”Hökumət siyasi böhrandadır” (VİDEO)

REAL Hərəkatının təşəbbüsü ilə Azərbaycanın iqtisadi, siyasi durumu müzakirə edilib. Tədbirdə iqtisadi böhran şəraiti, bu böhrandan çıxış yolları haqqında fikir mübadiləsi aparılıb.

Toplantıda ictimai-siyasi şəxslər, media ekspertləri və REAL Hərəkatının İH-nin bəzi üzvləri iştirak ediblər.

Çıxış edən “Turan” İA-nin rəhbəri Mehman Əliyev ölkədə artıq neft erasının bitdiyini deyib:

“Hakimiyyət məcbur olacaq ki, insan kapitalından istifadə etsin, onu işə salsın. Çünki başqa çıxış yolu yoxdur. O da azadlıqlara gətirib çıxaracaq. Çünki siyasi və iqtisadi azadlıqlar bir-birilə kifayət qədər bağlıdır. Başqa bir məsələ var, hakimiyyət çalışacaq ki, prosesi uzatsın. Mən hesab edirəm ki, bu, mənasız siyasətdir. Azərbaycan xalqını 20 ildən artıqdır ki, süründürməçilik siyasəti ilə bu vəziyyətə saldılar. Hesab edirəm ki, buna son qoymaq lazımdır. Yeganə çıxış yolu cəmiyyətə azadlığı vermək və irəli getməkdir”.

İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, parlament seçkiləri şəffaf keçirilsə də, iqtisadi böhran çox dərinə işləyib.

Politoloq Zərdüş Əlizadə çıxışında bildirib ki, indi etiraz edən kütlə hansısa siyasi dəyişikliyə nail olacaq qüvvə deyil:

“Bu xalq mütləq mənada yoxsullaşacaq. 90-cı illərin ortasında Famil Mehdi deyirdi: “Utanma, professor, utanma”. Dilənirdilər. Zibil yeşiklərindən qaxsımış çörək axtarırdılar. Bu, bizi gözləyir. Bu hakimiyyətlə, bu cəmiyyətlə, bu xalqla, bu siyasi quruluşla bizi belə günlər gözləyir. Mənim müsbət dəyişikliyə ümidim azdır. Yalnız ümidim onadır ki, tarix həmişə ən bədbin öncəgörmələrə rəğmən, cəmiyyəti silkələyir. Cəmiyyət axırda özü üçün xilas yolu tapır”.

Toplantıda digər ictimai şəxslər də böhrandan çıxış yolları ilə bağlı fikirlərini söyləyiblər.

Ana səhifəVideo”Hökumət siyasi böhrandadır” (VİDEO)