Hökumət Qərbdən pul, Qərb hökumətdən insan haqları istəyir

Neft qiymətlərinin düşməsi Azərbaycanın “parıltılı” paytaxtının hər guşəsində görünür

Source:



“The Finacial Times” qəzetində Jack Farchy yazır ki, qlobal neft qiymətlərinin düşməsi Azərbaycanın “parıltılı” paytaxtının hər guşəsində görünür. Bütün şəhər Azərbaycan, rus və ingilis dillərində yazılmış “kirayə elanları” ilə doludur.

Məqalədə deyilir ki, Azərbaycan neft qiymətlərinin çökməsindən ən ağır zərbə almış ölkələrdən biridir. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə Azərbaycan iqtisadiyyatı bu il daha 3 faiz geriləyəcək.

Farhy yazır ki, böhran yalnız şəhər boyunca dükanların bağlanmasına səbəb olmayıb, o həm də Bakını ölkənin neftdən asılı, korrupsiyalı iqtisadiyyatını islah etmək barədə düşünməyə vadar edib.

Müxbirin fikrincə, bu, Qərb hökumətlərinə və beynəlxalq maliyyə fondlarına illərdir onların dilini qısa edən insan haqları məsələsində İlham Əliyevə təzyiq göstərmək aləti verib. Məqalədə deyilir ki, mühüm layihələri maliyyəlləşdirmək üçün milyardlarla dollara möhtac olan hökumət də bu məsələdəki sərt mövqeyini bir qədər yumşaldıb. Bir sıra hay-küylü siyasi məhbuslar azad edilib.


Hökumət möhtacdır

GPW risk konsaltinqi firmasından Livia Paggi də hesab edir ki, milli valyutanın kəskin ucuzlaşması hökuməti özünün iqtisadi və xarici siyasətlərinə yenidən baxmağa məcbur edib.

“İndiki hökumət beynəlxalq maliyyələşdirmə ehtiyacındadır özünün bərbad insan haqları vəziyyəti barədə Qərbin narahatlıqlarına könülsüz reaksiya verir” – deyib Paggi.

“The Financial Times” yazır ki, hökumət 30 milyard dollarlıq ehtiyat fonduna sahib olmasına baxmayaraq BVF-dən kredit götürmək mümkünlüyünü öyrənir.

Neftçi, Foto: Getty images
Neftçi, Foto: Getty images


Biz elə bilirdik ki…

Məqalədə deyilir ki, Azərbaycan prezidentinin müşaviri Natiq Əmirov da müəyyən çətinliklərin olduğunu etiraf edir.

“Biz postneft erasına 10-15 ildən sonra daxil olacağımızı gözləyirdik, lakin indi faktiki olaraq həmin eraya düşmüşük. Biz gərək son bir neçə ildə başladığımız islahatları bir qədər sürətləndirəydik” – deyib Əmirov.

Məqalədə deyilir ki, cənab Əmirov Azərbaycan iqtisadiyyatının 2025-ci ilədək yol xəritəsinin tərtibi üçün McKinsey firmasını kirayələyib. Onun hesabatı oktyabrda hazır olmalıdır.

“The Financial Times” yazır ki, buna baxmayaraq hökumət bir sıra kəskin problemlərin həllini ləngitməmək istəyir. Məqalədə deyilri ki, investorlar çoxdan bəridir korrupsiyadan şikayətlənirlər, ölkənin neft sərvəti sadəcə olaraq yaxşı əlaqələri olan bir neçə ailəyə çatır.


Rüşvətə veriləni indi dövlət alır

Farhy daha sonra gömrük sistemində həyata keçirilmiş bir sıra tədbirlərdən yazır. O qeyd edir ki, məsələn, əvvəllər hər hansı şirkət xaricdən nəyinsə 10 dənəsini gətirəndə bunun 3-ü gömrükdən qanuni keçirdisə, qalanının məsələsi “masaaltı rüşvətlə” həll olunurdusa, indi isə bu praktika aradan qaldırılıb. Rüsum yüksəldilib, amma rüşvət yığışıb.

Cənab Əmirov bildirir ki, “indi daha çox ödəyirlər, amma qanuni şəkildə”. O deyir ki, məhz bunun sayəsində 2016-cı ilin ilk 6 ayı ərzində gömrük gəlirləri 30 faiz artıb.

Məqalədə bildirilir ki, hökumət həmçinin son üç ildə Qərblə gərgin olan münasibətlərinə nəzər yetirir. Washington və Brüssel ölkədə jurnalistlər, fəallar və QHT-lər üzərinə basqıları tənqid edirlər.

Bu da xatırladılır ki, Bakı indiyədək bu tənqidlərə əks-ittihamlarla cavab verib. Məsələn prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib ki, ABŞ və Qərb Azərbaycanda “xaos və qanunsuzluq” yaratmağa çalışırlar.

“The Financial Times” yazır ki, buna baxmayaraq prezident İlham Əliyev ötən mart ayında ABŞ-da dövlət katibi John Kerry ilə görüşüb.

Azərbaycan həmin vaxtdan bəri 17 jurnalist və fəalı həbsxanadan azad edib.

Onların arasında təhqiqatçı jurnalist Xədicə İsmayılova da var.


Azərbaycanı sanksiyalar qorxudur

“The Financial Times” yazır ki, təhlilçilərin fikrincə burada Azərbaycana sanksiyalar qoyulmasını təklif edən qətnamə layihəsinin ABŞ Konqresində olması əsas rol oynayıb.

“Amma əsas rolu, heç şübhəsiz, Bakının böyük bir hissəsi Qərb maliyyə təsisatların gəlməli olan milyadlarla dollara ehtiyacının olması oynayıb” – deyilir məqalədə.

Azərbaycanın həyati layihəsi olan Cənub Qaz Dəhlizi 46 milyard dollar tələb edir. Bu dəhlizlə Xəzər qazı Avropa bazarına çıxmalıdır.

Məqalədə deyilir ki, bu layihə Azərbaycan hakimiyyəti üçün çox mühümdür, çünki Bakı tənəzzüldə olan neft gəlirlərinin yerini qaz gəlirləri ilə doldurmağa ümid edir.

Bu layihədə Azərbaycanın payına 14 milyard dollar düşür və bunun 8 milyardı hələ əldə edilməlidir. Bakı 5 milyard dollarlıq kredit üçün Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya Bankı kimi təsisatlara üz tutub.

Qəzet yazır ki, kredit danışıqları xarici donorlara Bakı üzərinə siyasi təzyiq imkanı verib.


Qərb konkret əməl gözləyir

Farhy yazır ki, burada əsas rolu Osloda mənzillənmiş Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (The Extractive Industries Transparency Initiative- EITI) oynayır.

Məqalədə deyilir ki, Qərb Azərbaycandan siyasi islahatlar sahəsində konkret addımlar gözləyir.

EITI əmin olmaq istəyir ki, Azərbaycan istədiyi 5 milard dolların müqabilində təşkilatın bir sıra siyasi tələblərini yerinə yetirməlidir.

Lakin qəzetin yazdığına görə hökumət rəsmiləri maliyyə təsisatlarının insan haqları kimi məsələlərə qarışmasına hələ də acıqlı yanaşır.

Farhy hesab edir ki, buna baxmayaraq hökumət Azərbaycanın EITI öhdəliklərini yerinə yetirməsi istiqamətində hərəkət etməyə məcbur olacaq.

Məqalədə deyilir ki, təzyiq artıq ilk bəhrələrini verir. Məsələn EITI şurasında təmsil olunmuş Qubad İbadoğlu bildirib ki, onun QHT-sinin dondurulmuş bank hesabları mart ayından təkrar açılıb.

Ümumilikdə isə Azərbaycanın EITI öhdəliklərinə icra etməsinə dair hesabat oktyabrda dinlənəcək.

“The Financial Times” qəzetinin yazdığına görə Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsümov deyib ki, Azərbaycanın bu təşkilatdan xaric edilməsi xoşagəlməz hadisə olardı.

Cənab İbadoğlu isə bildirib ki, “hökumət bir qədər tərəqqi edib, lakin bu, çox azdır”.


Əliyev öz sistemini islah edə biləcəkmi?

Məqalədə deyilir ki, Azərbaycanda olan bir sıra müşahidəçilər cənab Əliyevin 13 illik prezidentliyi zamanı formalaşmış sistemə təkan verə biləcəyinə şübhə ilə baxırlar.

Farhy yazır ki, iqtisadi islahatların hələlik adi azərbaycanlılara elə bir təsiri olmayıb. Ötən həftə banklar xarici valyuta satışına məhdudiyyət qoyandan bəri ölkəni yeni devalvasiya qorxusu yenidən bürüyüb. Rəsmi Bakı bildirir ki, bank sektorunda dollara ehtiyac ölkənin neft fondundan edilən müntəzəm satışların verə bildiyindən 5-6 dəfə çoxdur.

Bu arada insan haqları fəalları həyəcanla bildirirlər ki, həbsdən azad olunanların yeri, yeni həbslərlə doldurulur.

Xanım Paggi isə bu qənaətdədir ki, ölkədəki islahatlar neftin qiymətindən asılı olacaq.



Tərcümə: BBC Azeri

Ana səhifəXəbərlərHökumət Qərbdən pul, Qərb hökumətdən insan haqları istəyir