Hökumət Hüseyn Abdullayevə görə Avropa Məhkəməsinə cavab verməlidir

Vəkil Cavad Cavadov deyir ki, müvəkkili aclıq etdiyi müddətdə onun həkim nəzarətində saxlanması üçün müvafiq orqan və şəxslərə müraciətlər edilsə də, nəticə verməyib.

Source:


Vəkil: “Həyat və sağlamlığına təhlükə var”

Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev aprelin 17-də aclığı dayandırsa da, onun səhhətində ağır fəsadlar yaranıb. Onun vəkili Cavad Cavadov Meydan TV-yə bildirib ki, quru aclıq keçirdiyi dövrdə həkim nəzarətində olmaması ciddi fəsadlar verib: “Hazırda da qanaxmalar olur. Həyat və sağlamlığına təhlükə var. Buna baxmayaraq, hələ də onu xəstəxanaya köçürmürlər. Aclıq etdiyi günlərdə də müraciət etmişəm, bir daha Penitensiar Xidmətdən xahiş edirəm ki, Hüseyn Abdullayevin təcili xəstəxanaya yerləşdirilməsi təmin olunsun”.

Hüseyn Abdullayev aclıq etdiyi vaxt Avropa Məhkəməsinə də 39-cu qayda əsasında müraciət olunmuşdu. Müraciətdə sabiq deputatın həyat və sağlamlığına təhlükəni nəzərə alaraq, onun həkim nəzarətində saxlanması üçün təcili tədbir görülməsi istənmişdi. Avropa Məhkəməsi sözügedən müraciət əsasında Azərbaycan hökumətinə məktub göndərib. Məktubda Hüseyn Abdullayevin hazırda durumu və səhhətilə bağlı suallar yer alıb. Hökumət qısa müddətdə o sualların cavabını Avropa Məhkəməsinə göndərməlidir.

Vəkil Cavad Cavadov deyir ki, müvəkkili aclıq etdiyi müddətdə onun həkim nəzarətində saxlanması üçün müvafiq orqan və şəxslərə müraciətlər edilsə də, nəticə verməyib. Hüseyn Abdullayev həkim nəzarətinə götürülməyib.

Hüseyn Abdullayev aprelin 12-də quru aclığa başlaması haqda məktubunda bildirmişdi ki, bu addımı atmasının səbəbi BMT-nin Əsassız Həbslərlə bağlı İşçi Qrupunun onun işi üzrə qərarının icra olunmamasıdır.

İşçi Qrupu Hüseyn Abdullayevin müraciətini araşdıraraq belə nəticəyə gəlib ki, həm Türkiyə, həm də Azərbaycan hüquq-mühafizə orqanları onun hüquqlarını pozub, o, azadlığa buraxmalıdır.

İşçi Qrup hər iki dövlətin hökumətlərini keçmiş deputatla bağlı halların tam və müstəqil araşdırılmasını təşkil etməyə, onun hüquqlarının pozulmasına görə məsuliyyət daşıyanlara qarşı tədbirlər görməyə çağırıb.

Quru aclıq nəticəsində bir neçə gün ərzində Hüseyn Abdullayevin vəziyyəti ağırlaşıb, orqanizmdə qanaxmalar başlayıb. Aprelin 17-də vəkil Cavad Cavadovun xahişilə o, aclığı dayandırıb: “Həyati təhlükə yaranmışdı. Zəruri həkim nəzarəti də yox idi. Ona görə təkidlə aclığı dayandırmasını xahiş etdim. Onu inandıra bildim…”

2014-cü ildə Almaniyada siyasi mühacir kimi sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində İstanbulda saxlanılaraq Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib. O, dələduzluq, vergidən yayınma, cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlarla 6 il azadlıqdan məhrum edilib. Həmin hökmlə onun 70-yaşlı anası Zeynəb Abdullayeva da cəzalandırılıb. Özünün ölkədən çıxışına qadağa qoyulduğu halda, bacısının pasportu ilə xaricə gedib-gəldiyi iddia olunan Zeynəb Abdullayeva sərhədi qanunsuz keçməkdə təqsirli bilinərək 4 min manat cərimələnib.

Lakin onların heç biri özünü təqsirli bilmir, ittihamların saxta olduğunu bəyan edir.

“Mən Türkiyədən qanunsuz şəkildə, faktiki oğurlanaraq Azərbaycana gətirilmişəm. Tamamilə əsassız, qərəzli və birbaşa siyasi motivli ittihamlarla mühakimə edilmişəm və zorla həbsdə saxlanılıram”, – Hüseyn Abdullayev bildirib.

Ana səhifəSiyasətHökumət Hüseyn Abdullayevə görə Avropa Məhkəməsinə cavab verməlidir