Hökumət unun ucuzlaşdığını, ekspert isə əksini deyir

”Nazirliyin prosesi nəzarətdə saxlamaq barədə dedikləri əsassızdır”

Source:


”Nazirliyin prosesi nəzarətdə saxlamaq barədə dedikləri əsassızdır”

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirlərini davam etdirir. Daha çox tələb olunan istehlak malları üzrə təhlillər aparılır.

Nazirliyin apardığı monitorinqlər göstərir ki, yumurtanın qiyməti bu il yanvarın 1-nə nisbətən 25 faizədək azalıb. Hazırda qiyməti 12-15 qəpik arasında dəyişir.

APA nazirliyə istinadən son günlər unun da ucuzlaşdığının müşahidə olunduğunu yayıb. Bildirir ki, süni qiymət artımına və sui-istifadə hallarına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ciddi tədbirlər görüləcək.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov son 10 gündə yumurtanın qiymətində azalma olduğunu təsdiqləyib. Bildirir ki, giləzi adıyla alıcılara satılan yumurta 12 qəpiyə düşüb:

“Bu isə idxalın artımıyla bağlıdır. Ancaq unun qiymətində azalmanın müşahidə olunması dedikdə, bu, konkret olmalıdır. Əslində, unun qiymətində 15-20 faizə qədər artım var. Kənd rayonlarında unu 28-30 manata təklif edirlər. Əvvəllə isə 24-25 manat idi”.

Vahid Məhərrəmov bildirib ki, İqtisadiyyat Nazirliyinin prosesi nəzarətdə saxlamaq barədə dedikləri əsassızdır. Çünki qiymətin süni olub-olmadığını müəyyən etmək qeyri-mümkündür. Bunun üçün hər hansı cihaz da yoxdur:

“Bəzi istehsalçıların istehsal xərcləri çox olduğu, yaxud şəraitləri, texnologiyaları, tətbiq etdikləri vasitələr fərqli olduğundan əldə etdikləri məhsulun maya dəyəri də fərqlidir.  Bundan əlavə, yol xərclərini nəzərə almaq lazımdır. Biri var Qazaxdan, biri də var Qubadan mal gətirələr, fərqli xərclər yaranır. Qiymətin süni olması bazarda müəyyən olunur. Bazarda müəyyən olunur ki, malın, məhsulun dəyəri reallıqla bağlıdır, yoxsa əksinədir. Gədəbəy kartofunun keyfiyyəti yüksək olduğundan 1 manat 50 qəpiyə təklif olunur, digər bölgələrin kartofu isə 1 manata satılır. 50 qəpik fərqi var”.

Vahid Məhərrəmov

Vahid Məhərrəmov deyir ki, Gədəbəy kartofunun qiymətinin süni artırıldığını demək olmaz. Orada məhsuldarlıq aşağı olduğundan maya dəyəri baha başa gəlir:

“Məsələn, Gədəbəy kartofunun maya dəyəri 45, Şəmkirdə istehsal olunan kartofun maya dəyəri 20, Cəlilabad kartofunun maya dəyəri isə 10 qəpik idi. İndi burada süni fərq olduğunu demək olarmı? Güman ki, nazirlik bayram öncəsi bazarlara təzyiq etmək istəyir, amma mümkün olmayacaq. Sahibklarlar bayramda gəlir əldə etmək istəyirlər. Bu, təbiidir. Onlar buna nail olacaqlar. Hökumət də bunun qarşısını ala bilməyəcək”.

Ana səhifəXəbərlərHökumət unun ucuzlaşdığını, ekspert isə əksini deyir