Ölkə içində məhkəmənin qərarını ədalətli saymayanlar hüquqlarını Avropa İnsan Haqları Məhkəməsində müdafiə edirlər. Siyasi baxışlarına, insan haqları sahəsində işlərinə görə həbs olunduqlarını deyən şikayətçilərin hüquqları əsasən təmin olunur. Onlara dəyən maddi və mənəvi zərərə görə Azərbaycan hökuməti kompensasiya ödəyir. Əvvəllər hökumətin kompensasiya ödənişi ilə bağlı problemlər yaşanmasa da ötən ilin sentyabrından başlayaraq ödənişlər gecikdirilir. Vəkillərə gecikdirilmənin rəsmi səbəbi deyilməsə də, qeyri-rəsmi pulun olmadığı əsas gətirilir. Xalid Bağırov təqribən yarım milyon avrodan söhbət getdiyini deyir.
“İki versiya var. Əsasən düşünürük ki, hökumətin vəziyyəti çox pisdir. Maliyyə problemləri olduğuna görə pullar ödənmir. Amma bir də o ola bilər i, Azərbaycan hökuməti qəsdən bu pulları ödəmək istəmir. Bildiyiniz kimi, belə bir nüans var ki, hər hansısa bir qurumun qərarları icra olunmursa, etkili deyilsə, o qurumun nüfuzu düşməyə, əhəmiyyəti itməyə başlayır. Yəqin ki, Azərbaycan hökuməti də bir yandan Azərbaycan toplumunda Avropa İnsan Haqları Məhkəməsinə verilən nüfuzu öldürməyə çalışır.Bu da onun bir göstəricisi ola bilər.”
İyulun 4-dən Avropa Məhkəməsinin qərarı ilə Azərbaycan hökuməti hüquq müdafiəçisi Rəsul Cəfərova 32 min 700 avro ödəməlidir. Rəsul Cəfərovun sözlərinə görə, məbləğ indiyə kimi ödənilməyib. O gecikdirmənin səbəbini Azərbaycan Avropa Məhkəməsinin səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovdan soruşub. Çingiz Əsgərov cavabında maliyyə sənədlərini göndərdiyini deyib.
Azərbaycan Xalq Cəbhəsi partiyasının üzvü Təzəxan Mirələmli və onunla birgə 30-a yaxın fəal da hökumətə kəsilən 12min avroluq kompensasiyasını ala bilmir. O, 2012-ci ildə Fəvvarələr Meydanında keçirilən mitinqlərdə həbs olunduğuna görə, İnsan Haqları Məhkəməsinə müraciət etmişdi.
“7 ay bitib, amma hələ kompensasiya ödənilməyib. Biz əvvəlcə vəkillərə müraciət etdik ki, iş nə yerdədir. Prezident Aparatında həmin işlə məşğul olan Çingiz müəllim deyib ki, guya kompensasiyalar fevralda ödənəcək. O, hətta deyib ki, məbləğ cərimələrlə birgə ödəniləcək. Artıq fevral da bitmək üzrədir. Hələ bir xəbər yoxdur”.
Ödənilməyən yüzminlərlə kompensasiya təkcə şikayətçilərin deyil, vəkillərin də planlarını yarımçıq qoyub.
“Həm özümün, həm də ailəmin banklara yaranmış borc öhdəliklərinin aradan qaldırılmasını planlaşdırıram. Digər hissədə ayrıca bir mənzil almağı planlaşdırırdım. Çünki buna ailəmizin ehtiyacı yaranıb”-hüquq müdafiəçisi Rəsul Cəfərov deyir.
Vəkil Xalid Bağırov isə başqa gəlir mənbəyinin olmadığını dilə gətirir:
“Əldə etdiyim qazancı da bu şəkildə vermirlərsə, təbii ki, təsir edir. Təsir etməmiş deyil”.