Vahid Məhərrəmov: ”İşləri belə davam etdirsələr, ölkənin valyuta ehtiyatları sürətlə ”əriyəcək””
“Pambıqçılığın “inkişafı” valyuta gəlirlərini yox, idxal xərclərini artırıb”, – kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun fikridir.
O, son iki ildə heyvandarlıqla məşğul olan kəndlilərin, fermerlərin təbii biçənək, örüş, yonca sahələrini əllərindən alınıb, pambıq əkini üçün bələdiyyələrə, yerli icra nümayəndəliklərinə, məktəblərə verdiklərini deyir:
“Nəticədə yem və ot qıtlığı ilə üzləşən təsərrüfat sahibləri məcburiyyət qarşısında qalıb heyvanlarını kəsimə verməli olurlar. Bu müddət ərzində ölkədə ət, süd məhsulları istehsalı kəskin azaldığı üçün həmin adda malların idxalı ciddi artıb”.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında kənd təsərrüfatı və emal məhsullarının ixracı ilə bağlı bəzi rəqəmləri açıqlayıb. O, pambıq istehsalının 154, pambıq lifi ixracının isə 650 faiz artdığını söyləyib.
Vahid Məhərrəmov deyir ki, prezidentin dilə gətirdiyi 154 və 650 faiz artım nəticəsində ölkəyə pambıq ixracından cəmi 32.4 milyon dollar valyuta gəldiyi halda, ət və süd məhsulları idxalı üçün ölkədən 3 dəfə çox, yəni 107,3 milyon dollar valyuta çıxarılıb:
“Keçən ilin eyni dövrü ilə müqayisədə isə pambıq ixracından əldə olunan valyuta gəliri 19 milyon dollar artdığı halda, ət və süd məhsulları idxalı üçün ölkədən çıxarılan valyutanın miqdarı 2 dəfə çox (38, 8 milyon dollar) olub. Beləliklə, hökumətin apardığı “pambıq siyasəti” ölkənin valyuta gəlirlərini yox, valyuta xərclərini 2 dəfə artırıb. Əgər İlham Əliyev dediyi kimi, işləri bu istiqamətdə davam etdirsələr, ölkənin valyuta ehtiyatları çox sürətlə “əriyəcək””.
Prezident İlham Əliyev martın 28-də Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətin pambıqçılığa dəstək göstərdiyini də deyib. O, pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləndiyini bildirib:
“Vətəndaşlar bu sahəyə maraq göstərməsəydi, bizim işlərimiz yarımçıq qala bilərdi. Ona görə burada həm dövlət dəstəyi, bütün dövlət qurumlarının, özəl qurumların birgə fəaliyyəti və ictimaiyyət tərəfindən göstərilən dəstək tamamilə yeni bir vəziyyətə gətirib çıxarıb. Göstəricilər daha yaxşı olacaq”, – deyə o, vurğulayıb.
İqtisadçı Rövşən Ağayevə prezident üçün pambıqçılıqla bağlı məlumatları və hesablamaları kimin, hansı strukurun hazırladığı çox maraqlıdır. Deyir, bu faktları dinləyəndə ilk təəssürat bu olur ki, iqtisadiyyatımız qısa müddətdə pambıqçılıq sayəsində böhran üzərində qələbə çalacaq:
“Reallıq odur ki, hökumətin pambıqla bağlı gözləntisi xeyli itkiyə məruz qalacaq. Bu il üçün 100 min tona yaxın pambıq gözləyirdilər. Amma gələn məlumatlar göstərir ki, ən yaxşı halda bunun yarısını da yığa bilməyəcəklər”.