”Hökumət Mehman Qələndərovun ölümü ilə bağlı yetərli addım atmayıb” – Yenilənib

Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupu Mehman Qələndərovla bağlı bəyanat yayıb

Source:


Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupu Mehman Qələndərovla bağlı bəyanat yayıb

“Mehman Qələndərovun müəmmalı ölümündən xeyli müddət keçməsinə, həm ölkə ictimaiyyəti, həm də beynəlxalq qurumlar, o cümlədən ABŞ Dövlət Departamenti və Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi tərəfindən ölüm faktının səbəblərinin obyektiv araşdırılması haqda çağırışlara baxmayaraq, hökumət bu istiqamətdə yetərli addımlar atmayıb”.

Bu fikirlər Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupunun Mehman Qələndərovla bağlı bəyanatında yer alıb.

1977-ci il doğumlu Mehman Qələndərovun  barəsində 7 fevral 2017-ci ildə üç aylıq həbs- qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) ittiham olunub, sonra isə onun maddəsi 234.4.3-cü maddəyə tövsif edilib.

Bəyanatda qeyd olunur ki, həbs olunan gün M.Qələndərov “Facebook” səhifəsində “Hamımız Qiyas (Heydər Əliyevin abidəsinə şüar yazdığı bildirilən Qiyas İbrahimov nəzərdə tutulur. Bundan sonra 10 il azadlıqdan məhrum edilib) kimi olaq. Qul olma!” fikirlərini yazıb, sonra H.Əliyevin heykəli qarşısında aksiya keçirməyə cəhd edib. Buna görə, M.Qələndərov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Həbsindən öncə M.Qələndərov Tbilisi şəhərində Azərbaycandakı siyasi məhbuslarla bağlı keçirilən aksiyada da iştirak edib.

“Aprelin 28-də M.Qələndərov dövlətin xüsusi mühafizə və müdafiə olunan qapalı müəssisəsində –  Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında müəmmalı şəkildə ölüb. Dövlət qurumları M.Qələndərovun intihar etdiyini açıqlayıblar. Sabunçu Rayon Prokurorluğu faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb və təcridxananın iki əməkdaşı işdən azad edilib”, – deyə bildirilir.

İşçi Qrup hesab edir ki, M.Qələndərovun barəsində cinayət təqibinin və onun həbsinin aşkar siyasi motivli olması və hadisənin qapalı dövlət müəssisəsində baş verməsi faktı bütün hallarda ictimai fəalın ölümünə görə məsuliyyəti hökumətin üzərinə qoyur:

“Hökumət bunun əksini sübut etmək istəyirsə, həm M.Qələndərova qarşı qaldırılan saxta cinayət işi, həm də onun ölümü faktı ilə bağlı obyektiv araşdırmanın aparılmasını təmin etməlidir”.

İşçi Qrup qapalı müaəssisələrdə digər ölüm faktları kimi M.Qələndərovun ölümünün səbəblərinin araşdırılması ilə bağlı hökumət tərəfindən həyata keçirilən tədbirlərin yetərli olmadığı barədə ictimai fikri bölüşür.

İşçi Qrup hesab edir ki, hökumət M.Qələndərovun ölümü ilə bağlı hərtərəfli, obyektiv, şəffaf araşdırma onu saxta ittihamla məsuliyyətə cəlb edən və əsassız olaraq həbs edən vəzifəli şəxslərlə bağlı da araşdırmaların başlanması və onların məsuliyyət məsələsinin həlli istiqamətində addımları da ehtiva edir. Hadisənin cəmiyyətdə doğurduğu böyük narahatlığı nəzərə alaraq ictimaiyyət müntəzəm olaraq atılan addımlar barədə məlumatlandırılmalıdır:

“İşçi Qrup həmçinin hadisənin obyektiv araşdırılmasına yardım məqsədilə vətəndaş cəmiyyəti təmsilçilərindən və müstəqil ekspertlərdən təşkil olunmuş qrup tərəfindən ictimai tədqiqat apara bilməsinın təmin olunması üçün hökumət tərəfindən şərait yaradılması barədə çağırışlara qatılır və bu istiqamətdə öz töhfəsini verməyə hazır olduğunu bəyan edir.

Biz həmçinin yerli və beynəlxalq ictimaiyyəti bu məsələni daim diqqət mərkəzində saxlamağa çağırırıq”, – deyə bəyanatda vurğulanır.

“Azərbaycan yaşamaq hüququnu müdafiə etməli və həbsxanalarda ölüm hallarını effektiv araşdırmalıdır. Hakimiyyət cəzaçəkmə müəssisələrində ölüm hallarının çevik, müstəqil və effektiv araşdırılmasını təmin etməyə və nəticələri ictimaiyyətə açıqlamağa borcludur”.

Bu barədə

“Amnesty International”

təşkilatının Mahir Mustafayev və Mehman Qələndərovun həbsxanada ölməsi ilə bağlı yaydığı bəyanatında deyilir.

4 may 2017-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qərara alıb ki, Azərbaycan hökuməti Mahir Mustafayevin həyatını müdafiə etməyərək onun yaşamaq hüququnu pozub, onun ölüm şəraitini effektiv araşdırmayıb.

M.Mustafayev 2006-cı ilin dekabrında öz kamerasında baş vermiş yanğın zamanı aldığı güclü yanıq xəsarətlərindən dünyasını dəyişib.

Bildirilib ki, işgəncədən ölüm faktını gizlətmək üçün kameranı nəzarətçilər özləri yandırıblar.

M.Mustafayev yanğından 8 saat sonra xəstəxanaya aparılıb. Avropa Məhkəməsi bu hadisəni hökumətin yaşamaq hüququnu müdafiə etməməsi və yaşamaq hüququnun pozulması kimi qiymətləndirib.

Avropa Məhkəməsinin bu qərarı 2017-ci il aprelin 28-də Kürdəxanı təcridxanasında azərbaycanlı fəal və bloger Mehman Qələndərovun öz kamerasında asılmış vəziyyətdə tapılmasından sonra çıxarılıb.

“O, “Facebook”-da iki vicdan məhbusunu dəstəkləyən status yazdıqdan sonra 2017-ci il fevralın 7-də həbs olunub. Həmin gənclər Bakının mərkəzində Heydər Əliyevin abidəsini yazdıqlarına görə həbs ediliblər.

Hakimiyyətin bildirdiyinə görə, M.Qələndərov gecəyarısı, kamera yoldaşı yatarkən özünü asıb. Bir ildən çox həmin təcridxanada saxlanılan yerli hüquq müdafiəçisi bildirib ki, belə şey ola bilməz. Şübhə yoxdur ki, M.Qələndərov narkotik maddə saxladığını etiraf etmək üçün işgəncələrə məruz qalıb.

Penitensiar Xidmətin əməkdaşları öncə M.Qələndərovun intihar etməsi barədə məlumatı inkar ediblər, ancaq iki gündən sonra etiraf ediblər”- bəyanatda bildirilir.

Daha sonra qeyd olunur ki, M.Qələndərov gizli dəfn edilib. Ancaq jurnalistlər və vətəndaş cəmiyyətinin nümayəndələri cəsəd hələ morqda olarkən onun üzərində xəsarət və qançır izlərini görüblər:

“Aprelin 30-da prokurorluğun məhkəmə-tibbi ekspertizası özünü öldürmə həddinə çatdırma maddəsi ilə təhqiqata başlayıb. Məhkəmə-tibbi ekspertizanın rəyinə görə, cəsəddə heç bir zorakılıq əlaməti olmayıb, ancaq boğulma var.

Azərbaycan hakimiyyəti beynəlxalq standartlar çərçivəsində M.Mustafayev və M.Qələndərovun işi üzrə yeni müstəqil təhqiqat aparmalıdır.

“Amnesty International” müntəzəm olaraq hakimiyyəti tənqid edənlərə qarşı narkotik maddə saxlamaq kimi uydurma ittihamlar qeydə alır.

Onların həbsi oxşardır: həbslər və dindirmələr vəkillərin iştirakı olmadan aparılır, onlara işgəncə verərək və ya başqa amansız rəftar altında “etirafedici ifadə”ni imzalamağa məcbur edirlər.

İşgəncələr və amansız davranış barədə məlumatlar demək olar ki, heç zaman araşdırılmır ki, bu da insan hüquqlarının pozulması və günahkarların cəzasız qalması prosesini möhkəmləndirir”.

Ana səhifəXəbərlər”Hökumət Mehman Qələndərovun ölümü ilə bağlı yetərli addım atmayıb” – Yenilənib