Hökumət, onun funksiyaları və legitimliyi haqqında

Hökümət nə qədər legitimdirsə, onun tətbiq etdiyi zor bir o qədər də qanunidir.

Source:

“Hökumət” elə bir nəsnədir ki, onun vasitəsilə təəbələr və ya vətəndaşlar idarə edilir və yaxud yönləndirilir. Hökumətin bu və ya digər cəmiyyətdə çox mühüm funksiya daşıdığı hamı tərəfindən qəbul edilsə də, onun konkret vəzifə və funksiyaları barədə fikirlər haçalanır. Hökumətin vəzifə və funksiyaları nə qədər çox olsa da, onun özgəninkiləşdirilməyən, bütün dövlətlərin hökumətləri üçün xarakterik olan funksiyaları da var.

Hökumətə çox vaxt “işlək dövlət” deyilir. Onun publik (ümumi – hamıya aid olan) huquqla nəzərdə tutulan səlahiyyətləri var və o, cəmiyyətin fövqündə dayanır.
Bundan əlavə cəmiyyətlə bağlı hər bir hadisə ilə: hüquq, iqtisadiyyat, fəlsəfə, sosialoqiya, etika, politoligiya, ekologiya və s. hökumətin birbaşa əlaqəsi var.
Dömokratik cəmiyyətlərdə hökumətin dörd əsas funksiyasını ayırırlar: 1) hüquq qaydanı (qanunun aliliyini) təmin etmək; 2) dövlətin əsaslarını qorumaq; 3) kollektiv mənafeyin keşiyində durmaq və onu həvəsləndirmək; 4) azad bazar mühitini kompensasiya etmək.

Dövlətin əsaslarını qorumaq funksiyası sırf siyası mövzü təsiri bağışlasa da, onun məzmununa həm də vətəndaşların yemək, içmək, yataq yerinə malik olmaq kimi adi gündəlik ehtiyacların təminatı daxildir. Dövləti əgər bir qala kimi təsəvvür etsək, vətəndaş bu qalanın duruşunda yer alan bir kərpicdir. Qalanın möhkəmliyi onun kərpiclərinin keyfiyyətindən asılı olduğu kimi dövlətində də stabilliyi onun vətəndaşının həyat səviyyəsinin necəliyindən asılıdır. Axırıncının da keyfiyyətinə cavabdehliyi məhz hökumət daşıyır.

Kollektiv mənafeyin keşiyində durmaq və onu həvəsləndirmək nə qədər abstrakt görünsə də, bura müdafiə, ərzaq təminatı, səhiyyə, təhsil, vergi və s çox mühüm məsələlər daxildir.

Azad bazar mühitini kompensasiyası funksiyası isə hökumətdən azad bazara şərait yaratmaqla yanaşı, həm də onu ayaq üstə saxlamaq üçün tədbirlər görməyi tələb edir. Belə tədbirlərə ilk növbədə inhisarçılıqla mübarizə, vicdansız rəqabətin (üstünlüklərin) qarşısının alınması, ihtehlakçı hüquqların qorunması, təhlükəsizliyə və keyfiyyətə nəzarət və s. aiddir.

Hökumət hakimiyyət xassəsinə malikdir. O, hakimiyyətin üç qolundan biridir. Bu xassə hökumətə fərdlərin davranışına təsir etmək imkanı verir və belə imkan cəmiyyət tərəfindən qəbul edilməlidir. Yalnız bu halda hökumət legitimlik qazanır. Bu mənada çoxlarının zənn etdiyi kimi “legitimlik” “qanuna uyğunluq” deyil, “cəmiyyət tərərfindən qəbul edilən” mənasında başa düşülməlidir. Yəni qanuni prosedurla formalaşmayan hökumət çoxluq tərəfindən qəbul edilirsə, o, legitim hesab edilir. Belə “qəbul etmə” “passif razılaşma” formasında da ifadə oluna bilər. Əlbəttə ayrı-ayrı fərdlər və ya qruplar hökuməti qəbul etmədiklərini bəyan edə bilər. Amma nə qədər ki, onlar çoxluq təşkil etmir, hökumət legitim olaraq qalır. Avtoritar rejimli dövlətlərdə hökumət seçki illuziyası yaratmaq fonunda təşkil edilir. Belə hökumət qeyri-qanunidir. Əgər çoxluq ya vəlvələdən, ya da zəlzələdən belə hökumətə dözürsə, onun mövcüdluğunu hətta passifcəsinə olsa belə qəbul edirsə, deməli belə qeyri-konstitutsion hökumət legitimlik qazanır. Deməli, qeyri-qanunilik hadisənin hüquqi, legitimlik isə onun faktoloji tərəfi kimi dəyərləndirilməlidir.
Amma məsələ burasındadır ki, uzun müddət qeyri-qanuni yolla təşkil edilən hökumətin xalqına təhlükəyə çevriləyəcəyi prespektivi çoxdur. Ortada bir Suriya nümunəsi var. Bu ölkə 1946-ci ildə Sovet İttifaqının dəstəyi ilə öz müstəqilliyini elan etmişdi. 1958-ci ildə Suriya Misirlə ittifaqa girərək Birləşmiş Ərəb Respublikası yaratməş və 1961-ci ildə baş verən hərbi çevriliş bu ittifaqa son qoymuşdu. 1970-ci ildə növbəti dövlət çevrilişi zamanı isə Hafiz Əsəd özünü prezident elan edir. Ata Əsədin 30 illik prezidentlikdən sonra 2000-çi ildə onu oğul Əsəd əvəz edir. İkinci Əsəd də atasının yolula gedərək hökümətini qeyri-qanuni yolla təşkil etmiş, ölkə əhalisi də onun anti-konstitutsion hakimiyyətini qəbul edərək ona bir müddət legitimlik statusu vermişdir. Oğul Əsəd Suriyanı düz 11 il belə idarə edir və beynəlxalq aləmdə ölkəni təmsil edir. 2011-ci ildə ölkədə qeyri-qanuni hökumətə qarşı etirazlar başlayır. Əsəd höküməti dirəniz göstərir, azad seçkilərə getməyi yaxına buraxmır və bu son nəticədə onun hökumətin legitimliyinin itməsinə gətirib çıxarır. Nəticə göz qabağındadır. Ölkə bu gün büs-bütün cəhənnəm xərabələrini xatırlayır. Beləcə Suriya höküməti öz xalqı üçün təhlükə mənbəyinə çevrildi və onu qaçqın həyatı yaşamağa məcbur etdi…

Hökümət nə qədər legitimdirsə, onun tətbiq etdiyi zor bir o qədər də qanunidir. Qanuni zor tətbiq etmə hüququ yalnız hökumətin inhisarındadır. Zor tətbiq etmə hüququ da daxil olmaqla hökumətin bütün səlahiyyətləri konkret məmurlar tərəfindən həyata keçirilir. Əgər hökumətin legitimliyi axsıyırsa, motivasiyadan zirək olan məmurlar önə keçir, legitimliyi formada saxlamağa cəhd edirlər.

Hər bir cəmiyyətdə hökumət özünün məmurları simasında ortadadır. Məsələn, Azərbaycana münasibətdə hökumət dedikdə “Nazirlər kabineti” adlandırdığımız qrumda birləşən 42 nəfər: Artur Rasizadə, onun 6 müavini, 19 nazir, 8 komitə sədri və 8 xidmət rəisi göz önünə gəlir. Müqayisə üçün deyək ki, Azərbaycandan təxminən iki dəfə çox əhalisi olan Niderlandda nazirlər kabineti 13 nazir, 8 dövlət katibi olmaqla 20 nəfərdən ibarətdir. Xanım Merkelin başçılıq etdiyi Almaniya Federativ Respublikasının Nazirlər Kabinetinin üzvlərinin sayı isə cəmi 16 nəfərdir.

Ümumiyyətlə müstəqillik qazandıqdan sonra Azərbaycanda hökumətin təşkili, strukturu və fəaliyyətilə bağlı heç bir lahiyə hazırlanmayıb. Müstəqilliyin zəruri atributlarının korrektələri istisna edilərsə, aydın şəkildə demək olar ki, Azərbaycan hökuməti sovetdən qalma struktura söykənən inersiya üzərində qurulub. Bu artıq 25 ildir ki, belə də davam edir. Hökumət üzvlərinin xalq arasında heç bir nufuzu yoxdur. Onların təyinatı və işdən azad olması bağlı qapılar arxasında baş verir. Xalq qarşısında onlar heç bir öhdəlik daşımır, hətta çox ölkələrdə mövcüd olan quru and içmə mərasimindən belə onlar keçmirlər. Əksəriyyətinin inhisarçılığa söykənən öz biznesi var və onların çoxu ölkədə və dünyada oliqarx kimi tanınır.

Hökumət fomalaşdırmaq həm də bir ənənədir. Belə ənənə dövlətçilik üçün vacib şərtdir. Əsrin 4-də birini yola salan müstəqil Azərbaycanda isə belə ənənə üçün üz ağardacaq bir element təəssüf ki, hələ görsənmir…

Ana səhifəXəbərlərHökumət, onun funksiyaları və legitimliyi haqqında