“Hökumət faktiki çoxpartiyalılığı qəbul etmək istəmir”

“Ona görə də ölkədə normal, rəqabət şəraitində olan sistemin bərpası üçün proporsional seçki qaydasının bərpası həddən artıq vacibdir”

Source: Specify Source


Müxalif partiyalar yeni qanun layihəsindən nə gözləyir?

AXCP sədri Əli Kərimli hökumətin xoş niyyətlə “Siyasi partiyalar haqqında” yeni qanun hazırlayacağını gözləmir.

Bu barədə Meydan TV-yə danışan Əli Kərimli yeni layihə haqda hər hansı məlumata malik olmadığını bildirib.

O hesab edir ki, hansısa məhdudlaşdırıcı normalar qəbul etmək üçün yeni qanun qəbul etmək istəyirlər:

“Hökumət faktiki çoxpartiyalılığı qəbul etmək istəmir. Hazırkı qanun isə siyasi partiyalara fəaliyyət üçün imkan yaradır, yəni partiyaların fəaliyyətini qanun məhdudlaşdırmır, hökumət özü məhdudlaşdırır”.

Əli Kərimli şübhə etmir ki, əgər hökumət indiki şəraitdə yeni qanun qəbul edirsə, həmin sənəddə siyasi partiyaların fəaliyyətini məhdudlaşdıran hansısa müddəalar olacaq:

“Yaxşı bir şey gözləmirəm. Onu gözləyirəm ki, hazırlanacaq qanunla hökumət gerçək müxalif partiyalara təzyiqləri artırmaq üçün özünə hansısa rıçaqlar əldə edəcək”.

Müsavat Partiyasının başqanı Arif Hacılının qənaətincə, Azərbaycanda çoxpartiyalı sistemin inkişafı üçün bərabər hüquqlu siyasi rəqabət şəraiti yaradılmalıdır:

“İqtidar və müxalifət partiyasından asılı olmayaraq bütün partiyalara eyni şərait yaradılmalı, həm də bütün partiyalar ümumi siyasi sistemin tərkib hissəsi kimi qəbul olunmalıdır. Əgər hakimiyyətin çoxpartiyalı sistemin inkişafı barədə fikri olsa, bu şərtə əməl edər”.

Arif Hacılı Müsavat Partiyasının 2000-ci il parlament seçkilərində proporsional seçki sistemində qalib gəldiyini vurğulayaraq deyib ki, hakimiyyət 2 il sonra referendumla həmin seçki sistemini ləğv etdi:

"Proporsional seçki sisteminin ləğvi çoxpartiyalı sistemə ağır zərbə oldu. Ona görə də ölkədə normal, rəqabət şəraitində olan sistemin bərpası üçün proporsional seçki qaydasının bərpası həddən artıq vacibdir. Eyni zamanda, partiya üzvlərinin seçki komissiyalarında fəaliyyətinə şərait yaradılması və digər məsələlər həllini taparsa, həqiqi çoxpartiyalı sistem qurula bilər".

Müsavat başqanı mövcud qanunvericilikdə müəyyən qüsurların olduğu barədə fikirlərə qatırılır:

"Bu mənada qanunların dəyişdirilməsi zəruridir. Amma məsələ ondadır ki, Azərbaycanda qanunlara əməl etməyən hakimiyyət var. Konstitusiyada seçmək, seçilmək, söz, ifadə, sərbəst toplaşmaq azadlıqları tanınsa da, gerçəkdə hakimiyyət bu hüquqların həyata keçməsinə imkan vermir. Təəssüf ki, bu tipli qanunlar dəyişdirilərkən adətən mürtəce addımlar atılır, bu mənada "Siyasi partiyalar haqqında" qanunda pozitiv dəyişikliklərin olacağını düşünmürəm. Çünki mövcud hakimiyyətin zamanında bir qayda olaraq mürtəce dəyişikliklər gerçəkləşir".

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ötən həftənin sonu Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlandığı

bildirib

.

Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə hazırlanaraq qəbul edilib. Qanuna sonuncu dəfə 2012-ci ildə dəyişiklik olunub.

Ana səhifəSiyasət“Hökumət faktiki çoxpartiyalılığı qəbul etmək istəmir”