Arzu Abdullayeva Malena Mardın fikirlərini dəstəklədi
“Dağlıq Qarabağla bağlı Avropa Əməkdaşlıq layihəmiz var”.
APA-nın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
O bildirib ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vətəndaş cəmiyyəti aktorlarının maliyyələşdirilməsi, qadın təşkilatları üzvlərinin görüşlərinin təşkili və digər mümkün imkanlardan yararlanmaqda davam edəcək: “Biz insanların, qadınların, gənclər təşkilatları üzvlərinin görüşməsi üçün bu kimi platformaların təşviqini davam etdirmək istəyirik. Siz yalnız dialoqla irəli gedə bilərsiniz”.
M.Mard danışıqlar prosesinin ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparıldığını xatırlatsa da, Avropa İttifaqının insanlararası münasibətlərin qurulmasının təşəbbüskarı olmaq istədiyini də vurğulayıb. “Bu məsələ Avropa İttifaqının xüsusi nümayəndəsi Herbert Salberin mandatına daxildir. O, bu gün və sabah Bakıda olacaq. Burada o, rəsmi şəxslərlə yanaşı vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcək”.
Malena Mardın fikirləri haqda Meydan TV-nin suallarını cavablandıran Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva onların da bu istəkdə olduğunu söyləyib. Hüquq müdafiəçisi deyib ki, Avropa İttifaqının Azərbaycan nümayəndəliyi nə planlaşdırdıqlarını açıqlamalıdır. Danışıqların forması tapılmalıdır və Avropa İttifaqının Azərbaycan nümayəndəliyi heç vaxt bundan imtina etmir: “Biz martın 15-də Avropa İttifaqının Cənubi Qafqaz münaqişələrinin həlli üzrə xüsusi səfiri Herbert Salberlə görüşəcəyik. Bu təmasda münaqişənin həlli üçün hansı səylərin lazım olduğunu açıqlayacağıq”.
Arzu Abdullayeva bildirib ki, hökumətin bu məsələyə münasibəti dəyişməlidir: “Bizim bununla bağlı ideyalarımız və təkliflərimiz çoxdur. Hökumət qrant siyasətini və vətəndaş cəmiyyətinə münasibətini dəyişməyənə qədər bu yöndə cəhdlərimiz uğursuz olacaq. Biz hökumətlə bu məsələlərin dialoqla həllinin tərəfindəyik. Amma nöqsanları da deməliyik, susmaq problemləri həll etmir”.