“Proqnozlaşdırılandan yüksək qiymək göstərmək hökumətə ilin əvvəlində Neft Fondundan çatışmayan milyardları büdcəyə keçirməyə imkan verəcək”
Azərbaycan hökuməti 2015-ci ilin dövlət büdcəsində neftin qiymətinə yenidən baxmayacaq. “Turan İA” analitikləri belə hesab edir.
Büdcədə qiymət 90 dollar nəzərdə tutulub. Amma ölkə rəhbərliyi əvvəllər onu 80 dollar və daha az müəyyən etmək istəyirdi. Ötən ilin payızında 2014-cü ilin büdcəsi müzakirə ediləndə iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova demişdi ki, 2015-2017-cü illər üçün neftin qiyməti 80 dollar planlaşdırılır.
Dünya konyukturu ilə bağlı büdcədə neftin baza qiymətinin azaldılması barədə 8 oktyabrda Nazirlər Kabinetinin iclasında İlham Əliyev də danışmışdı. Amma qiymət cəmi 10 dollar azaldılıb və Maliyyə Nazirliyi neftin baza qiymətini 90 dollar kimi açıqlayıb.
“Bunun bir neçə səbəbi ola bilər: əvvəla, neftin baza qiymətinin 80 dollar müəyyən edilməsi büdcənin gəlirlər hissəsində neftin payının artmasına, qeyri-neft sektorunun payının azalmasına səbəb olar. Bu isə hökumətin iqtisadi strategiyasına uyğun deyil (gələn il büdcə mədaxilində neft sektorunun payı 65,3 faiz gözlənilir, 2014-cü ildə 66 faizdir). Ikincisi, proqnozlaşdırılandan yüksək qiymək göstərmək hökumətə ilin əvvəlində Neft Fondundan çatışmayan milyardları büdcəyə keçirməyə imkan verəcək, ancaq bu pullar parlament, daha sonra isə prezident qanun layihəsini təsdiq edəndə tarixə düşməyəcək”,-deyə analiktiklər hesab edir.
Bildirilir ki, milyardlar sonradan büdcəyə əlavə kimi düşəcək, bu da Azərbaycan iqtisadiyyatının uğurlu diversifikasiya mənzərəsini korlamayacaq. Büdcə kəsiri artıq 1 mlrd 662 mln manat həcmində müəyyən edilib. “Turan İA”-ın muxbiri ilə söhbətdə hökumət məmurları qeyd ediblər ki, hətta neftin qiyməti bir barrelə görə 90 dollardan aşağı olsa, büdcə üçün heç bir təhlükə yoxdur. “Lazım olsa, ilin əvvəlində büdcəyə yenidən baxmaq, Neft Fondundan transfertləri artırmaq olar. Ya da büdcə vəsaitlərinin rasional istifadəsini artırmaq olar – bu, büdcə gəlirlərini dəstəkləmək yollarından biridir”.
ÜDM faktorunu da qeyd etmək lazımdır. Maliyyə Nazirliyinin hesablamalarına görə, bir barrelə görə 90 dollar həcmində 2015-cü ilin proqnozunun reallaşdırılmasında neft-qaz ixracı 24,1 milyard dollar, neft ÜDM-i isə 20,3 milyard manat (25,88 mlrd dollar) təşkil edəcək. Qiymətin azalması ÜDM-də neftin payının azalmasına və formal olaraq qeyri-neft sektorunun payının artmasına gətirib çıxaracaq, bu da iqtisadiyyatın uğurlu diversifikasiyası kimi təqdim ediləcək.
Nazirliyin məlumatına görə, 2015-ci il üçün dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat, xərcləri isə – 21 milyard 100 milyon manat həcmində proqnozlaşdırılır. 2014-cü ildə 2014-cü il üçün büdcə gəlirləri 18 384 milyon manat, xərcləri isə – 20 083 milyon manat həcmində proqnozlaşdırılıb.