Hökumət İpoteka Fondu vasitəsilə daşınmaz əmlak bazarını fəallaşdırmaq istəyir

Source:


Qadir İbarhimli: Evlərin qiymətlərinin minimuma enməsi prosesi yaxın bir ildə başa çatacaq

Prezident İlham Əliyevin “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında fərmanı ölkədə tikinti sektorunun canlanmasına səbəb olacaq.

Bu fikri Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, Prezidentin yeni fərmanı ilə ipoteka sahəsi Azərbaycanda yenidən qurulacaq, modernləşəcək və genişlənəcək.

M.Quliyev fikrini onunla isbatlayır ki, prezidentin sözügedən fərmanı Açıq Səhmdar Cəmiyyətinə bütün imkanlardan istifadə etməklə müəyyən maliyyə mənbələrindən aşağı faizlərlə vəsaitlər cəlb etmək üçün geniş imkanlar verir: “Birinci növbədə, bu, ipoteka kreditləşməsinin genişlənməsinə gətirib çıxaracaq. Daha çox vəsaitin cəlb olunması İpoteka Fondunun imkanlarını genişləndirməklə yanaşı, mənzilə ehtiyacı olan insanlara ipoteka kreditinin aşağı faizlə təklif olunmasına şərait yaradacaq”.

Ancaq iqtisadçı Qadir İbrahimli fərqli yanaşma sərgiləyir. İqtisadçı Meydan tv-yə bildirib ki, İpoteka Fondunu yaratmaqla hökumət daşınmaz əmlak bazarını fəallaşdırmaq istəyir. İndiyə qədər İpoteka Fondunun kreditləri müvəkkil banklar vasitəsilə paylanırdı, daha doğrusu, banklar həmin kreditləri daha çox öz işçilərinə verirdi.  Bu, kreditlərin çox məhdud dairədə bölüşdürülməsi və sıravi vətəndaşlar üçün əlçatan olmaması ilə nəticələnmişdi. Təbii ki, bankların öz işçiləri üçün sosial layihələr həayata keçirmək imkanı olsa da, bunu dövlət hesabına edirdi. Bu mənada İpoteka Fondu cəmiyyətdə nisbi gözləntilər yarada bilər”.

Ancaq cənab İbrahimli düşünür ki, bundan sonra daşınmaz əmlak bazarı 2014-cü il səviyyəsində olmayacaq: “İstənilən halda bazarda elə tendensiyalar gedir ki, qiymətlərin enmə prosesi sürətlənir. Səbəb odur ki, daşınmaz əmlak bazarında qiymətlərin yüksək səviyyədə qalmasını doğuran amillər artıq yoxdur. Birinci amil: dövlətin vəsaiti olmadığından paytaxtda söküntü işlərinə son verilib və nəticədə məcburi alıcıların sayı azalıb. Məcburi alıcılar onlar idi ki, evləri sökülənlərə mənzil almaq üçün təzminat verilirdi. Artıq bazarda məcburi alıcı qrupu yoxdur. İkinci amil: iri dövlət layihələrində yüksək gəlirlərlə təmin olunan alıcılar təbəqəsi əhəmiyyətli dərəcədə zəifləyib. Üçüncü qrup Rusiyaya qazanc dalınca gedib yaxınlarına yardım edənlərdir ki, onlar Bakıda və rayonlarda daşınmaz əmlaka kifayət qədər yatırımlar qoyurdu. Amma son 2 ildə Rusiyada böhran dərinləşdiyindən bu qrup çox zəifləyib. Sadalanan amilləri aradan qaldırmaq hökumətin imkanları xaricində olduğundan daşınmaz əmlak bazarında böhranlı durum davam edəcək, qiymətlərin minimuma enmə prosesi yaxın bir ildə başa çatacaq”.

O, real bazarda ilin əvvəlindən qiymətlərdə 50 faiz enmə olması barədə fikirləri bölüşür: “Amma “Birja” qəzetinə və başqa ev alqı-satqı mərkəzlərinə baxsaq bu enmələrin az olduğunu görərik, burda qiymətlər nominaldır. Sadəcə, 50 faiz endirim qiyməti təklif edilir, bəs alan varmı? Xeyr, alan yoxdur”.

Ana səhifəXəbərlərHökumət İpoteka Fondu vasitəsilə daşınmaz əmlak bazarını fəallaşdırmaq istəyir