“Hökumət çörəyin qiymətinin artmasının qarşısını almalıdır”

Vahid Məhərrəmov: “Digər ölkələrdə olan sosial çörək haqqında düşünülməlidir”

Source:


Vahid Məhərrəmov: “Digər ölkələrdə olan sosial çörək haqqında düşünülməlidir”

Mərkəzi Bankın 21 dekabr qərarından bir gün sonra unun qiyməti 50 faizə yaxın artdı. Hələlik bununla bağlı rəsmilər heç bir izahat vermirlər.

Meydan TV-nin “unun qiymətinin artmasına zəmin varmı” sualına kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov cavab verib.

Mütəxəssis deyir ki, bu qiymət artımına heç bir əsas yoxdur. Ona görə ki, Azərbaycana kifayət qədər ərzaq buğdası gətirilib və buğdanın Dövlət Taxıl Fondunda 750 min ton ehtiyatı nəzərdə tutulub: “Azərbaycanda Dövlət Taxıl Fondu yaradılıb. Dövtət büdcəsi hesabına bu fondda taxıl ehtiyatı əvvəl  500 min ton olduğu halda, bu il 750 min tona çatdırılıb. Bu, çox böyük ehtiyatdır. Bu qədər buğda ölkənin 7 aylıq çörəyə olan ehtiyacını tam ödəməlidir. Əgər bu qədər taxıl ehtiyatı varsa, unun qiyməti 2 gün ərzində niyə 50 faizə qədər artıb? Yoxdursa, onda bəs hanı? Əgər kəskin qiymət artımı baş verərsə, “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi qaydaları”nda ehtiyat buğdadan lazım gəldikdə, daxili bazarda taxıl məhsullarının kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədi ilə istifadəsi nəzərdə tutulur. Baxmayaraq ki, manat ucuzlaşıb, amma kifayət qədər buğda ehtiyatı yarandığı üçün hökumət əvvəlcədən intervensiya siyasətini həyata keçirməyə hazır olmalıydı. Yəni bu siyasətlə unun və çörəyin qiymətinin artmasının qarşısını almaq lazımdır”.

Vahid Məhərrəmov bildirib ki, ölkədə kifayət qədər işsizlər, banklara borcu olanlar var və əməkhaqqı da aşağıdır: “İkincisi, əməkhaqqının 70-75 faizi ərzaq mallarına xərcləndiyinə görə hökumət əhalinin sosial durumunun zəif olan hissəsini qorumağı nəzərə almalıdı. Bu baxımdan hökumət ehtiyat fonddan buğdanı bazara çıxartmaqla unun və çörəyin qiymətinin artmasının qarşısını almalıdır. Əgər dekabrın 23-də bu alətdən istifadə etməsə, yəni fonddan müəyyən həcmdə çörək zavodlarına un verilməzsə, qiymət artacaq. Çünki unun qiyməti 50 faizə yaxın artırsa, bu, mütləq çörəyin maya dəyərində özünü göstərəcək. Axı 21 dekabr qərarı yalnız unun qiymətini artırmır, başqa malların da qiymətinə təsir edir”.

“Çörəyin çəkisini azaldıb, qiymətini saxlaya bilərlərmi” sualına cənab Məhərrəmov belə cavab verdi: “Buna da gediləcək, amma uzun müddət çəkini azalda-azalda getmək mümkün deyil. Müəyyən standart var, çörəyin çəkisi azalırsa, bişirmədə müəyyən problemlər yaranır və avadanlıqlar da çəkiyə hesablanaraq hazırlanır. Deməli, çörək zavodları çəkini azaldacaqlarsa, nəmliyi artırmalıdırlar, nəmliyi artıracaqsa, bu, çörəyin qiymətinə təsir edəcək. Buna yol vermək olmaz. Hökumət digər ölkələrdə olan sosial çörək haqqında düşünməlidir. Qazaxıstan uzun müddətdir əhalinin kasıb təbəqəsi üçün 600 qramlıq çörək istehsal edir, qiyməti Azərbaycan valyutası ilə 15 qəpikdir. Bizdə isə 600 qramlıq çörəyin qiyməti 40 qəpikdən bahadır”.

Vahid Məhərrəmov ətin, meyvə-tərəvəzin qiymətləri ilə bağlı hökumətin “yerli məhsullarımız olduğu üçün qiymət artmayacaq” – deyə açıqlamalarını yanlış hesab edir: “Ona görə ki, kənd təsərrüfatı məhsullarının istehsal prosesində istifadə olunan vasitələr xaricdən gətirilir. Məsələn, toxum, texnika, kübrə, genetik materiallar, toyuq üçün yem komponentləri və texnoloji avadanlıqları. Belə olan halda kənd təsərrüfatı məhsullarının daxildə istehsal olduğunu söyləmək doğru deyil.  Məhsulun maya dəyərində əl əməyi və enerji daşıyıcılarının tutumu çox azdır. Əgər 1 kombayn 100 min avroya alınıbsa, indi 170 min manata başa gələcək, çünki manatın dəyəri avroya nisbətdə enir. Yaxud kombaynın istismar müddəti  10 il müddətinə nəzərdə tutulurdusa, indi 10 ilə onu istismar edib maliyyə vəsaitini bərpa etmək mümkün olmayacaq. Ümumiyyətlə, bütün texniki avadanlıqlar və istehsal vasitələrinin hamısı dollar və avroyla çox baha qiymətə alınır. Elə tərəvəzlərin toxumu da xaricdən gətirilir. Yumurtanın qiyməti niyə artır? Çünki hər toyuqdan il ərzində çoxlu sayda yumurta almaq mümkün deyil. Bunun üçün genetik materiallar lazımdır, yəni toxum yumurtaları xaricdən gətirirlər və bunun daşınma xərci də var. Həm də toyuqlar üçün yem komponentləri də xaricdən alınır. Əslində, bizə yumurtanı Türkiyədən, Rusiyadan və İrandan gətirmək daha ucuz başa gəlir, nəinki istehsal vasitələrini ölkəyə gətirib daxildə istehsal etmək. Bu paradoksu bizim məmurlar heç vaxt başa düşməyəcəklər. Çünki o səviyyədə bilgiləri yoxdur”.

Ana səhifəXəbərlər“Hökumət çörəyin qiymətinin artmasının qarşısını almalıdır”