Hökumətə qarşı mübarizə strategiyası

Düzgün strategiyanın hazırlanmasının ən birinci qanunu ondan ibarətdir ki, biz müxalifət olaraq mübarizə apardığımız iqtidarı düzgün tanımalıyıq və onun imkanlarını düzgün qiymətləndirməliyik.

Source:
Nahid Cəfərov
Nahid Cəfərov
Nahid Cəfərov – banner
Nahid Cəfərov – banner

Düzgün strategiyanın hazırlanmasının ən birinci qanunu ondan ibarətdir ki, biz müxalifət olaraq mübarizə apardığımız iqtidarı düzgün tanımalıyıq və onun imkanlarını düzgün qiymətləndirməliyik. Əks təqdirdə xalq reallıqla ayaqlaşmayan strategiyadan doğan yalnış addımların qurbanı olur.

İlkin olaraq Əliyev rejimini bir neçə cəhətdən analiz edək.

Maddi-maliyyə

Ölkədəki iqtisadi durumun çətin vəziyyətdə olmasına baxmayaraq, müxalifətə qarşı böyük pullar xərclənməkdədir. Bir çoxu düşünür ki, iqtisadi dayaqlar sıradan çıxdıqca, hökumət vəziyyəti nəzarətdə saxlaya bilməyəcək və ən yaxşı halda ölkədən qaçıb gedəcək. Məsələ ondan ibarətdir ki, iqtisadi sahədə olan çətinlik Əliyevlər ailəsinin gəlirlərinə heç bir təsir etmir və bu gəlirlərdən muxalifətə qarşı xərclənməkdədir. Azərbaycan Dövlət Neft Fondunun illik hesabatlarına inansaq, neft gəlirlərindən əldə edilmiş vəsaitin böyük bir hissəsi xarici bazarlarda dövriyyə etmək üçün yenidən ölkədən çıxarılır. Hesabata görə, 2015-ci ildə neft fondunda vəsiat 33.57 milyard ABŞ dolları olub. Bu məbləğin 7229.1 milyon ABŞ dolları (21.5%) neft və qaz satışından əldə edilən mənfəət kimi göstərilib. Lakin Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə edilən mənfəət isə 425,4 $ milyondur.

Neft Fondunun vəsaitlərinin idarə edilməsi dedikdə isə neft fondunun gəlirləri hesabına qoyulmuş investisiyalardan əldə edilən mənfəət nəzərdə tutulur. Bura dünyanın tanınmış indekslərinə (S&P 100, MSCI World və MSCI Europe ex UK), xarici dövlət isteqrazlarının alınması, digər özəl səhmlər və xaricdə (Moskva, London, Paris, Seul, Tokio) yerləşən daşınmaz əmlaka qoyulan investisiyalardan əldə olunan gəlirlər daxildir. Bu gəlirlər neftin qiymətindən birbaşa asılı deyil. Ölkədə şəffaflığın mövcud olmadığını nəzərə alaraq, bu pulların birbaşa Əliyevlərin şəxsi hesablarına axdığını ehtimal etmək olar. Sadəcə bir sahənin analizi Əliyevlərin maliyyə durumunun düşünüldüyü kimi acınacaqlı olmadığını göstərir. Bura gömrükdən daxil olan vəsaiti, Əliyevlərin birbaşa nəzarət etdiyi sahələrdən əldə olunan gəlirləri və ölkədə yüksək səviyyədə yığılan rüşvəti də əlavə etsək, müxalifətə qarşı vuruşmaq üçün xərclənəcək maliyyə vəsaitlərinin tükənməsi haqqında düşünməyə əsas vermir.

Bundan əlavə, fərz edək ki, ölkədə 100 min polis əməkdaşı var. Hər bir polis əməkdaşının aylıq maaşının 1000 manat olduğunu güman etsək, 100 min polisi saxlamaq üçün hökumətə ildə təqribi 704 milyon ABŞ dolları maliyyə vəsaiti lazımdır. Lakin sadəcə neft və qaz satışından əldə edilən mənfəət 7 milyard ABŞ dollarından çoxdur. Digər tərəfdən, bütün maliyyə kanalları bağlanmış olduğu təqdirdə, müxalifətin çökdürülməsi üçün bu kanallardan axan gəlirlərin istifadəsi mümkündür. Əhalinin güzəranına təsir edən ölkə iqtisadiyyatı isə neftin qiymətindən asılı olduğu üçün neftin ucuzlaşması dövlət büdcəsindən maliyyələşən şəxslərin güzəranına sarsıdıcı zərbə endirib. Yəni, əhalinin iqtisadi durumunun pisləşməsi Əliyevin gəlirlərinə təsir etmir və alınan xarici borclar da məhz ölkə iqtisadiyyatına yatırmaq üçün istifadə edilməsi ehtimal edilir.

Güc strukturları

Əliyevin nəzarətində olan güc orqanları fəaliyyətinin əhatə dairəsinə görə aşağıdakı qruplara bölünür:

1. Dövlət Təhlükəsizliyi Xidməti (keçmiş MTN). Bu orqanın fəaliyyət mexanizmi digər güc strukturları ilə müqayisədə fərqlənir. Burada çalışan şəxslər daha çox gizli fəaliyyət göstərir və Azərbaycanda faktiki olaraq hər bir şəxsi internet üzərindən izləmə qabiliyyətinə malikdir. Bu struktura malik olan texnikalar da əsasən izləmə və müxalifət nümayəndələrini təqib etmə məqsədinə xidmət edir. Bu xidmətdə çalışan əməkdaşların böyük əksəriyyəti hazırkı rejimə qarşı loyaldır. Əsasən gizli fəaliyyət göstərmələri də onları ictimai qınaq obyektinə çevrilməkdən qoruyur. Bu səbəbdən də hal-hazırda bu təşkilatın fəaliyyəti yüksək səviyyədə təşkil olunub.

Təşkilatın zəif yeri: Təşkilat eyni zamanda məhdud sayda insanları nəzarətdə saxlaya bilir. İnsanların fəaliyyəti xaricdə yerləşən bir mərkəzdən koordinasiya olunacaqsa, kütləviləşən fəaliyyətin nəzarətdə saxlamaq mümkün olmayacaqdır.

2. Daxili İşlər Nazirliyi. Beynəlxalq təşkilatların təqdim etdiyi hesabata əsaslansaq (rəqəmlərin reallığı əks etdirməyə bilər), Azərbaycanda 45 min polis əməkdaşı fəaliyyət göstərir. Lakin hər hansı bir təşkilatın təqdim etdiyi məlumat hökumət tərəfindən təqdim edilən rəqəmlərə söykənir. Belə olan halda, Azərbaycanda polislərin sayının daha çox olduğunu ehtimal etmək olar. Bundan əlavə, Azərbaycanda fərqli məqsədlər üçün yaradılmış və əsasən də mitinqlərin yatırılması üçün geniş istifadə olunan Əlahiddə Çevik Polis Alayı, Karantin Tədbirlərinin Təmin Edən Polis Dəstəsi, daxili qoşunlar, post patrul xidməti əməkdaşlarının sayının birlikdə nəzərə alsaq, bu rəqəmi 2 dəfə artırmaq olar. Bu orqanlarda çalışan şəxslərin böyük əksəriyyəti orta təhsilli, bilik səviyyələri isə orta təhsil səviyyəsindən aşağıdır. Bu şəxslərin əksəriyyəti üçün mütəmadi olaraq təlimlər keçirilir və onlara xarici ölkələrdə polislə mülki şəxslərin toqquşması ilə bağlı video təqdimatlar göstərilir. Mitinqdə toplanan insanlara qarşı polisin amansızlığı da həqiqətən ona deyilən nağıllara inanması ilə izah oluna bilər. Polislərin böyük əksəriyyəti həqiqətən də inanır ki, müxalifət ölkəni qarışdırmaq istəyir və buna görə də bir çox xarici dövlətlərdən maliyyə dəstəyi alır. Lakin buna baxmayaraq, bu orqanlardan çalışan insanların loyallığı DTX əməkdaşları ilə müqayisədə daha zəifdir.

Bundan əlavə, Daxili İşlər Nazirliyinin istifadəsində olan maddi-texniki təminatı da nəzərdən qaçırmaq olmaz. DİN-in rəsmi internet səhifəsinə istinad etsək, daxili qoşunlar üçün nəzərdə tutulmuş maddi-texniki resursların sıralarına zirehli maşınların, müasir atıcı silahların əlavə edildiyini görmüş olarıq. DİN-in rəsmi internet səhifəsində deyilir: “…döyüş təliminin və döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, hərbi qulluqçuların peşəkarlığının artırılması üçün müasir standartlara uyğun yeni avtomobillərlə, zirehli texnikalarla, helikopterlərlə, kiçik və iriçaplı atıcı silahlarla təmin olunmuşdur. Döyüş hazırlığının yüksəldilməsi və keçirilən təlimlərin effektivliyinin artırılması məqsədilə təlim şəhərcikləri tikilərək istifadəyə verilmişdir”.

Bu məlumat Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun illik hesabatında da əks olunub. Hesabatda deyilir ki, Azərbaycan İsraildən 250 ədəd müxtəlif markalı zirehli maşın, 250 ədəd müxtəlif ölçüdə iriçaplı silahlar, 150 ədəd BTR, 100-dən çox müxtəlif təyinatlı tankın alındığını qeyd edib.

Təşkilatın zəif yeri: Daim qınaq obyekitinə çevrilməkdən çəkinirlər. Aldıqları əmək haqqı getdikcə dəyərini itirməkdədir. Əksəriyyəti kasıb ailələrdən gəldiyi üçün cəmiyyətdəki problemlərin bir çoxu ilə rastlaşırlar. Müxalifətin səmimiyyətinə və etiraz aksiyalarının çıxış yolu olduğuna inanmasalar da, ölkədəki real vəziyyəti DTX əməkdaşlarına nisbətən daha çox anlayırlar. Ölkə ərazisində eyni vaxta kütləvi aksiyalar təşkil olunduğu halda bu təşkilatın hadisələrə təsir imkanları minimuma enir.

3. Müdafiə Nazirliyi: Bu qurum vəziyyət tam nəzarətdən çıxdıqda hadisələrə müdaxilə edə bilər.

Təşkilatın zəif yeri: Xalqın içindən çıxmış əsgərlər xalqa qarşı asanlıqla mübarizəyə qalxmaz.

4. Fövqəladə Hallar Nazirliyi: Bu qurumun maddi-texniki təminatı ilə bağlı məlumatlar ictimaiyyətə məlum deyil.

Təşkilatın zəif yeri: Mitinq yatırmaq üçün kifayət qədər resurs və təcrübəyə malik deyillər.

5. Prezidentin şəxsi muhafizəsi: Bu qurumda çalışan əməkdaşların sayı az olsa da, prezidentə loyallığı ilə seçilən xüsusi bir orqandır. Prezidenti qorumaq üçün bütün vasitələrə əl atmağa hazırdırlar.

Təşkilatın zəif yeri: Sayların məhdud olmaları.

Media

Ölkədə fəaliyyət göstərən bütün media qurumları hakimiyyət tərəfindən nəzarətdədir və hakimiyyətin ömrünün uzadılmasına xidmət edir. Xalqın bütün mənəvi dəyərlərinın dağıdılmasına xidmət edən media ölkədə 9 milyon əhalini birləşdirə biləcək bütün bağları qırmaqdadır. Ölkədə kütləvi savadsızlığın yayılmasını nəzərə alaraq, əhalinin böyük bir hissəsi bu media kanalları vasitəsilə ötürülən saxta məlumatların təsiri altına düşür.

Azərbaycanda fəaliyyət mexanizmini qoruyub saxlayan bu təşkilatların əsas məqsədi Əliyev diktaturasını müdafiə etməkdir. Bu təşkilatların böyük əzmlə qoruduğu bir şəxsə (prezidentə) qarşı xalqı birbaşa səfərbər etmək resursların boş yerə xərclənməsidir.

Hakimiyyətin psixoloji durumu

Hakimiyyəti qeyri-qanuni yolla ələ keçirmiş İlham Əliyevin əli bu xalqın qanına batıb. Hakimiyyətdən getdiyi təqdirdə əlindəki gücdən əlavə özünün və ailəsinin həyatını itirmək ehtimalını nəzərə alaraq, hakimiyyəti saxlamaq üçün bütün vasitələrə əl atacaq. Əli qana batmış bir insanın dirsəyinin də qana batması onunçün bir şey dəyişmir.

Ölkədən qaçmaq hadisələrin nəzarətdən çıxdığına əmin olandan sonra mümkündür. Yuxarıda qeyd edilən strukturlar da bu ehtimalın dağıdılmasına və gedişatı nəzarətdə saxlanılmasına xidmət edir.

Beynəlxalq münasibətlər

Beynəlxalq münasibətlərdə cərəyan edən hazırkı hadisələr isə İlham Əliyev üçün böyük umidlər vəd edir. ABŞ-da Trampın prezident seçilməsi, Rusiyada Putinin Əliyevə dəstəyi və dosluqdakı sadiqliyini Bəşər Əsədə göstərdiyi yardımla sübut etməsi, Türkiyədə Ərdoğanın hakimiyyətdə olması Əliyevin ümidlərini artırır. Qeyd etmək lazımdır ki, Trampın siyasi kursu daha çox sürprizlərlə müşahidə olunduğundan ABŞ prezidenti ilə bağlı konkret mülahizələr irəli sürmək çətindir. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən yüzlərlə xarici şirkətlər Əliyev rejimi üçün qərbdə aktiv lobbiçilik fəaliyyəti ilə məşquldurlar.

Belə olan halda İlham Əliyev yalnız 1 məkanda təşkil olunacaq və hətta 100 min insanın belə qatılacağı etiraz aksiyasını yatırmaq üçün yuxarıda qeyd edilən institutların gücündən mərkəzləşdirilmiş formada rahatlıqla istifadə edəcək.

Bütün bu güclü təşkilatların fonunda qeyd etmək lazımdır ki, xalq hökumətə nifrət edir və xalqın birləşməsi yuxarıda adları qeyd edilmiş təşkilatların fəaliyyətini əhəmiyyətsiz edir.

Hazırkı uğursuz mübarizə strategiyaları

Hazırkı müxalifət cəbhəsini iki qrupa ayırmaq olar: a) Qətiyyəti olan və strategiyası olmayan, b) strategiyası olan, amma qətiyyəti olmayan.

Hazırkı mübarizə metodu isə bəzi partiyalar tərəfindən müdafiə olunan icazəli mitinqlərdir. Belə bir imkanlar altında mitinq təşkil etmək və ora minlərlə insanı cəlb etməyin özü bir qəhrəmanlıqdır. Bunu danmaq olmaz. Lakin xalqa bu cür qəhrəmanlıqlar lazım deyil, xalqı bu böhrandan xilas etmək lazımdır. Hökumət mitinqə icazə verərkən özünün arxalandığı qüvvələri və hadisələrin nəzarətdən çıxdığı anda dərhal nəzarət edə bilmə imkanlarını nəzərə alır. Yəni əgər hökumət mitinqə icazə verirsə, demək ki, heç bir şeyin baş verməyəcəyinə əmindir. Bundan əlavə də müxtəlif vasitələrlə mitinqə qoşulmaq istəyən insanlara maneələr yaradaraq muxalifəti xəyal-qırıqlığına uğratmaq istəyir. Bunu bacarır da.

Mitinqlərin icazəli və ya icazəsiz olmasından asılı olmayaraq, yalnız Bakıda təşkil olunacaq mitinqlər hər zaman hökumətə xeyir verəcək. İcazəsiz mitinqlər isə sadə vətəndaşların qurban verilməsinə razılıq deməkdir. Qurban o dərəcədə olmalıdır ki, xarici qüvvələr məsələyə qarışsın və belə olan halda ölkədə Suriya yaranacaq. Çünki hər bir xarici dövlətin özünün maraqları və bu maraqlara qarşı gedən digər xarici dövlətlər var. Mitinq qərarını müzakirə edəcək insanların əksəriyyəti həddindən artıq strateji düşüncəyə malik olan insanlar olmalıdır. Mitinqin keçirilməsi ilə bağlı mütəmadi olaraq uğursuz qərar qəbul edənlər (mən uğuru mitinqə gələn şəxslərin sayı il deyil, mitinqin nəticəsi ilə ölçürəm), mitinqdən sonra mitinqə qoşulan məhdud sayda insanların günahını diktator rejimində axtarırlar. Bu insanların heç bir strateji düşüncəyə malik olmadığından xəbər verir. Prezident olacaqları təqdirdə xalqın tale yüklü məsələlərinə dair qərarlar verməyi üzərinə götürməyə çalışan bu şəxslər adi bir mitinqlə bağlı avtoritar hökumətin ata biləcəyi addımları qabaqcadan ehtimal edə bilmirlər (Bəlkə də bilirlər, sadəcə bundan yayınmağın yollarını bilmirlər).

Hər kəs uğursuzluğun günahını partiya olaraq özündə axtarmalıdır. Əgər aksiyalara bir şəxs qoşulmursa (buna statistikada – istisna (deviation) deyilir), bunun günahı həmin o bir şəxsdədir. Əgər xalq olaraq bu aksiyaya qoşulmursa, onda bunun institutsional səbəbi var və bu səbəblər araşdırılmalıdır. Bu səbəblər araşdırılmadan və aradan qaldırılmadan yeni aksiyaların təşkili çarəsizliyin və səriştəsizliyin etirafıdır. Belə şəraitdə təşkil olunmuş bütün aksiyaların bir məqsədi olur: məsuliyyətdən yayınma. Bununla bağlı siyasi ədəbiyyatda (blame avoidance) xüsusi bir termin var. Bu yanaşmaya görə insanlar bəzən ittihamlardan (müxalifət olaraq nə etmisiz) xilas olmaq üçün özlərinin də inanmadığı mübarizə metoduna əl atırlar. Bəziləri hətta bunu vicdanı rahatladan vasitə kimi görür. Amma unudurlar ki, bunun əziyyətini xalq çəkir. Xalqı birləşdirmədikcə, heç bir demokratik proses qalib gələ bilməz.

Bunu nəzərə alaraq hökumətə qarşı yalnız bir məkanda təşkil olunmuş hazırlıqsız (icazəli və ya icazəsiz) mitinq hökumətə öz gücünü geniş xalqa göstərməyə imkan verir. Bu gücü yalnız polis zorakılığı ilə göstərməyə ehtiyac yoxdur. Qorxudan mitinqə gələn insanların sayının məhdud olması xalq tərəfindən bu gücün təsdiqinə əsas verir. Getməyənlər düşünür ki, yaxşı ki, getməmişəm. Getsəydim bir şey olmazdı, onsuz da gələnlər çox az olub. Dolayısı ilə muxalifətin strateji cəhətdən əsaslandırılmayan və yalnız Bakı şəhərində təşkil edilmiş mitinqi vasitəsilə hökumət insanlar arasında qorxunu maksimum şəkildə yaymağa çalışır. Bundan əlavə, etiraz aksiyalarının nəticəsiz olması insanlarda ümidsizliyi və müxalifətə olan inamsızlığı daha da artırır. Hər iki halda hökumət qazanır, muxalifət və xalq itirir. Uğursuzluqla üzləşən muxalifət isə günahı özündən başqa hər kəsdə görür.

Digər uğursuz mübarizə strategiyası isə hökuməti tənqid etməklə məhdudlaşmaqdır. Bir çox siyasi təşkilatlar düşünür ki, hökuməti ifşa etməklə xalqı təşkilatlandıra bilər. Bu səbəbdən də bütün çıxışlar məhz hökumətin daha ağıllı bir formada ifşasına yönəlib. O şəxslər unudurlar ki, ölkədəki problem hökumətə qarşı olan qorxu və müxalifətə qarşı olan inamsızlıqdır. Bu iki problem hökuməti ifşa etməklə aradan qalxmır.

Qətiyyəti olmayanlar isə hökuməti tənqid etməyə (mən tənqidin əleyhinə deyiləm. Hökumət və əsasən də prezident mütləq ifşa olunmalıdır) cəsarət etmədikdə mübarizəsini müxalifəti tənqid etməklə davam etdirirlər. Yəni biz pisik, amma bunlar bizdən də pisdirlər. Hər dəfə daha radikal addımlar atıb geri çəkilməklə həm özlərini və həm də cəmiyyəti çaşdırırlar. Cəmiyyətdə siyasi mübarizənin uğuruna böyük kölgə salırlar.

Xalqı necə birləşdirmək olar?

Bu suala cavab tapmaq üçün ilkin olaraq “xalq niyə birləşmir?” sualına cavab tapmaq lazımdır. Xalqı şərti olaraq (Marksizm yanaşmasına zidd olaraq) iki hissəyə ayırmaq olar:

1. Hadisələrin gedişatına düzgün qiymət verməyi bacaran insanlar (Mən onlara ziyalılar deyirəm),

2. Yalnız birinci kateqoriyada olan insanların fikirlərinə güvənərək qərar qəbul edən insanlar.

Yəni Şəmkir rayon sakini Bakıda (Hollandiyada) fəaliyyət göstərən bir şəxsə inanmaq üçün özünə yaxın olan və dünyagörüşünə etibar edən bir şəxsin qiymətləndirməsinə güvənir. Birinci qrupa aid olan insanlar partiyalara qoşulmadan ikinci qrupa aid olan xalqı siyasi proseslərə cəlb etmək mümkün deyil. Bu prosesi siyasi ədəbiyyatda Konstraktivizm (Constructivism) nəzəriyyəsinin köməyi ilə daha mükəmməl izah etmək olur.

Birinci qrupa aid olan insanların qoşulmamasının ən əsas səbəbi QORXU hissidir. Bu hiss iki səbəbdən daha da güclənir:

1. Siyasi təşkilatlara olan inamsızlıq və ya vertikal inamsızlıq. Onu etiraza çağıran siyasi partiya rəhbərlərinə inanmır. Birinci qrupa aid olan insanların gözü ilə baxsaq, ölkədəki müxalifət təşkilatlarının əksəriyyətinin hakimiyyətdəki siyasi qüvvələrdən fərqlənmədiyinin şahidi oluruq (Burada qeyd etdiyim fikirlər apardığım sorğunun nəticələrinə əsaslanır). Bəzi müxalifət partiyalarında da hakimiyyətdə olduğu kimi şəxsiyyətə pərəstiş ya bilərəkdən və ya da bilməyərəkdən təbliğ olunur, fərqli düşüncəyə dözümsüzlük və tənqid edənləri dərhal damğalamaq və ittiham etmək, xalqı bu zülümdən xilas edə bilən konkret bir strateji planın olmaması, uğursuzluqlarının səbəbini rəqibin güclü olmasında axtarmaq, siyasi mübarizə tarixində apardığı mübarizəyə xəyanət və hökumətlə işbirliyi (hökumətin açıq şəkildə tərifi), bütün mübarizəni yalnız hökumətin tənqidi ilə məhdudlaşdırmaq, qeyri-peşəkarlıq və uğursuz mübarizə modelinin formalaşdırılması və s. Siyasi proseslərə kənardan tamaşa edən bu şəxslər yuxarıda sadalanan hallara görə hökumətə qarşı səmimi mübarizə aparan şəxslərin səmimiyyətinə də inanmırlar. Siyasət subyektiv yanaşmadan (perception) asılıdır. Bu yanaşmanı dəyişmək isə çox çətindir.

2. Qonşusuna olan inamsızlıq və ya horizontal inamsızlıq. Samir düşünür ki, mən gedərəm Rüstəm və ya Züleyxa gəlməz və mən meydanda tək qalaram. Belə olan halda Samir sağ qalmaq üçün mübarizəni deyil, alternativləri axtarmaq məcburiyyətində qalır. Alternativlər tükəndiyi zaman, Samir intihara əl atır. Bu səbəbdən intiharların çoxalmasının ən əsas səbəblərindən biri müxalifətin uğursuz siyasi mübarizəsidir. Uğursuz siyasi mübarizə insanlarda dəyişikliyə olan inamsızlığı artırır və intihar yeganə üsyan vasitəsinə çevrilir.

Qorxunun hər iki istiqamətə uyğun aradan qaldırılması üçün vacib olan yeganə amil inamdır. Hər kəs bilir ki, eyni vaxtda mübarizəyə qalxsa, diktaturadan xilas olmaq olar. Və ya konstraktivizm nəzəriyyəsinə görə, əgər səhər hər kəs (polisli və məmurlu) oyanıb düşünsə və buna inansa ki, Əliyev rejimi artıq yoxdur, Əliyev rejimi artıq olmayacaq. Məhz bu inamsızlığa görə bu proses baş vermir. Siyasi təşkilatlara qarşı inamsızlığı aradan qaldırmaq birbaşa siyasi partiyadan asılı olan bir prosesdir. Bunun üçün aşağıdakı addımların atılması vacibdir:

1. Siyasi partiya ilkin olaraq özündə demokratik dəyərləri formalaşdırmalı;

2. Xalqı bu rejimdən xilas etmənin real strategiyasını ortaya qoymalı;

3. Partiyadaxili saxtakarlığa qarşı kəskin ölçü götürməli;

4. Partiyanın proqramlarını və bu proqramları həyata keçirmə yollarını xalqa çatdırmalı;

5. Hökumətə qarşı mübarizədə qətiyyətli və ardıcıl olmalı;

6. Şəxsiyyətə pərəstişlik və liderlik institutunu partiya institutu ilə əvəzlənməli. Xalqın xilası bir şəxsdən asılı olması yanaşmasından imtina edilməli və komanda işi təqdim edilməlidir. Lider partiyaya xidmət etməlidir, partiya və onun funksionerləri liderə deyil.

7. Partiya dəyərləri daim önə çəkilməli və liderin davranışı da bu dəyərlər əsasında formalaşmalı;

8. İnsanların beynində xoşbəxt gələcəyin virtual formada təsviri yaradılmalı;

9. Bütün tənqidi fikirlərə açıq olmalı;

10. Yüksək səviyyədə peşəkarlıq təsiri bağışlanmalı.

Azərbaycanda bütün bunları özündə birləşdirə bilən partiya tam yaranmadığından və ya yaranma prosesində olduğundan təşkilatlanma ilə bağlı ziyalı təbəqənin 3 seçimi olur.

a) Siyasi proseslərə qoşulmamaq və hadisələrin gedişatını izləmək;

b) İnanmadıqları siyasi təşkilata qoşulmaq;

c) Yenidən təşkilat qurmaq.

Hər şeyi sıfırdan başlamaq hədsiz dərəcədə çətin olduğundan və yaranmış yeni siyasi qüvvələrə bəzi müxalifət təşkilatlarının qısqanclığı və qaralama təbliğatının aparılması yalnız birinci addımı labüdləşdirir. Yeni yaranmış bir təşkilat kimi OYAN Hərəkatı da hal-hazırda bu qaralama prosesi ilə üz-üzədir. Yuxarıdakı 10 şərtə əsaslanan təlimlər və fərqli layihələr mütəmadi olaraq partiya funksionerləri tərəfindən təşkil olunmalı və bu geniş ictimaiyyətə təqdim olunmalıdır.

Horizontal inamsızlığı aradan qaldırmaq üçün insanların bir-birinə olan güvəni aşılanmalıdır. Rayonlarda insanların bir-birinə olan inamını və güvənini nəzərə alaraq hökumətə qarşı təşkilatlanma da məhz rayonlardan başlamalıdır. Güvən eyni prosesdə iştirak edən insanlar arasında proses boyu yaranan bir fenomendir. Şəmkirdə yaşayan Ayaz əmin olmalıdır ki, mən etiraza çıxanda Qubada yaşayan Dilarə də çıxacaq. Buna əmin olmaq üçün Ayaz və Dilarə bir-birlərini şərti olaraq bu prosesdə sınamalıdırlar. Bunun üçün şəxslərin bir-birini tanıması vacib deyil. Əgər Ayaz görsə ki, mənim Şəmkirdəki fəaliyyətimə (Məs: Şəmkirdəki H.Əliyev büstünün yazılması) Qubadan kimlərsə eyni aksiya ilə dəstək verir, o və onun kimilər fəaliyyətində daha inamlı olacaqlar. Onlara dəstək verən şəxslərin kimliklərini tanımasalar da, böyük bir şəbəkənin üzvü olduqlarını düşünərək içlərində olan qorxu hissini rahatlıqla boğa bilərlər. Bu hadisələr mütəmadi qaydada davam etməklə kütləvi və ümumxalq etiraz askiyasına hazırlıq prosesi başlamalıdır. Qeyd etdiyim kimi, söhbət diktatorluqdan gedir və hər kəsdə qorxu hissi var. Heç təsadüfi deyildir ki, bahalaşmaya qarşı etiraz aksiyaları da məhz rayonlardan başlamışdır və müxalifətin proseslərə müdaxilə edə bilməməsi nəticəsində aksiyalar hökumət tərəfindən yatırılmışdır. Bu aksiyalar əgər təşkilat tərəfindən həyata keçirilsəydi, Mingəçevirdə aksiyaya qalxan insan Lənkərandan ona eyni yolla dəstək gəldiyini görsəydi, heç vaxt geri addım atmayacaqdı.

Digər tərəfdən, mübarizə kiçik məqsədlərdən başlamalıdır. İnsanlar ilkin olaraq mübarizənin gücünə və uğuruna inanmalıdırlar. Xırda bir qələbə insanlarda özünə inamı formalaşdıracaq və onları daha qətiyyətli addımlar atmağa sövq edəcək. Kiçik dəstə ilə böyük iddialara qalxmaq həm özünü və həm də xalqı aldatmaq deməkdir. Bu mübarizə uğursuzluğun qarantıdır.

Bu prosesin baş tutması üçün ilkin mərhələdə prosesə rayon yerlərində ziyalı insanlar cəlb olunmalıdır. Ziyalı insanlar əsasən ideyaya və uğurlu siyasi mexanizmə inanırlar, şəxslərə və liderlərə deyil. Yuxarıda qeyd edilən partiyaya aid 10 xüsusiyyətlər bu insanların diqqətinə mütəmadi qaydada çatdırılmalıdır. İnsanlar da şəxsə və şəxsiyyətə deyil, partiyanın təqdim etdiyi xilasetmə mexanizminə qoşulmağa dəvət olunmalıdır. İnanan insan mütləq qoşulacaq və qoşulan insanın kimliyi də mütləq gizli saxlanılmalıdır. Bu insanlara yetişmək hazırkı zəmanədə çətin bir proses deyil. Sosial şəbəkələrin imkanları məlumatı ötürmək istədiyin şəxsin yaşadığı yer, yaş, cins və hətta dil bilgilərinə görə qruplara ayıra bilir. Bir daha təkrar edirəm ki, ilkin pillədə bu insanlar tam gizli formada təşkilata üzv olunmalıdır. Onların varlığı digər üzvlərə müxtəlif əməllərlə (aksiyalarla) çatdırılmalıdır. Qubada yaşayan Dilarə görsə ki, Şəmkirdə təşkilat adından H.Əliyevin büstü yazılıb (şərti olaraq) onun kim tərəfindən yazılması onu o qədər də maraqlandırmır. Bununla bağlı atılacaq addımların siyahısı bu addımların daşıdığı riskə uyğun olaraq tərəfimizdən müəyyən edilmişdir.

Ana səhifəAnalitikaHökumətə qarşı mübarizə strategiyası