”Hökumət bu ilin büdcəsini 1 mlrd. manat artırmaq istəyir”

Büdcə xərcinin artmasına səbəb nədir?

Source:


Büdcə xərcinin artmasına səbəb nədir?

“Hökumət 2017-ci ilin büdcəsini dəyişməyə hazırlaşır. Dəyişiklik nəticəsində büdcənin xərcləri 1 mlrd. manat artacaq və nəticədə nəzərdə tutulan büdcə defisiti 2 dəfədən çox genişlənəcək”, – iqtisadçı Rövşən Ağayev belə deyir.

Rövşən Ağayev xərclərin artmasının bir səbəbinin olduğunu söyləyir:

“Səbəb dövlət borclarının və dövlət şirkətlərinin öhdəliklərinin büdcə hesabına qarşılanmasıdır. Parlamentdən verilən açıqlamadan görünür ki, artan xərclər SOCAR-ın layihələrinə və Əmanətlərin Sığortalanması Fondunun ehtiyaclarına yönəldiləcək”.

İqtisadçı 2017-ci il üzrə xarici borclanma limitinin yuxarı həddi 9 dəfə artırılaraq 500 mln. manatdan 4.5 mlrd. manata çatdırıldığını deyir:

“Buna səbəb avrobondların emissiyası vasitəsilə Beynəlxalq Bankın xarici borclarının dövlətin üzərinə transfer edilməsidir. Verilən xəbərə görə, 2017-ci ilin büdcə dəyişikliyi nəticəsində artan gəlirlərin bir hissəsi məhz Mərkəzi Bankın mənfəəti hesabına olacaq. Yeri gəlmişkən, büdcə qanunvericiliyinə edilən son dəyişikliyə görə, Mərkəzi Bankın mənfəətindən kapital ehtiyatı yaradılandan sonra artıq qalan hissə dövlət büdcəsinə köçürülməli və yalnız dövlət borclarının qaytarılmasına yönəldilməlidir”.

Rövşən Ağayev deyir ki, Mərkəzi Bank haqqında qanunun 10-cu maddəsinə görə, Bankın nizamnamə kapitalı 500 mln. manatdır və illik mənfəətdən bu məbləğdən az olmayaraq kapital ehtiyatı formalaşdırılır, yerdə qalan hissəsi isə borcların ödənilməsi məqsədilə büdcəyə transfer edilir:

“Məlumat üçün deyim ki, 2016-cı ilin sonuna Mərkəzi Bankın kapital ehtiyatı formalaşdırıldıqdan sonra mənfəətinin həcmi 4.3 mlrd. manata yaxın olub. Göründüyü kimi, hökumət səmərəsiz dövlət sektorunun nəhəng borc yükünün altına öz çiynini elə verib ki, hətta artıq Mərkəzi Bankın mənfəətinin də ünvanlı şəkildə yalnız borcların istifadəsinə yönəldilməsi hüquqi norma kimi qəbul edilib”.

İqtisadçı bildirir ki, son 2 ilin büdcə siyasəti hökumətin neft dövründə islahat aparmadığı dövlət sektorunun ağır problemlərini postneft dövründə büdcənin xərc prioritetlərində önə çıxarıb:

“Ağır sosial-demoqrafik problemləri olan ölkədə büdcənin xərc strukturunda sosial xərclərə belə xərclərin şərik çıxması çox qaranlıq gələcək vəd edir…”.

Ana səhifəXəbərlər”Hökumət bu ilin büdcəsini 1 mlrd. manat artırmaq istəyir”