“Əgər APA-nı, yaxud bu agentliyin arxasında dayanan qüvvələri tənqid edirlərsə, onlar deməsin ki, Azərbaycan tənqid olunur”
Aprelin 28-də “Trend” və APA informasiya agentlikləri “John Kerry-nin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası” başlığı altında analitik yazılar dərc ediblər.
Eyni məzmunlu məqalədə müəllifin adı qeyd olunmayıb. Yazıda qeyd olunur ki, ABŞ-da sözügedən kampaniyanın təşkili “National Endowment for Democracy” (NEd) təşkilatına həvalə edilib:
“Məlumdur ki, əsasən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və deməli, dövlət büdcəsindən maliyyələşdirilən NED uzun illərdir Azərbaycanda “5-ci kolon”un formalaşdırılması, hakimiyyət çevrilişi planlarının fəal iştirakçılarından biri rolunda çıxış edir. Bu təşkilat vasitəsilə Azərbaycandakı “tərəfdaş” QHT və media vasitələrinə ABŞ və Qərb mənbələrindən milyonlarla dollar vəsait ötürülüb.
Bir müddət bundan öncə mərkəzi fiqur NED olmaqla Azərbaycanla bağlı xüsusi layihə hazırlanıb. Hazırda layihə təsdiq mərhələsindədir və yaxın günlərdə onun açıqlanması nəzərdə tutulur. 2 il müddətində həyata keçiriləcək layihəyə artıq külli-miqdarda vəsait ayrılıb. Sənədin preambula hissəsində açıq şəkildə bildirilir ki, “Azərbaycana öz davranışlarına görə yerini göstərmək zamanı gəlmişdir”.
“Fürsətdən istifadə edilməklə Azərbaycana qarşı məcburetmə tədbirləri həyata keçirilməlidir”
Məqalədə deyilir ki, planlardan biri də Konqresdə dinləmələr təşkil etmək, Azərbaycana qarşı sanksiyaların tətbiqi, Azərbaycan vətəndaşlarının səyahət imkanlarını məhdudlaşdırmaq, bank hesablarını dondurmaqdır.
Sözügedən məqalədə iddia edilir ki, Azərbaycanda bu işə Milli Şura dəstək verəcək.
Məqalədə “İnsan hüquqları naminə idman” kampaniyası adlandırılan “ikinci sənəd”dən də danışılır:
“Həmin sənədə əsasən, Avropada hərəkətverici qüvvə rolunda beynəlxalq hüquq-müdafiə təşkilatları çıxış etməklə, habelə rəsmi dairələr, Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər böyük beynəlxalq təşkilatlar cəlb olunmaqla Azərbaycana qarşı yeni «qara piar» layihəsinin icrasına başlanmışdır. Sənəddə açıq şəkildə bildirilir ki, bu il və qarşıdan gələn illərdə Azərbaycanda I Avropa Oyunlarının, parlament seçkilərinin, “Formula 1” yarışmasının, İslam Həmrəylik Oyunlarının və digər mühüm beynəlxalq tədbirlər keçiriləcəyinə görə, dünya ictimaiyyətinin diqqəti ölkəmizə yönələcəkdir və bu fürsətdən istifadə edilməklə Azərbaycana qarşı məcburetmə tədbirləri həyata keçirilməlidir”.
“10 ay “İnsan hüquqları naminə idman” kampaniyası keçiriləcək”
Yazıda sənədlə bağlı bu ilin yanvarında Varşavada görüşlər keçirildiyi iddia olunur:
“Görüşdə Azərbaycana qarşı təşkil olunacaq kampaniyanın ilkin konturları müzakirə olunub. Bildirilib ki, bu ilin iyununda Bakıda I Avropa Oyunlarının keçirilməsi beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana yönəltmək və Xədicə İsmayılova, İntiqam Əliyev, Leyla və Arif Yunuslar, Anar Məmmədli və digərlərinin azad edilməsinə nail olmaq üçün əlverişli məqam yaradıb. Müzakirənin nəticəsi olaraq tərtib olunmuş ilkin layihədə kampaniyanın əsas məqsədi, çağırışı, Azərbaycanda, beynəlxalq miqyasda və internetdə fəaliyyətin əsas istiqamətləri, lazım olan resurslar öz əksini tapıb, habelə işçi qruplar müəyyənləşdirilib”.
“Kampaniyanın maliyyələsini NED, Soros Fondu və IMS ödəyəcək”
Məqalədə “İnsan hüquqları naminə idman” kampaniyası layihəsinin martın 31-də təsdiqləndiyi və onun icrasına külli-miqdarda vəsait ayrıldığı qeyd olunur. Layihənin 10 ay ərzində – martın 1-dən dekabrın 31-nə kimi icra olunacağı bildirilir.
Kampaniyaya “International Media Support” (IMS) və Polşada yerləşən Helsinki İnsan Haqları Fondunun rəhbərlik edəcəkləri söylənir: “Layihənin icrası məqsədilə yaradılmış katibliyin bu iki qurum və Açıq Cəmiyyət İnstitutu ilə birgə fəaliyyət göstərəcəyi qeyd olunub. Kampaniyanın maliyyələşdirilməsini NED, Soros Fondu və IMS həyata keçirirlər”.
Məqalədə görülən işlərin planı da qeyd olunub:
– Avropa Oyunları ilə bağlı korrupsiya və qanunsuzluqlara dair hesabatların hazırlanması;
– Azərbaycanda idmançılar və məşhur şəxslərlə əlaqə saxlamaqla kampaniya üçün səfirlər təyin edilməsi;
– Həbsdə olan şəxslərin hal anketlərinin, onların infoqrafika və şəkillərinin, media üçün informasiya paketlərinin hazırlanması;
– ABŞ və Avropa rəsmiləri və siyasətçiləri ilə davamlı təbliğat işlərinin aparılması;
– İnternet səhifələrinin, bülletenlərin, bəyanatların, məktub və müraciətlərin hazırlanması;
– “Əl-Cəzirə”, BBC və “Nordic Broadcasters” mərkəz KİV-lər olmaqla kampaniyaya beynəlxalq media yardımının təşkil edilməsi;
– Azərbaycanda baş verən hər bir neqativ hadisədən öz məqsədləri üçün istifadə edilməsi;
– Avropa Oyunlarını boykot etmək üçün siyasətçilərdən, xüsusilə xarici işlər nazirlərindən xahiş edilməsi;
– İdmançıların bu kampaniyanın «xoşməramlı səfiri» olmağa cəlb edilməsi;
– Beynəlxalq Olimpiya Komitəsi, milli olimpiya komitələrinə müraciətlər hazırlanması və göndərilməsi;
– Avropa Oyunlarında iştirak edən bütün ölkələrdə etiraz aksiyalarının keçirilməsi;
– Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq institutların bu qara kampaniyanın məqsəd və məramının həyata keçirilməsinə cəlb olunması və s…
Yazının sonunda bu kampaniyaların bir çətir altında birləşdirildiyi və mərkəzləşdirilmiş qaydada həyata keçirildiyi vurğulanır:
“ABŞ-da NED-in vasitəsilə reallaşdırılan kampaniya ilə Avropada start verilmiş layihənin koordinasiyasına dair razılaşmanın olduğu və ümumi nəzarətin Vaşinqton və Londondan həyata keçirildiyinə dair faktlar mövcuddur”.
“Azərbaycan beynəlxalq sazişlər imzalayıb ki, kənardan gələn tənqidləri qəbul edəcək”
Politoloq Hikmət Hacızadə Qərbdən olan tənqidlərin Azərbaycana yox, hakimiyyətə qarşı səsləndiyini düşünür. O, Meydan TV-yə açıqlamasında deyib ki, hökumətin informasiya mənbələri dövlətlə hakimiyyəti eyniləşdirməklə ictimaiyyəti çaşdırır: “Əgər APA-nı, yaxud bu agentliyin arxasında dayanan qüvvələri tənqid edirlərsə, onlar deməsin ki, Azərbaycan tənqid olunur. Əslində, Qərb mətbuatı və QHT-lərin tənqidi Azərbaycanın xeyrinədir. Ona görə kampaniya yoxdur, çünki tənqidlər haqlıdır”.
Onun fikrincə, hakimiyyətin anti-Qərb ovqatı Avropanın hakimiyyətin insan haqlarına hörmət etməsi və öhdəlikləri yerinə yetirməsi haqda vədlərə əməl edilməsi tələblərindən doğur. Hakimiyyətdəkilər isə insan haqlarına hörmət etmir, demokratiya istəmir: “Dünya demokratları insan haqlarının pozulmasına göz yummur. İkincisi, Azərbaycan beynəlxalq sazişlər imzalayıb ki, kənardan gələn tənqidləri qəbul edəcək. Söhbət Helsinki Sazişlərinin Vyana protokolundan gedir. Həmin protokolun altında Heydər Əliyevin imzası var, öhdəlik götürülüb axı. Bax, Qərb bunu əsas gətirib tənqid edir”.
Hikmət Hacızadə deyir ki, yazıda heç bir sübut yoxdur, ümumi sözlərdir: “Hansısa təşkilatın adını çəkmək sübut göstərmək anlamına gəlmir. Əgər, doğrudan da, qarayaxmalar varsa, məhkəməyə verib, sübut etsinlər”.
“Yazıda sənədlər olduğu deyilsə də, fotosurət şəklində belə fakt yoxdur”
Deyilənləri Meydan TV-yə şərh edən politoloq Sülhəddin Əkbər hesab edir ki, qeyd olunan iddiaları irəli sürmək üçün sübutlar və faktlara ehtiyac var: “Yazıda sənədlər olduğu deyilsə də, fotosurət şəklində belə fakt yoxdur. Bu yöndə fakt olsaydı, hər hansı fikir yürütmək olardı. Ona görə fikir söyləməkdə çətinlik çəkirəm”.
S.Əkbər rəsmi Bakının son vaxtlar anti-Amerika və Rusiyameylli siyasətini belə şərh etdi: “Dünyada, xüsusən postsovet məkanında geopolitik qarşıdurma kəskinləşdikdən sonra qonşu ölkələrdən mövqe tələb olunur.
ABŞ hətta bununla bağlı milli təhlükəsizlik strategiyasına dəyişiklik etdi, yeni mətndə Rusiyanı durdurmaq əsas xətt seçildi. Məncə, ABŞ rəsmisi Viktoriya Nulandın Bakıda dövlət başçısı İlham Əliyevlə görüşündə də bu suala cavab axtarıldı. Eyni qaydada Rusiya Avrasiya İttifaqını özünün əsas strateji xətti seçdi”.
O, təəssüflənir ki, postsovet məkanında yalnız Azərbaycan öz mövqeyini müəyyən etməyib. MDB ölkələrinin yarısı Rusiya, yarısı da Qərbyönlü siyasi xətti seçiblər. Türkmənistan isə neytral siyasətə üstünlük verib.
S.Əkbərin fikrincə, Azərbaycan milli təhlükəsizlik konsepsiyasında Avrointeqrasiya xətti deklorativ şəkildə bəyan edilsə də, gerçəklikdə məhdud addımlar atılıb. Krımın işğalından və Donbas olaylarından sonra rəsmi Bakı tamamilə Rusiyaya doğru siyasət yürütdü. Azərbaycana son təzyiqlər də məhz strateji seçim etməməsi ilə bağlıdır: “Ona görə təzyiqlər hər iki tərəfdəndir. Yəni Ukrayna və Gürcüstan kimi seçim etsəydi, Qərbdən dəstək ala bilərdi. Rəsmi Bakıya seçim etmədiyinə görə təzyiqlər tədricən artacaq. Çünki elə coğrafi məkanda yerləşirik ki, Türkmənistan kimi neytrallıq edə bilmirik. Baxın, Rusiya və İranla birbaşa həmsərhədik, atəşkəs olsa da, müharibə vəziyyətindəyik, tez-tez sərhəddə atəşkəs pozulur. Bu isə geopolitik qarşıdurmanın əlamətidir”.
Fəzail Ağamalı: “ABŞ kimi nəhəng bir dövlət J.Kerry-nin əlində qalıbsa…”
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı John Kerry-nin “hər zaman antiazərbaycan mövqeyi sərgilədiyini, bu gün Azərbaycana qarşı aparılan kampaniyaların John Kerry-nin birbaşa fəaliyyətinin nəticəsi” olduğunu söyləyib:
“ABŞ dövlət katibi John Kerry-nin antiazərbaycan mövqeyi hələ 90-cı illərin əvvəllərindən məlumdur. O zaman Gorbachev-a məktub ünvanlayaraq erməniləri müdafiə edib Azərbaycana qoşun yeritməsinə çağıran məktubun müəlliflərindən biri məhz John Kerry-dir”.
Deputat hesab edir ki, ABŞ kimi nəhəng bir dövlət J.Kerry-nin əlində qalıbsa və siyasətini J.Kerry vasitəsilə reallaşdırırsa, bu, artıq ABŞ-ın imicinə böyük zərbədir, beynəlxalq aləmdə ABŞ-a etimadı zəiflədən bir hadisədir: “Çox təəssüf olsun ki, bu gün ABŞ-ın xarici siyasətində məhz John Kerry-nin rəhbərliyi altında bir erməni barmağı dayanır. Nə qədər ki, ABŞ-ın xarici siyasətində John Kerry aparıcı mövqedə dayanır, ABŞ-ın bu və ya digər səviyyədə antiazərbaycan siyasəti davam edəcək. Ona görə də, biz faktlara, arqumentlərə söykənərək John Kerry-nin ifşa olunmasında iradəmizi ortaya qoymalıyıq”.
Onun dediyinə görə, bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi bir vaxtda bu cür fəaliyyətin məqsədi Azərbaycanın uğurlarına kölgə salmaq, ölkənin yüksəlməkdə olan nüfuzuna xələl gətirməkdir:
“Bunların heç biri alınmayacaq. Artıq Azərbaycan ilk Avropa Oyunlarının məşəlini yandırıb, bütün Avropa dövlətləri də bu Oyunları yüksək qiymətləndirir. Heç bir şübhə yoxdur ki, bu Oyunlar Azərbaycanda yüksək səviyyədə keçiriləcək” (azadliq.org).
“Bu gün Azərbaycan jurnalistikasının üzərinə missiya düşür”
Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov da məsələ ilə bağlı mövqeyini açıqlayıb. MŞ sədri “Trend”-ə deyib ki, biz toplum olaraq, buna hazır olmalıyıq: “Çünki I Avropa Oyunları bütövlükdə Azərbaycan xalqının həyatında mühüm hadisədir. Bu, təkcə idman hadisəsi deyil, həm də Azərbaycan mədəniyyətinin, milli kimliyimizin dünyaya tanıdılması üçün bir meydandır”.
Ə.Amaşovun sözlərinə görə, Azərbaycanın malik olduğu bu üstünlüyü gözü götürməyən qüvvələr fəaliyyətlərinin daha mütəşəkkil məcrasına çıxa biliblər: “Baş verən olaylarla bağlı yayılmış xəbərlərdə göstərilən məqamlar da bunu deməyə əsas verir. Aydın görünür ki, məqsəd ölkəmizin imici ilə bağlı birmənalı qaydada mənfi rəy yaratmaqdır.
Bu gün Azərbaycan jurnalistikasının üzərinə missiya düşür. Çünki qarşıdakı aylarda da belə mənfi fikirlərin bir qədər də intensivləşəcəyi ehtimal edilir. Azərbaycan jurnalistikası daha həssas olmalı, Azərbaycan cəmiyyəti düzgün şəkildə məlumatlandırılmalıdır”.
Mətbuat Şurasının sədri hesab edir ki, eyni zamanda, Azərbaycanla bağlı baş verən olaylara görə Azərbaycan mediasının beynəlxalq ictimai rəyə təsir etmək gücü artırılmalıdır.
Onun sözlərinə görə, antiazərbaycan kampaniyasının ABŞ dövlət katibi C.Kerrinin konqresdəki ofisindən idarə olunması Azərbaycana qarşı yönəlmiş sistemli fəaliyyətin tərkib hissəsidir: “Onun Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə vuracağı zərər kifayət qədər düşünülmüş şəkildə hesablanıb. İnanmıram ki, sənəddə adıçəkilən həmin şəxslər bu mahiyyəti anlamayacaq dərəcədə sadəlövhdürlər. Elə məsələlər var ki, onlara baxış siyasi mövqeyindən asılı olmayaraq birmənalı olmalıdır, ümummilli maraqlar baxımından olmalıdır. Məhz bu baxımdan I Avropa Oyunları da belə miqyaslı tədbirdir”.
Ə.Amaşov hesab edir ki, bəzi hallarda Azərbaycanda yaşayan, ayrı-ayrı media vasitələrində çalışan insanlar da belə məqamlarda ümummilli maraqlardan çıxış etməlidirlər: “Bu, kifayət qədər təsirli olur. Azərbaycan mediası güclüdür, Azərbaycan mediası əsasən ümummillli maraqlardan çıxış edən mediadır. Əminən ki, Azərbaycan mediası belə bir məqamda öz üzərinə düşən missiyanı dərk edərək həm yerli, həm də beynəlxalq ictimaiyyəti Azərbaycanda baş verən olaylarla bağlı kifayət qədər doğru məlumatlandırmalıdır. Əminəm ki, o cəhdlərin heç bir əhəmiyyəti olmayacaq”.
Zöhrab İsmayıl: “Düşünürəm ki, bu iddialar xəstə bir təxəyyülün məhsuludur”
Həmin məqalədə adıçəkilən iqtisadçı Zöhrab İsmayıl bununla bağlı Azadlıq Radiosuna deyib: “Düşünürəm ki, bu iddialar xəstə bir təxəyyülün məhsuludur. Mənim adımı və təşkilatımızın adını xüsusi çəkiblər. Belə görünür, bizə qarşı hansısa çirkin məqsəd var”.
Məqalədə deyilir: “Hazırda Praqada olan “Azad İqtisadiyyata Yardım” İB-nin sədri Zöhrab İsmayıla iqtisadiyyat və idman qurğularının tikintisində guya korrupsiya hallarının olduğuna dair materialların hazırlanması həvalə olunub».
İqtisadçı özünün və başçılıq etdiyi təşkilatın hansısa beynəlxalq kampaniyanın iştirakçısı olmadığını vurğulayır: «Belə bir planlı kampaniyanın olması da nağıla oxşayır. Kerry-nin adını çəkirlər. Mən isə düşünürəm ki, Azərbaycan hakimiyyətinin əsas dəstəkçisi indi ABŞ və Avropa Birliyinin bəzi dairələridir. Belə bir hakimiyyət onların maraqlarına cavab verir. Buna görə də hakimiyyətyönlü medianın belə vay-şivən salmaqda başqa məqsəd güddüyünü düşünürəm. Məqsəd müstəqil vətəndaş cəmiyyəti nümayəndələrini sıradan çıxartmaqdır. Buna görə də belə “hekayələ” uydurulur…” – Zöhrab İsmayıl deyir.