”Hökumət dərhal saytlara senzura qoyulmasını dayandırmalıdır”

“Azərbaycan hökuməti beş müstəqil vebsaytın bloklanması cəhdini dayandırmalı, bu saytlara girişi hazırda əngəlləyən qərarı ləğv etməlidir”.

Source:
Nina Ognianova
Nina Ognianova


“Azərbaycan hökuməti beş müstəqil vebsaytın bloklanması cəhdini dayandırmalı, bu saytlara girişi hazırda əngəlləyən qərarı ləğv etməlidir”.

Bu bəyanatla aprelin 28-də Nyu Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) çıxış edib.

Aprelin 27-də bir sıra saytların, meydan.tv, azadliq.info, azerbaycansaati.tv, azadliq.org və Turan TV saytlarının Azərbaycanda bloklanması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin ərizəsi əsasında məhkəmə başlayıb. İşə Səbail rayon Məhkəməsində baxılır, proses mayın 1-nə keçirilib.

DÜNYA NARAHAT OLMALIDIR

Məhkəmədə üzə çıxıb ki, Prokurorluq nazirliyə sözügedən saytlarla bağlı tədbir görülməsindən ötrü müraciət edib. İttihama görə, bu saytlar Konstitusiya quruluşunu zorla dəyişdirməyə, ictimai sabitliyi pozmaya yönələn destruktiv hərəkətlər, kütləvi iğtişaşlara açıq çağırış ediblər, radikal dini qurumların qanunsuz fəaliyyətini təbliğ ediblər. Müraciətə həmin saytlarda yayımlanan yazılar da əlavə olunub. Bundan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi martın 27-də saytların bloklanması haqda qərar qəbul edib. Bunun məhkəmə yolu ilə rəsmiləşməsi isə Elektron Təhlükəsizlik Mərkəzinə həvalə olunub. Mərkəzin rəhbəri Faiq Fərmanov məhkəməyə müraciət edib.

“Bu beş sayt, hökumətin dediyi kimi, Azərbaycanın milli təhlükəsizliyinə hədə yaradırsa, azərbaycanlılar və dünyanın qalan hissəsi ölkənin davamsızlığından, kövrəkliyindən narahat olmalıdır. Hökumət dərhal bu vacib xəbər və təhlil mənbələrinə senzura qoyulmasını dayandırmalı, əvəzində xəbərə bütün qadağaları qaldırmalıdır”, – bunu CPJ-nin Avropa və Orta Asiya üzrə Proqram koordinatoru Nina Ognianova deyib.

ÇOX TƏHLÜKƏLİ PRESEDENT

Meydan TV-nin vəkili Elçin Sadıqov CPJ-yə deyib ki, məhkəmə hökumətin xeyrinə qərar çıxararsa, bu, “çox təhlükəli presedent” yaradar. “Belə bir məhkəmə qərarı hökumətin, milli təhlükəsizliyi hədələdiyini deyərək, bütün müstəqil jurnalistləri təqib etməsinə imkan verər”.

Azad Avropa/AzadlıqRadiosu-nun prezidenti Thomas Kent nazirliyin qaldırdığı məhkəmə iddiasını “kobud senzura” adlandırıb.

Ana səhifəXəbərlər”Hökumət dərhal saytlara senzura qoyulmasını dayandırmalıdır”