Hökumət nəyə qənaət, nəyi israf edir?

Zərifə Səlimova yeni yeməklər icad etməklə böhrandan çıxır, çünki ət almağa artırılan pensiyası belə çatmır.

“Elə olub ki, mən toyuq ətindən qiymə, küftə bişirmişəm. Alıram döş ətini, çünki ət bahadır da. Bir dəfə ala bilərəm əti, hər dəfə ala bilmirəm, çatdırmıram. O gün nəvəm gəlib bura, onun üçün toyuq ətindən küftə bişirmişəm”.

Manat dəyərdən düşəndən sonra, hökumət insanları qənaətə çağırır.

Deputat Hadı Rəcəbli:

“Fərman həm də israfçılığın qarşısını alacaq. Biz məcburi köçkünlərin yaşadıqları evlərə gedirdik. Onlar işıq spirallarından isifadə edirdilər. Sonra isə pəncərəni açıq qoyurdular”.

Millət vəkili Hüseynbala Mirələmov:

“Ayağını yorğanına görə uzat. Azdır az ye, çoxdur çox ye”.

Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov:

“Məcburi köçkünlərdən xahiş edirəm, o böyük vəsaiti ələ alıb, sevincindən tez bazara qaçmasın”.

Ekspertlər deyir ki, 2017-ci ilin büdcəsi son 5 ilin ən kiçik büdcəsidir. İqtisadçı Azər Mehtiyev bildirir ki, hökumət neftə arxayın olduğundan, bazar iqtisadiyyatını inkişaf etdirmədi. Neftin qiyməti azalandan sonra qənaətli rejimə keçib. O, hökumətin beynəlxalq yarışları belə artıq eyni təmtəraqla keçirtmək gücündə olmadığını deyir:

“Hökumət bir problemlə üzləşib. Avropa oyunlarında biz elə bir standart müəyyənləşdirdik ki, heç kəs artıq bu yarışları izləyə bilməyəcək. Hökumət o standart və yarışların təmtərağını yenidən etmək istəyərsə, bu, artıq yalnız büdcəyə deyil, ayrı-ayrı təşkilatlara da baha başa gələ bilər. Bu israfçılığın hara kimi olacağını demək çox çətindir. Mahiyyət etibarilə bu hökumət qənaətə yönəlik hökumət deyil. İsrafçı və bədxərc bir hökumətdir”.

Maliyyə Nazirliyinin məlumatına görə, bu il keçiriləcək IV İslam Həmrəyliyi oyunlarının və digər idman tədbirləri üçün büdcədən 211,7 milyon vəsait ayrılıb.

Bakı sakinlərindən soruşduq ki, hökumət hansı xərclərə görə əlini cibinə salır, hansına görə əli gəlmir?

– Çox şeyə qənaət edir, əslində. Məsələn, polisin maaşına qənaət eləmir.

– Mənim evim “Sovetski”dədir. Mənə – vətəndaşa qənaət edir, amma danışanda deyir “sosial dövlət qururuq”.

Amma mənə verdiyi pulla beş nəfərlik ailəmə ev ala bilmirəm.

– Nəyə qənaət olunur ki, indiki zəmanədə? Heç nəyə qənaət yoxdur.

– Vallah, bizdə qənaət yoxdur, olmayacaq da. Nə var ki, qənaət də olsun?

– Pula qənaət edirlər. Ən azı insanlar üçün xərcləmirlər.Ona görə də kasıbçılıq və böhran sürür. Hamı kasıbdır, hamı acından ölür.

– Hökumət hər şeyə qənaət eləyir.

– Hökumət hər şeyə qənaət edir. Pula qənaət edir. Az-az verir, çox versə, çox yeyərlər.

Ana səhifəVideoHökumət nəyə qənaət, nəyi israf edir?