Hökumət fiaskoya sürüklənir

Artıq özü-özünü tənzimləmək imkanına malik olan liberal iqtisadiyyatdan söhbət gedə bilməz

Source:


Artıq özü-özünü tənzimləmək imkanına malik olan liberal iqtisadiyyatdan  söhbət gedə bilməz

Azərbaycanda iqtisadi və siyasi durum kritik nöqtəyə transfer etməkdədir. İqtidarın 25 illik fəaliyyəti endşpil mərhələsinə qədəm basır. Artıq Azərbaycanın “regionun lider dövləti olması” fikri ilə ictimai rəyi manipulyasiya etmək də mümkün deyil. Manatın devalvasiyası, daxili istehsalın olmaması ölkədəki vəziyyəti daha da ağırlaşdırır. Ölkə valyutasının məzənnəsinin qeyri-sabitliyi bir çox şirkətləri iflasa uğrada bilər. Əslində Azərbaycandakı iqtisadi böhran idarəetmə və siyasi uçurumun dərinləşməsini sürətləndirib. Keçən ilin sonunda Azərbaycan hökuməti neftin qiymətinin 90 dollar olacağına ümid edirdi. Öncədən bəlli idi ki, bu nikbin proqnozun heç bir ciddi əsası yoxdur. Nüfuzlu analitik mərkəzlər neftin ucuzlaşması ehtimalının kifayət qədər yüksək olduğunu proqnozlaşdırırdılar. Bunun üçün kifayət qədər iqtisadi əsaslandırma da mövcud idi – Avropa Birliyi ölkələrində və ABŞ-da borc böhranı genişlənməkdə idi. Təbii ki, borc böhranın genişlənməsi istehsalın aşağı düşməsi, iş yerlərinin itirilməsi və enerji resurslarına olan tələbatın azalması ilə müşayiət edilir ki, bu halda da neftin ucuzlaşması qaçılmaz olur. Digər tərəfdən, Rusiyanın çökdürülməsi istiqamətində Qərbin tətbiq etdiyi sanksiyalar neftin 50 dollara qədər və daha çox ucuzlaşma ehtimalını artırırdı. Həmin dönəmdə hökumət neftin baza qiymətini 100 dollardan 90 dollara endirdi. Bir sözlə, hakimiyyət iqtisadi çətinliklərin başlandığını etiraf etmiş oldu.

2016-cı il üçün  neftin 1 barelinin 50 dollar və  daha az olacağı proqnozlaşdırılır. Bu, büdcənin 40 faizinin azalacağı ehtimalının mövcud olduğu anlamına gəlir.

Dövlət büdcəsində neft sektorunun payının 75 faiz olmasını nəzərə alsaq, neftin ucuzlaşmasının ölkə iqtisadiyyatına birbaşa təsir edəcəyini təxmin etmək olardı. Belə də oldu və büdcə böhranı, büdcə gəlirlərinin kəskin azalması büdcə kəsirinin kəskin artımına gətirib çıxardı. Valyuta ehtiyatları hesabına bu kəsiri ört-basdır etmək də mümkün olmadı. Üstəlik, Azərbaycanda neft hasilatı azalmağa doğru gedir. İstənilən halda neftin ucuzlaşması və qlobal böhranın sərhədlərinin genişlənməsi Azərbaycan iqtisadiyyatı üçün yaxşı perspektivlər vəd etmir. Ancaq hökumət hələ ki bunun fərqində deyil – neft pullarını qısa müddət ərzində hesabdan silməyə çalışır. Neft ucuzlaşmaqda davam edəcəksə, hökumət nəinki büdcə böhranı, hətta sosial-iqtisadi böhranla da üzləşəcək. Çünki nefti çıxanda Azərbaycan iqtisadiyyatında heç nə qalmır – büdcə gəlirlərinin 75, ixracın isə 93 faizi neftin payına düşür. Vəziyyətin təhlili onu deməyə əsas verir ki, yaxın zamanda ölkə iqtisadiyyatında manatın möhkəmlənməsinə təsiri edəcək ciddi bir irəliləyiş olmayacaq. Bu isə öz vətəndaşının etimadını tam itirmiş hakimiyyətin siyasi iflasını da surətləndirə bilər. Bunu artıq məmurlar da anlayırlar və 6 milyard manatın kredit adı ilə mənimsənilməsi batmaqda olan gəmini tərk etməyə hazırlaşan komandanın təşvişinə bənzəyir. Hətta kənar baxışla görünən budur ki, ölkə iqtisadiyyatı 25 illik keçid dövründən sonra da bazar iqtisadiyyatı qanunları ilə deyil, inzibati üsullarla və mafiya qanunları ilə idarə edilir. Proqnozlar bədbindir. Hökumət fiaskoya doğru sürüklənir. Artıq özü-özünü tənzimləmək imkanına malik olan liberal iqtisadiyyatdan da söhbət gedə bilməz. Ölkədə bazar iqtisadiyyatı mövcud deyil, bir neçə səlahiyyətli şəxsin qərarı islahat istəyi ilə tərs mütənasibdir. Manatın can verməyəcəyinə and içən maliyyə naziri Samir Şərifov və Mərkəzi Bankın sədri Elman Rüstəmov “suqsvanq” vəziyyətə düşdüklərini anlayırdılar. Lakin hər hansı bir gedişin əlverişsiz nəticə ilə başa çatacağını bəyan edə bilmirdilər. Niyə? Sadə sualdır və cavab da sadədir. Manatın dəyərdən düşəcəyindən sözsüz ki, onların xəbəri var idi. Siyasi hakimiyyət də bu barədə məumatlı idi. Siyasi elita düşünürdü ki, ölkədə olan maliyyənin böyük bir hissəsi oliqarxların əlindədir və onlara manatın “vəfat etdiyi” xəbəri çatanda küllü miqdarda dollar satın almaları qadağan edilmişdi. Lakin oliqarxiya üçün sədaqət yalnız və yalnız pula olur. Dövlətin ən yüksək pilləsində əyləşən şəxslərə sədaqət andı içən Beynəlxalq Bankın sədri Cahangir Hacıyev hakimiyyətin öz təbirincə desək, maliyyə xəyanəti etdi və 6 milyard manat dollar dəyişdirilməsinə sərf olundu. Məmurlar milli valyutadan xilas olmağa, sərvətlərini dollara çevirməyə başladılar. Bununla da, manatın devalvasiyası prosesi surətləndi. C.Hacıyevin iqtidardakı yaxın qohumu da bununla seytnota düşmüş oldu. Siyasi hakimiyyəti vaxtında məlumatlandıra bilməməklə o öz karyerasına ağır zərbə vurmuş oldu. Son proseslər nümayiş etdirdi ki, heç bir siyası sistem iqtisadi böhrana davam gətirə bilmir və hazırkı şəraitdə iqtisadiyyatın idarə edilməsi xeyli mürəkkəbləşib. Eyni zamanda iqtisadiyyatı xarici təsirlərdən asılı olan ölkədə baş verəcək bu tip hadisələrdən heç kəs sığortalana bilməyəcək. Artıq nəyisə dəyişmək də imkansızdır və dolların 1,5-dən 2 dəfəyədək bahalaşma gözlənilir. Bütün bu proseslərin nəticəsində ehtimal etmək olar ki, yaşayış standartları aşağı düşəcək, sosial göstəricilər pisləşəcək, əhali və hökümət arasında sosial münasibətlər gərginləşəcək. Bütün bunların fonunda hakimiyyəti himayə edən xarici və beynəlxalq güclər rejimin bu sürətlə iflasını gözləmədiyindən çaşqınlıq içindədir. Məsələ ondadır ki, bir tərəfdən hakimiyyətin iflasının labüd olduğu görünür, digər tərəfdənsə alternativ siyasi güclərin yoxluğu onları prosesi alternativ meydana çıxanadək uzatmağa vadar edir. İstisna deyil ki, alternativ axtarışı hakimiyyətin içində aparılır. Avtoritar idarəçilikdə bu yolverilməzdir. Odur ki, alternativin kimliyinin tam məxfi saxlanıldığı və informasıya sızmasının qarşısının alındığı da ehtimal edilə bilər. Siyasi sistemin əsas tərkib hissələri olan vətəndaş cəmiyyəti və siyasi müxalifət də böhran durumundadır və bu böhrandan çıxış yolları axtarmaq niyyəti görünmür. Bu isə iqtidarın içində alternativ axtarışı perspektivini daha da aktuallaşdırır. Göründüyü kimi, Azərbaycanda siyasi güc mərkəzlərinin taleyini beynəlxalq amillər müəyyən etməkdədirlər. Bir sözlə, mövcud durumda ölkənin siyasi müqəddaratının müəyyənləşməsində xarici faktorun rolunun artması qaçılmaz görünür. Lakin hazırkı mərhələdə xarici faktorun açıq müdaxiləsi mümkün olmadığından, bunun iqtisadi və digər qeyri-siyasi amillər vasitəsilə həyata keçiriləcəyi gözlənilə bilər.

Dərinləşməkdə olan iqtisadi böhran rəsmi Bakını beynəlxalq kreditlərdən asılı edir. Qərb kredit verməkdən imtina edir. Bakı Səudiyyə Ərəbistanı və ərəb ölkələrinə müraciət edərək kredit istəyir. Hazırkı iqtisadi böhrandan çıxmaq üçün lazım olan məbləğ milyardlarla ölçülür. Bakı bu pulu almaq üçün hətta radikal dinçilərin təsirinin artmasına razı kimi görünür. Lakin Bakıya lazım olan pulu verəcək ölkə və qurum gözə dəymir. Proseslər mittelşpil vəziyyətinə transfer etməkdədir. İstər Qərb, istərsə də Bakı əsas qüvvələrini hərəkət etdirərək, yeni qarşıdurmanın başlandığı elan etməyə hazırlaşır. Bir sözlə, yeni keçid mərhələsi gözlənilir. Lakin keçidin zaman baxımından uzanması labüd olduğundan, hakimiyyətin daha da dezinteqrasiyasının davam edəcəyi gözlənilir. Hakimiyyətə limit verilib. Lakin iqtidar siyasi, hüquqi və iqtisadi islahatların təcili başlanması əvəzinə daha çox müxtəlif mədəni, idman və digər tədbirlərə fokuslanması onun islahatlar aparmayacağına işarə edir. Bu cür dinamika sonda keçid prosesinin ən sərt və daha xaotik üsullarla reallaşacağını qaçılmaz edir. Proseslər yeni mərhələyə qədəm basır. Əhali iqtidara olan inamını tam itirmək üzrədir. Bakıda baş verən, 15 nəfərin ölümü ilə sonuclanan son yanğın hadisəsi də iqtidarın reytinqini alt-üst edir. Lakin mütəşəkkil alternativ komandanın yoxluğu və bu səbəbdən də xarici amillərin rolunun artması yaxın gələcəkdə ölkədə daha idarəolunan rejimin formalaşa bilməsi təhlükəsini yaradır. Gələcək demokratik modelin qurulmasının fərdlər və liderlər deyil, ideyalar və konsepsiyalar üzərindən reallaşdırılacağı ehtimalı artır ki, bu da son nəticədə Azərbaycanın qlobal inteqrasiyası üçün daha geniş imkanlar yarada bilər. Mövcud hakimiyyətin ölkənin düşdüyü böhranın nəticəsində demontajı Azərbaycan üçün yeni iqtisadi imkanlar da aça bilər. Avtoritar modelin özünü doğrultmaması və qısa zamanda baş verən siyasi deqradasiyası yaxın gələcəkdə ölkədə parlament idarəçiliyinin reallaşması şanslarını artırır. Bunu iqtidar ideoloqları da anlayırlar. Odur ki, parlament üsul-idarəsi təklifi ilə çıxış edən siyasi qüvvələri sıradan çıxarmağa, sistemdən kənar qüvvələrin meydana gəlməsinə maneçilik törədirlər. REAL sədri İlqar Məmmədovun həbsi və bu qurumun üzvlərinin ictimai rəydən silinməsinə edilən cəhdlər əslində cümhuriyyətçilik ideyasına zərbələr endirmək üçündür. İqtidar müxalifəti sosial şəbəkələrdə didişən, ədəbsiz küçə uşaqları kimi təqdim etmək istəyir. Hakimiyyət öz siyasi opponentlərini heç bir konseptual biliyə malik olmayan qüvvə kimi göstərməyə cəhd edir və bəzi hallarda da buna nail olur. Müxalifətin daha bir problemi əhali arasında özünə inamı bərpa edə bilməməsidir. İqtidar elə bunu hesablayır – opponetlərinin siyasi arenadan birdəfəlik silinməsinə cəhd göstərir. Təsadüfi deyil ki, bir sıra beynəlxalq təşkilatlar və diplomatik missiyalar artıq ənənəvi müxalifəti ən adi tədbirlərində iştirakdan da təcrid etməyə başlayıb. Bundan əlavə həmin müxlifətin addım-addım mühüm görüşlərdən kənarlaşdırılması da diqqətçəkən məqamlardandır. Demokratiyadan bəhs edən müxalifət öz daxilində tənqidə dözümsüz yanaşır. Yeni sədr sədrliyə alternativ olmuş şəxsləri partiyadan qovur. Sanki cəmiyyətə belə bir mesaj verilir – hakimiyyətə gəlsək, bizə alternativ olmaq istəyənlərə “ya biz sev, ya ölkəni tərk et” mesajını verəcəyik. Lakin artıq bu siyasətlə razılaşmayan yeni nəsil siyasətçilər yetişməkdədir. Köhnələrin epoxası başa çatır və siyasətə gənclər gəlir. Müsavat Partiyasında Tural Abbaslının ətrafında formalaşan gənclik yeni mərhələnin başlanğıcından xəbər verir. Artıq “böyük bəy deyibsə, əjdahalar uçur” tezisini qəbul etməyən bu komandanın varlığı digər müxalifət partiyalarındakı qüvvələri də öz liderləri ilə siyasi mübarizəyə başlamağa sövq edir.
Burada daha bir incə məqama toxunmaq lazım gəlir. Qərb siyasi dairələri ölkənin ictimai sektorunda fəal olan bir sıra simalara gələcək müttəfiqləri kimi baxmağa başlayıblar. Əllərində konkret təkliflər zərfi olan belə şəxslərlə işləmək ətrafına əmzikli cocuqları yığıb, hər kəsi təhqir etdirən liderlərlə işləməkdən daha cəlbedici görünür…

Ana səhifəXəbərlərHökumət fiaskoya sürüklənir