Əczaçı: “Xəstələr ağrıkəsici və ya təzyiq üçün dərmanları dənə-dənə alırlar”
Noyabrın 28-də Tarif Şurası bəzi dərmanların qiymətini artırdı. Şuranın açıqlamasında yalnız o bildirildi ki, qiymətlər manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb. Dərmanların neçə faiz bahalaşdığı açıqlamada yer almadı. Üstəlik, bu dəfə müqayisəli cədvəl verilmədi. Halbuki, əvvəllər dərmanlar 5 faiz ucuzlaşdıqda belə şuranın rəsmi internet səhifəsində müqayisəli qiymətlərin əks olunduğu cədvəl yerləşdirilirdi. İndi verilmiş cədvəldə isə yalnız dərmanların topdansatış və pərakəndə qiymətləri qeyd edilib.
Bahalaşmanın10 min 166 dərmanı əhatə etdiyi bildirilir (http://www.tariffcouncil.gov.az/documents/DVA.pdf).
“Yoxa çıxmış” dərmanlar satışda
Aptek işçiləri deyir ki, qiymət artımından dərhal sonra uzun müddətdən bəri“yoxa çıxmış” dərmanlar satışa verilib.
“Pentalgin”, “Nurofen” həbləri, “Aloe” iynəsi, “İndametasin” həbi və mazı, “Blokium B12” iynəsi və bir çox dərman noyabrın 29-dan, yəni yeni qiymətlərin tətbiq edildiyi gündən satışa verilib.
“Zeytun” apteklər şəbəkəsindən bildirirlər ki, bu dərmanların hər birinin qiyməti ən azı 10-15 faiz artıb. Məsələn, “Blokium B 12” 4 manat bahalaşıb.
Aptekdən onu da bildiriblər ki, çoxdandır satışa verilməyən dərmanlar arasında “Nurofen” də vardı və hazırda apteklərin əksəriyyətində bu dərmandan tapmaq mümkündür. “Nurofen” siropunun qiyməti 10 faiz artıb.
“Zəfəran” aptekindən də bahalaşmanın 95 faiz dərmanlara şamil edildiyini təsdiqləyiblər. “Məsələn, “Neyromidin” həbinin qiyməti 25 manat olub, son bahalaşmadan əvvəl isə 17 manata satılırdı. Həmçinin “Actovegein” həbi 46 manatdan 52 manat 28 qəpiyədək bahalaşdırılıb”,-aptekin Səbinə adlı satıcısı deyib.
Bahalaşma narazılıq yaradır
Satıcılar etiraf edirlər ki, bahalaşma narazılıqlara səbəb olur:
“Əvvəllər 1 manata satılan “Spazmalqon” ağrıkəsicilərin qiyməti 2 manat 95 qəpiyə olub. Təzyiq üçün təyin edilən “Biffekt” həbləri isə 2 manatdan 10 manat 74 qəpiyədək bahalaşıb. İndi xəstələr ağrıkəsici və ya təzyiq üçün dərmanları dənə-dənə alırlar”,-əczaçı Akif Hüseynov deyir. Və əlavə edir ki, bəzi dərmanları yarı-yarı verə bilmirlər:
“Bəzən xəstə yaxınlarının əlacsız yalvarışlarına dözmək olmur, məcbur oluruq. Amma bahalı dərmanları yarıya bölüb verməyə ixtiyarımız yoxdur”.
Bahalaşmış dərmanların sırasında “Sinerazin” tərkibli dərmanlar da var və bu dərmanlarınson 1 il ərzində 30 faiz bahalaşdığı bildirilir. Ümumilikdə, 300-dən artıq yeni dərman vasitəsinin satış qiymətləri təsdiq edilib.
Farm şirkətlərindən isə dərmanların bahalaşmasının qaçılmaz olduğunu bildirirlər.
“Məsələn, bizim firma tərəfindən 17 dollara başa gələn dərmanı 10 manata satmağa məcbur edirdilər. Nəticədə daha ucuz dərman, yəni əvəzedicilər gətirməyə məcbur oluruq. Dərmanlar ya dolların məzənnəsinə uyğun hesablanmalı, ya da hökumət farm şirkətlərinə əlavə güzəştlər verməlidir”, -bunu isə adının açılanmasını istəməyən farm şirkətinin sahibi deyir. Onun sözlərinə görə, dərmanların qeydiyyatından tutmuş saxlama anbarınadək xərclər artıb. Bu da qiymətlərə təsirsiz ötüşmür.
“Dərmanlar yenidən bahalaşa bilər”
Səhiyyə üzrə ekspert Nəsib Məmmədov isə deyib ki, əksər ölkələrdə qiymətlər dövlət tərəfindən tənzimlənir, lakin sığorta sistemi olduğundan bundan nə farm şirkətləri, nə də aztəminatlı ailələr ziyan çəkir. Azərbaycanda dərmanlara tələbat birbaşa idxal hesabına ödənilir. Dolların bahalaşması dərmanların qiymətinə təsirsiz ötüşmür:
“Dollar demək olar ki, hər gün bir az bahalaşır. Buna görə də yaxın aylarda dərmanların qiyməti yenidən yüksələ bilər. Hökumət təcili sığorta sistemini işə salmalıdır”.
İqtisadiyyat Nazirliyi isə vətəndaşlara tövsiyə edir ki, dərmanların tənzimlənmiş qiymətlərdən baha satışına rast gəldikləri halda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etsinlər.