə də, onun maliyyə nəticələrinin yaxşılaşması üçün konkret bir strategiyası yoxdur. Buna görə də “Azərenerji” ASC-nin reytinqi Azərbaycanın suveren reytinqindən daha aşağıdır. Bizim baza ssenarimizə əsasən, şirkət bu il əlavə borclanmaya getməyəcək, habelə aktivlərin və kapitalın strukturu dəyişməz qalacaq”.