İlham Şaban: “Kreditlər artıq əvvəlki kimi yaxşı şərtlərlə veriləsi deyil, struktrur islahatları aparmaq gərəkdir”
Fevralın 10-da İlham Əliyev “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı sərəncam imzaladı. Bunun ardından digər sərəncamla o, Balababa Hüseynağa oğlu Rzayevi “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin etdi.
Prezidentin sərəncamına əsasən, “Azərişıq” ASC elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirəcək.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Azərişıq” ASC-nin niyə yaranması ilə bağlı şərh verib. Bildirib ki, “Azərenerji”dən paylayıcı şəbəkənin tam olaraq alınması və ölkədə yeni bir paylayıcı monopoliyanın yaradılması (ola bilsin bir azdan “Sumqayıtelektrikşəbəkə” də Azərİşiğa birləşdirilsin) çox güman ki, hökumətin ilin ikinci yarısında beynəlxalq maliyyə institutlarından yeni kreditlər alması ilə atacağı addımlara hazırlıqdır:
“Çünki Dünya Bankının nümayəndəsi bu yaxınlarda belə bir fikir səsləndirmişdi ki, biz Azərbaycana neftin aşağı qiymətlərdə qaldığı bir vaxtda iqtisadiyyatın inkişafı ilə bağlı yardım əlimizi uzada bilərik. Bundan əvvəl isə Reyting agentlikləri dövlət şirkətlərinin proqnoz reytinqlərini, o cümlədən “Azərenerjininkini”, aşağı salaraq “Neqativ”ləşdirdilər. Yəni Kreditlər artıq əvvəlki kimi yaxşı şərtlərlə veriləsi deyil. Struktrur islahatları aparmaq gərəkdir”.
Ekspertin fikrincə, əslində dövlət hazırda dövlətin boynunda oturan və faydalı iş əmsalı aşağı olan, büdcədən daim kapital uman strukturların ilk növbədə dövlətsizləşdirmə siyasətini gündəmə gətirməliydi: “Tam olmasa da, yəni hökumət o qurumları müəyyən payı üzərində saxlamaq şərtilə satışa çıxara bilərdi. Bundan həm külli miqdarda qazanc əldə edərdi, həm də büdcənin illik yükü azalmış olardı. İkinci tərəfdən büdcəyə ildən-ilə vergi daxilolmaları artardı… Çünki özəl sektor bir qayda olaraq dövlətdən yaxşı işləyir. Bu hər yerdə belədir – orda ki, izafi kapital yoxdur”.
Daha sonra İ. Şaban bildirir ki, Marks “Kapital” əsərində yazırdı ki, izafi kapital (zəhmətsiz qazanılan pul) heç zaman əlavə dəyər yaratmaq qabiliyyətində deyil. Təəssüf ki, Azərbaycanda vaxtilə 600 min kommunist olsa da, demək olar ki, “Kapitalı” oxuyan ya olmayıb, ya oxuyan elə institutda qiymət almaq xatirinə oxuyub”.