Xalid Ağəliyev: “Ölkəmizin də altına imzasını qoyduğu bu öhdəlikləri jurnalistlər hər dəfə zorakılığa məruz qalanda xatırlamalı oluruq”
“Avropa Şurasının “Jurnalistlərin həyatına və ifadə azadlığına hədə-qorxular” adlı qətnaməsində yazılır ki, üzv ölkələr jurnalistlərin bütün qətli hallarını, eləcə də zorakılıq aktlarını, onların ünvanına fiziki hədələrin təxirəsalınmaz təhqiqatını aparmalıdırlar. Bu, üzv ölkələrin Avropa Konvensiyasının 2 və 10-cu maddələri ilə üzərlərinə götürdükləri öhdəliklərdən irəli gəlir. Həm də, jurnalistlərin öz həyatlarından və təhlükəsizliklərindən ehtiyatlandıqları yerlərdə demokratiya üçün ciddi qorxular vardır”.
Bu fikirləri media hüququ üzrə ekspert Xalid Ağəliyev öz “Facebook” səhifəsində jurnalist Aytac Əhmədovaya qarşı edilən polis təzyiqinə münasibət bildirərkən yazıb.
“Ölkəmizin də altına imzasını qoyduğu bu öhdəlikləri jurnalistlər hər dəfə zorakılığa məruz qalanda xatırlamalı oluruq. Bu dəfə də onları yadımıza jurnalist Aytac Əhmədovaya qarşı polis zorakılığı saldı.
Jurnalist peşə fəliyyətini yerinə yetirərkən – etiraz aksiyasından çəkiliş edərkən polis əməkdaşının hücumuna məruz qalıb, ona fiziki təzyiq edilib, saxlanılıb, polisə aparılıb. Hər bir jurnalistin ictimai maraq dairəsində olan belə olayları işıqlandırmaq, onun təfərrüatlarını incələmək, hansı səbəblərdən baş verdiyini araşdırmaq, aidiyyəti olanlardan bilgi istəmək və s. haqları var. Eyni zamanda, hər bir ölkə vətəndaşı da belə bilgiləri vaxtında, ətraflı və doğru alma haqqına sahibdir, jurnalistlər məhz vətəndaşların bu haqqını təmin etmək vəsifəsini yerinə yetirirlər.
Mütləq nəzərə alınmalıdır ki, jurnalistin toplum qarşısındakı bu vəzifəsinin önəmi olay yerində çalışan polis, icra qurumu və sairin vəzifə və borclarının önəmindən heç də az deyil. Belə situasiyalarda jurnalistlərin hadisə yerinə daha yaxın olmalarına, hadisəni öz gözləri ilə izləyib və lentə köçürmələrinə, hadisə yerindəki əlaqəli şəxslərdən bilgi istəyib-almalarına şərait yaradılmalıdır.
Bunun yerinə jurnalistlərə qarşı fiziki basqı edilməsi sadəcə, biabırçılıqdır. Topluma ötürmək üçün bilgi toplayan köməksiz xanım jurnalistə fiziki təzyiq edilməsinin başqa yumşaq adı yoxdur. Bu, həm də peşə borcunu yerinə yetirən jurnalistə basqı olayı üzrə cinayət araşdırması başlanılmasını zəruri edir”.
“Səlahiyyətlilər jurnalisti qoruyan qanunlarımıza, altına imza qoyduğumuz öhdəliklərə əməl etməlidir. Ona görə əməl etməli deyilik ki, nəyəsə imza atmış, nəyisə parlamentimizdə qəbul etmişik, ona görə əməl etməliyik ki, bu, bizə, ölkəmizə lazımdır”, – Xalid Ağəliyev vurğulayıb.
Oktyabrın 3-də jurnalist Aytac Əhmədova Sabunçu rayonunun Zabrat qəsəbəsində çəkiliş apararkən saxlanılıb və 15-ci polis bölməsinə gətirilib. Hadisə saat 7 radələrində baş verib. 3 saata yaxın bölmədə saxlanılan jurnalist təzyiqlə üzləşdiyini deyir. Jurnalistin sözlərinə görə, Qabil adlı mülki geyimli polis onu sillə ilə
vurub
.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə “Report”-a deyib ki, Aytac Əhmədovanın polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması barədə iddiaları həqiqətdən uzaqdır:
“Dünən saat 19 radələrində bir qrup şəxs Zabrat qəsəbəsində nəqliyyatın hərəkətinin intensiv olduğu ərazidə yolu bağlamağa və ictimai asayişi pozmağa cəhd göstərən zaman sözügedən xanım həmin şəxslərin qanunsuz hərəkətlərinin qarşısını alan polis əməkdaşlarının qanuni xidməti vəzifələrini yerinə yetirmələrinə maneçilik törədib. Jurnalist olduğunu iddia edən, lakin şəxsiyyətini və harada işlədiyini təsdiqləyən sənəd təqdim etməyən həmin xanım saxlanılaraq sonrakı araşdırmalar üçün Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə aparılıb. Burada şəxsiyyəti müəyyənləşdikdən sonra bölmə rəisi tərəfindən onunla müvafiq profilaktiki söhbət aparılıb və sonra sərbəst buraxılıb. İstər saxlanılarkən, istərsə də bölmədə ona qarşı hər hansı təzyiq göstərilməsindən söhbət gedə bilməz. Bütün hallarda onunla mövcud qanunvericiliyin tələbləri çərçivəsində rəftar olunub. Buna rəğmən, Aytac Əhmədovanın guya zorakılığa məruz qalması barədə açıqlamaları ictimai rəyi çaşdırmağa və polisin işgüzar nüfuzuna xələl gətirməyə yönəlmiş bir addım, “qara piar”dır”.