Hökumət Xədicə İsmayıla qarşı törədilən cinayətlə bağlı AŞ NK-ya məlumat təqdim edib

Xədicə İsmayıl. Foto: Meydan TV

Jurnalistin şəxsi bilgilərini kimin yaydığını müəyyən etməyin mümkün olmadığı bildirilib

Azərbaycan hökuməti Avropa Şurası Nazirlər Komitəsinə araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı şəxsi görüntülərinin yayılması kontekstində törədilmiş cinayətlərlə bağlı məlumat təqdim edib.

Avropa Məhkəməsinin qərarlarından və Avropa Şurası Nazirlər Komitəsinin müvafiq qətnaməsindən sonra jurnalistin işinin araşdırılması məqsədilə 2015-ci ildə dayandırlmış cinayət işi 2022-ci ildə yenilənib.

Hüquqşünas Xalid Ağəliyev deyir ki, bu çərçivədə hansı işlərin görülməsi haqda indiyədək ictimaiyyətə hər hansı məlumat verilməyib. İndi isə hökumət Avropa Şurası Nazirlər Komitəsinə xeyli ətraflı məlumat təqdim edib.

“Təqdimatda vurğulanır ki, Xədicə İsmayılla bağlı demək olar ki, bütün şəxsi görüntü, məlumatlar publik sahələrdən silinib. Təhqiqatla bağlı qeyd edilir ki, 17 avqust 2015-ci il tarixli qərarla dayandırılmış cinayət işinin istintaqı, 15 oktyabr 2022-ci il tarixdə Baş Prokurorluğun müstəntiqinin Avropa Şurası Nazirlər Komitəsinin müvafiq qətnaməsinə istinad olunan qərarı ilə yenidən başlanılıb. Yenilənmiş cinayət işi çərçivəsində aşağıdakı istintaq-əməliyyat tədbirlərinin keçirildiyi bildirilir”.

Məlumatda həmçinin, qeyd edilib:

  • X.İsmayılın videogörüntülərin çəkildiyi mənzildə əvvəllər süpürgəçi işləyən şəxs və əri şahid qismində dindirilib. Onlar ifadələrində mənzildə gizli çəkiliş aparılması və bunun kim tərəfindən edilməsi haqda məlumatlı olmadıqlarını bildiriblər;
  • Yasamal Telefon Qovşağı”nın X.İsmayılın mənzilində telefon xətti çəkilişində iştirak etmiş 3 əməkdaşı, habelə, 3 poçt əməkdaşı dindirilib;
  • Yasamal Telefon Qovşağı”nın əməkdaşlarının istifadə etdikləri mobil telefonlar üzrə danışıqlar götürülüb, təhlil edilib;
  • İsmayılın qonşuları ilə münasibətlərinin, onların şəxsi münasibətlərinin, mənzildə olmuş şəxslərin əhatə dairəsinin, videogörüntülərin yayıldığı internet saytlarının istifadə etdikləri IP ünvanların və faktla bağlı digər halların müəyyən edilməsi məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinə və Daxili İşlər Nazirliyinə operativ tapşırıqlar verilib, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müvafiq sorğular göndərilib.
Xalid Ağaliyev. Foto: Meydan TV

Təqdimatda qeyd edilir ki, təəssüflər olsun ki, Xədicə İsmayılın şəxsi həyatı ilə bağlı məlumatların kim tərəfindən ələ keçirildiyini, çəkilişlərin kim tərəfindən və hansı üsulla aparıldığını, şəxsi bilgiləri kimin yaydığını müəyyən etmək mümkün olmayıb”, – Xalid Ağəliyev bildirir.

Görüntülərin 2011-ci ilin may-sentyabr aylarında çəkildiyi ehtimalı üzrə, həmin tarixlərdə mənzilin yerləşdiyi sahənin mobil operatorların məlumatları təqdim etməsi üçün məhkəmə qərarı da çıxarılıb. Həmin qərar üzrə məlumatlar əldə edildikdən sonra təhlil ediləcək.

Görüntülərin yayıldığı “http://musavat.tv”, “milli-shura(.)org” və “ictimaipalatka(.)com” serverlərində yayımlanan şəxsi məlumatların əldə edilməsi məqsədilə ABŞ-a hələ ki, cavablandırılmamış beynəlxalq hüquqi yardım sorğusu göndərilib.

Ana səhifəSiyasətHökumət Xədicə İsmayıla qarşı törədilən cinayətlə bağlı AŞ NK-ya məlumat təqdim edib