“Hökumət yaşayış evlərinin icbari sığortası qərarını ləğv etməlidir”

İqtisadçı deyir ki, indiki halda mülkiyyətçinin əvəzindən dövlət qərar verərək onu sığortaya məcbur edi

Source: Specify Source


Samir Əliyev: “Ən pis halda sosial gərginlik yaradacaq”

Gələn ildən mənzillər icbari sığortalanmasa, cərimələr tətbiq ediləcək. Artıq sığorta ilə bağlı mənzillərə bildiriş də paylanıb.

Həmin bildirişdə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında məlumat verilir. Bildirilir ki, daşınmaz əmlakın icbari sığortası yanğın və digər hadisələr zamanı dəyən zərərin ödənilməsi üçün tətbiq edilir. Hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.

Bildirişdə Azərbaycanın paytaxtı və bölgələrdə sığortanın qiymətləri ilə bağlı da məlumat var. Bakıda bir illik sığortanın qiyməti 50 manatdır. Əmlak yanğın, partlayış, zəlzələ, subasma, təbii fəlakətlər, yer sürüşməsi və s. risklərdən 25 min manat məbləğində sığortalanır.

Sumqayıt, Gəncə, Naxçıvanda bir illik sığorta qiyməti 40 manatdır. Əmlak 20 min manat dəyərində sığortalanır. Qalan bölgələrin hamısında illik sığorta haqqı 30 manatdır və əmlak 15 min manat məbləğundə sığorta edilir.

İnzibati Xətalar Məcəlləsinin 469.2 və 469.3-cü maddələrinə əsasən, əmlakını sığortalatmayan fiziki şəxs 30, vəzifəli şəxs isə 80, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə edilir.

Şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır.

İqtisadçı Samir Əliyev deyir ki, əslində bu məsələ çoxdan var, sadəcə indi qabardılıb. "İcbari sığortalar haqqında" Qanun 2011-ci ildə, İnzibati Xətalar Məcəlləsi isə 2015-ci ildə qəbul edilib. Birdən-birə bu məsələnin yada düşməsində yeni qazanc mənbəyi əldə etməyə çalışan sığorta şirkətlərinin xidmətləri yüksəkdir:

“Azərbaycanda icrası icbari olan digər qanunları (məsələn, Mənzil Məcəlləsi) yada salan yoxdur, amma mənzillərin icbari sığortası məsələsi gündəmi zəbt edib. Öncədən deyim ki, yaşayış evlərinin icbari sığortası heç də bütün ölkələrdə tətbiq edilmir. Əksər ölkələrdə əmlakın sığortası könüllüdür. İkincisi, bu addım vətəndaşlarımızın Konstitusiya hüququna ziddir. Konstitutsiyanın 29.3-cü maddəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir”.

image_from_ios__2_.jpg
Bildiriş

İqtisadçı deyir ki, indiki halda mülkiyyətçinin əvəzindən dövlət qərar verərək onu sığortaya məcbur edir:

“Avtomobillərin icbari sığortası üçüncü şəxs qarşısında edilir. Dövlət ehtiyacları məqsədilə mülkiyyətin məcburi alınması isə dövlət əhəmiyyətli tədbirlər hesab olunur. Mənzillərin icbari sığortası isə mülkiyyətçinin öz zərərini minimuma endirmək üçün atılan addımdır. Bunun məcbur edilməsi mülkiyyətçinin seçim hüququnu pozmaqdır”.

Samir Əliyev deyir ki, mənzilini sığortalamayanlar üçün nəzərdə tutulmuş cərimə mexanizmi də işləməyəcək. Çünki yerli vergilərdə olduğu kimi cərimənin əhalidən alınması üçün təsir rıçaqları yoxdur:

“Kommunal xidmətlər ödənilməyəndə onların verilməsi dayandırılır. Dövlət vergisi verilməyəndə sahibkarın bank hesabı bloklanır. Avtomobillər icbari sığortalanmayanda sürücü avtomobili itirmək riski ilə üzləşir. Bəs ev məsələsində necə olacaq? Ev mülkiyyətçinin əlindən alınacaq? Bu, daha çox sosial məsələ olduğu üçün inanmıram cərimə məsələsində çox dərinə getsinlər. Ona görə də hökumət yaşayış evlərinin icbari sığortası qərarını ləğv etməlidir. Könüllü sığortalanma mexanizminə keçməlidir”.

Samir Əliyevin fikrincə, sığorta siyasəti maarifləndirmə üzərində qurulmalıdır. Əks halda, sığorta məhsullarının icbari xarakter daşıması əhali üçün ən yaxşı halda işləməyəcək, ən pis halda isə sosial gərginlik yaradacaq.

Ana səhifəİqtisadiyyat“Hökumət yaşayış evlərinin icbari sığortası qərarını ləğv etməlidir”