Hökumət Tarkana ödəyəcəyi 500 min dolları hardan alacaq?

Natiq Cəfərli: ”İndiyədək heç bir ölkə təkcə idman yarışları ilə turizmi inkişaf etdirməyib”

Source:
foto sosial şəbəkə


Natiq Cəfərli: ”İndiyədək heç bir ölkə təkcə idman yarışları ilə turizmi inkişaf etdirməyib”

Türkiyənin meqastarı Tarkan Formula 1 Qrand-Prix yarışları çərçivəsində Bakıda konsert verəcək.

Türkiyənin “sabah.com.tr” saytı

yazır ki

, Azərbaycan hökuməti konsertə görə Tarkana 500 min dollar ödəyəcək.

Tarkan konsert verəcəyini “İnstagram” səhifəsində təsdiqləyib. Buna görə həyəcanlı olduğunu deyib.

Tarkandan əvvəl Bakı Formula 1 yarışlarının açılış mərasiminə Enrique İglesias, Chris Brown və Pharrell Williams kimi məşhurlar dəvət edilib.

Ümumiyyətlə, Formula 1 bugünədək Azərbaycanın ev sahibliyi etdiyi ilk yarış deyil. Daha öncə “Eurovision” Mahnı Müsabiqəsi, 2015 Yay Avropa Olimpiya Oyunları keçirilib. Mayda isə İslam Həmrəyliyi Oyunları olacaq.

“Eurosport” nəşri yazır ki, 2015 Yay Avropa Olimpiya Oyunlarının açılış mərasimində 10 dəqiqəlik çıxışına görə, amerikalı müğənni Ledi Qaqaya  2 mln. dollar qonorar ödənib.

Azad Rəhimov: “Ledi Qaqaya 1 milyon dollar ödənib”

“Formula 1 azarkeşlərini əyləndirmək üçün təşkil olunacaq konsertə dünya səviyyəli ulduzlar gələcək”, – gənclər və idman naziri Azad Rəhimov belə deyib.

Azad Rəhimov

Fevralın 2-də jurnalistlərə açıqlamasında xarici ulduzların qonararı barədə danışan nazir rəqəmlərin sirr olmadığını bildirib:

“Mütəxəssislər dünya ulduzlarının hansı məbləğə çıxış etdiklərini bilirlər. Bəziləri 3 min, bəziləri 30-50 min, bəziləri isə 300 min dollara gəlirlər. Məsələn, I Avropa Oyunlarının açılışında çıxış edən Ledi Qaqaya 1 milyon dollar ödənmişdi”.



Ulduzların qonorarı hardan ödənir?

İqtisadçı Natiq Cəfərli deyir ki, 2017-ci ilin büdcəsində bu tipli yarışların keçirilməsi üçün xərclər nəzərdə tutulmuşdu. Gənclər və İdman Nazirliyinin büdcəsində 230 milyona yaxın artım var idi:

“Rəsmi açıqlama verməsələr də, aydındır ki, nazirliyin xərclərinin bu qədər artması keçiriləcək müxtəlif yarışlarla bağlıdır. Nazirlər Kabinetinin müxtəlif üzvlərinin də təmsil olunduğu Əməliyyat Komitəsi var. Onlara büdcədən vəsait ayrılır və bütün xərclər oradan ödənir. Oyunların açılış və qapanış mərasimlərinin xərcləri də həmin komitə tərəfindən verilir. Bunlar öncədən nəzərdə tutulmuş, büdcədən ayrılan vəsaitlərdir”.

“Turistlərin Azərbaycan iqtisadiyyatına verdiyi çəkilən xərcləri kompensasiya etmir”

İqtisadçı bildirir ki, indiki iqtisadi durumda bu tipli yarışların keçirilməsinin məqsədəuyğun olub-olmaması sual doğurur:

Natiq Cəfərli

“Hökumətin isə bunun qarşılığında rəsmi mövqeyi odur ki, bu tipli yarışlar ölkənin tanıtımına və turistlərin gəlişinə xidmət edir. Ancaq turistlərin Azərbaycan iqtisadiyyatına verdiyi çəkilən xərcləri kompensasiya etmir. Biz hələ ki, bu xərclərin müsbət təsirlərini görmürük. Ancaq İslam Oyunları və Formula 1 yarışlarından sonra turizm sektorunda müəyyən irəliləyişlərə nail ola bilərlər. Hökumət bir şeyi dəqiq anlamalıdır ki, tək idman oyunlarının keçirilməsi, tanıtımla turizmi inkişaf etdirmək mümkün deyil. Vizaların sadələşdirilməsi turizmə daha çox xeyir verdi, nəinki bu tipli yarışlar”.

“İndiyədək heç bir ölkə təkcə idman yarışları ilə turizmi inkişaf etdirməyib”

Natiq Cəfərli deyir ki, hökumət elektron viza sisteminə keçəndən sonra ölkəyə gələn turist sayında ciddi artım oldu:

“Deməli, belə yarışların keçirilməsi ilə paralel digər sahələrdə də inzibati bariyerlərin aradan qaldırılması, turizmin inkişafı üçün proqramların həyata keçirilməsi, daha cəlbedici turist marşurtlarının yaradılması vacibdir. Bəlkə bunun sahəsində büdcədən ayrılan vəsaitlər bir müddət sonra müxtəlif kanallarla geri qayıdar. İndiyədək heç bir ölkə təkcə idman yarışları ilə turizmi inkişaf etdirməyib. Paralel addımlar atılmasa, bunun effekti olmayacaq”.

“İslam Oyunları üçün 100 milyon dollar nəzərdə tutulub”

“İslam oyunlarının keçirilməsi üçün təxminən 100 milyon dollar nəzərdə tutulub”, – gənclər və idman naziri Azad Rəhimov dekabrın 27-də keçirdiyi konfransda belə deyib.



İndiyədək olan yarış və müsabiqələrə xərclənən pullar

5 il boyunca Azərbaycanda keçiriləcək Formula 1 yarışına ötən il xərclənən rəsmi vəsait açıqlanmadı. Azad Rəhimov təkcə onu dedi ki, Avropa Qran Prisi məqsədilə nəzərdə tutulan yollarda təmir işləri üçün 12 milyon manat ayrılıb.

“Eurovision” mahnı müsabiqənin keçirildiyi “Cristal Hall”ın tikintisinə Nazirlər Kabinetinin sərəncamı ilə bölgələrin su və kanalizasiya büdcəsindən 57 milyon manat kəsilmişdi. Azadlıq Radiosunun bu barədə araşdırmasında deyilir ki, zalın tikintisinə sonradan daha 46 milyon 900 min manat da ayrılıb.

Ərazidə yolun genişləndirilməsi, yeni yol çəkilməsi, yeraltı keçidlərin tikilməsi və s. işlərlə birgə “Eurovision” Azərbaycana 397,8 milyon manata başa gəlib.

Avropa Olimpiya Oyunlarına gəlincə, 2014-cü ilin dövlət büdcəsindən Bakı Olimpiya Stadionunun tikintisinə 280, Avropa oyunları parkının tikintisinə 150, Su İdman Sarayının tikintisinə 190, stend atıcılığı üzrə kompleksin yenidən qurulmasına 70, Gimnastika kompleksinin tikintisinə 79,739, Mingəçevirdə “Kür” Olimpiya İdman Tədris Mərkəzindəəlavə işlərin görülməsinə, 9.5, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin təmirinə 36,7, Əl Oyunları Sarayının təmirinə isə 27 milyon manat vəsait ayrılıb.

Dövlət rəsmiləri oyunların “əməliyyat xərcləri” üçün 2015-ci ilin dövlət büdcəsindən 1 milyard manat ayrıldığını desə də, “BBC Azərbaycanca”nın hesablamaları  bu rəqəmin 5 milyard manata yaxın olduğunu göstərir.

Ana səhifəXəbərlərHökumət Tarkana ödəyəcəyi 500 min dolları hardan alacaq?