Bu yay Bakının mərkəzində yerli əhalidən çox xariciləri görsəniz, təəccüblənməyin. Çünki Azərbaycan bu il təkcə Formula1 yarışmasına ev sahibliyi etməyəcək. 22-24 iyunda Bakıda “Youthvision” adlı musiqili yarışma da təşkil olunacaq. Bu barədə məlumatı “Eurovision”un Türkiyə üzrə rəsmi nümayəndəliyi yayıb.
Yarışma “Bakı Crystal Hall”da keçiriləcək və 20-dən çox ölkə iştirak edəcək. Azərbaycan hökuməti yarışmanı izləyən turistlərin bütün xərclərini öz boynuna götürüb. Gənclər və İdman Nazirliyi ayrılan xərcləri hələlik açıqlamasa da, iqtisadçı Natiq Cəfərli söhbətin milyonlardan getdiyini deyir.
İqtisadçı deyir ki, bu yarışmadan Azərbaycan heç bir gəlir əldə etməyəcək.
Bakı sakinləri nə düşünür? Ölkədən milyonlar aparacaq musiqili yarışma onların ürəyincədirmi?
“Məmləkətin o qədər dərdləri var ki, onları yoluna qoymaq lazımdır. Elə yüngül şeylərlə yalanda camaatın başını qatmaq lazım deyil. İnsanları yetişdirmək lazımdır.Təhsil, elm qalıb bir kənarda. Nə qədər çalıb-oynamaqla gün keçirtmək olar? Bunların heç biri bəşəriyyətə fayda gətirməyib” – Bakı sakini deyir.
Gənclər və İdman Nazirliyindən Meydan Tv-yə verilən məlumata görə, sabah brifinq keçiriləcək. Güman ki, orda açıq qalmış suallara cavab tapmaq mümkün olacaq.
Kanalımıza abunə ol –
https://goo.gl/TcM9Fm