Hökumət ”Bank Standard”ı sağlamlaşdıracaq

Rövşən Ağayev: Hökumət sağlamlaşdırdığı ”Bank Standard” hətta böhrandan əvvəl belə ən pis maliyyə hesabatlılığı ilə seçilən bank olub

Source:


Rövşən Ağayev: Hökumət sağlamlaşdırdığı ”Bank Standard” hətta böhrandan əvvəl belə ən pis maliyyə hesabatlılığı ilə seçilən bank olub

“Bank Standard” QSC-nin maliyyə sektorundakı mövqeyini, aktivlərinin xüsusi çəkisini, öhdəliklərin sosial xarakterini və sistem əhəmiyyətini nəzərə alaraq, fiskal və monetar orqanlarla razılaşdırılmış şəkildə onun maliyyə sağlamlaşdırılması (sanasiya edilməsi) barədə qərar qəbul edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından “APA-Economics”ə verilən məlumata görə, qərara əsasən “Bank Standard” səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC vasitəsilə sağlamlaşdırılacaq. Sağlamlaşdırma proqramına görə “Azər-Türk Bank” ASC tərəfindən 3 avqust 2016-cı il tarixinədək “Bank Standard”ın idarəetmə orqanları yenidən formalaşdırılacaq və həmin tarixdən bank fəaliyyətini biznes strategiyasına uyğun qaydada tam həcmdə bərpa edəcək.

Bankın müştəriləri qarşısında maliyyə öhdəliklərini yerinə yetirməsi üçün zəruri vəsait ayrılıb. Banka vəsaitlər sanator-bank olan “Azər-Türk Bank” ASC tərəfindən Mərkəzi Bankın maliyyə dəstəyi hesabına 1 illik kredit xətti formasında ayrılıb. 4 iyul 2016-cı il tarixdən etibarən “Bank Standard” QSC-də əmanətlərin ödənişi üzrə mövcud moratoriumun vaxtının bitməsi ilə əlaqədar, müvafiq məhdudiyyətlər aradan qaldırılmışdır və hüquqi və fiziki şəxslər artıq öz vəsaitlərindən istifadə edə bilərlər.

Məlumatı Facebook səhifəsində şərh edən iqtisadçı Rövşən Ağayev hesab edir ki, hökumət sağlamlaşdırdığı “Bank Standard” hətta böhrandan əvvəl belə ən pis maliyyə hesabatlılığı ilə seçilən bank olub.

Rövşən Ağayev

“Bu bankın saytında yerləşdirdiyi ən son audit hesabatı 2013-cü ilə aiddir. Halbuki xeyli sayda bank artıq 2015-ci ilin hesabatını açıqlayıb. 2014-cü il üzrə audit hesabatını ictimailəşdirməyən bank isə demək olar ki, yoxdu.

Hökumətin dəstəyi ilə sağlamlaşdırılmasına qərar verilən banklara münasibətdə şəffaflıq əsas meyar olmalıdır. Dəstək verilən bankın üzləşdiyi durum, problemləri yaradan səbəblər, xüsusilə menecmentdə buraxılan yanlışlar, problemli aktivlərin real həcmi, qanunvericiliyin tələblərinin pozulduğunu dəqiq əks etdirən faktlar barədə ictimaiyyətə səhih məlumatlar verilməlidir”,- deyə iqtisadçı fikrini tamamlayıb.

Ana səhifəXəbərlərHökumət ”Bank Standard”ı sağlamlaşdıracaq