Hökumət Azərbaycanın xarici dövlət borcunun 6 faiz azaldığını deyir

“Büdcəyə dəyişiklik qəbul olunsa, hökumət daha 4,5 milyard borclanacaq”

Source:


“Büdcəyə dəyişiklik qəbul olunsa, hökumət daha 4,5 milyard borclanacaq”

Azərbaycanın xarici dövlət borcu illik müqayisədə 448,7 mln. dollar və ya 6 faiz azalaraq 2017-ci il aprelin 1-nə 7,0 mlrd. ABŞ dolları olub.

2017-ci il dövlət büdcəsinə dəyişiklik haqqında qanun layihəsində həyata keçirilən iqtisadi islahatların dəstəklənməsi və ayrı-ayrı prioritet layihələrin maliyyələşdirilməsi məqsədilə 2017-ci il 1 aprel tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə 11,1 mlrd. ABŞ dolları məbləğində kredit sazişləri imzalanıb.

“Sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycanın xarici dövlət borcunun ümumi məbləği borclu təşkilatların təqdim etdiyi məlumatlara əsasən, 7 mlrd. ABŞ dolları olub”.

“Report” yazır ki, imzalanmış sazişlər üzrə istifadə edilən kreditlərə görə, xarici dövlət borcu ümumi daxili məhsulun 18, 1 faizi təşkil edib. Adambaşına düşən xarici dövlət borcu isə 713,5 dollar olub. 2017-ci il aprelin 1-nə xarici borc üzrə alınan kreditlərin 7,5 faizi Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları (SDR), 76,7 faizi ABŞ dolları, 11,8 faizi avro, 2,4 faizi Yaponiya yeni, 1,6 faizi isə digər valyutaların payına düşüb.

Bununla yanaşı qeyd olunur ki, 2017-ci il aprelin 1-nə dövlətin daxili borcu 7 mlrd. manat olub.

1 yanvar 2017-ci il tarixinə Azərbaycanın xarici dövlət borcu 6 913,2 mln. dollar (12 241,3 mln. manat), xarici dövlət borcunun ÜDM-ə nisbəti 20,4 faiz təşkil edib. Ötən il aprelin 1-nə xarici dövlət borcu 7 448,7 mln. dollar (11 486,6 mln. manat), borcun ÜDM-ə nisbəti isə 21 faiz olub.

Maliyyə naziri Samir Şərifov isə iyunun 30-da Milli Məclisdə bildirib ki, Azərbaycan Beynəlxalq Bankının (ABB) öhdəliklərinin restrukturizasiya proqramının qəbulundan sonra xarici kreditorların xeyrinə 2,4 mlrd. dollar dəyərində orta və uzunmüddətli dövlət istiqrazları buraxılacaq.

Nazirin sözlərinə görə, Azərbaycan Beynəlxalq Bankının öhdəlikləri ilə bağlı dövlətin xarici borcu artsa da, bu, ölkənin kredit reytinqinə mənfi təsir etməyəcək:

“Bankın öhdəliklərinin restrukturizasiya proqramı gələcəkdə bankın özəlləşdirilməsinə də mühüm töhfə verəcək”.

Nemət Əliyev

Bu barədə Meydan TV-yə danışan AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı Nemət Əliyev xatırladıb ki, 2016-cı ilin oktyabrın 1-nə olan məlumata əsasən, Azərbaycanın xarici borcu 7 milyard 651 milyon dollar olmuşdu. Bu ilin yanvar 1-nə bu məbləğ 6,9 milyarda qədər azaldı:

“2016-cı ilin büdcəsinə nəzər yetirdikdə bu azalmanın səbəbi görünür. Yəni kredit vəsaitlərinin qaytarılmasının vaxtı çatdığı üçün dövlət büdcəsi hesabına vəsaitlər ödənildi və məbləğ aşağı düşdü. Ona görə bunun qeyd etdikləri kimi hansısa islahatlara heç bir aidiyyatı yoxdur”.

N.Əliyev əmindir ki, hökumət borcları ləngitməkdə maraqlı görünürdü. Ancaq beynəlxalq təşkilatların ölkənin maliyyə reytinqini mənfi qiymətləndirməsindən sonra borc sahibləri alacaqlarını tələb etdilər:

“Ona görə hökumət borcları qaytarmağa məcbur oldu. Hökumət elə bir maliyyə-iqtisadi kurs müəyyənləşdirib ki, bundan sonra xarici borcun artırılmasına təkan verəcək. Elə bu ilin dövlət büdcəsinə dəyişiklik təklif olunub və bu təklifin müəlliflərindən biri də maliyyə naziri də Samir Şərifovdur. Ötən ilin sonunda 2017-ci ilin dövlət büdcəsi müzakirə olunanda xarici dövlət borclanmasının yuxarı həddi 500 milyon manat ekvivalentində təsdiq olunmuşdu. Təklif olunan dəyişiklikdə xarici dövlət borcunun limitini daha 4 milyard manat artırmaq yer alıb. Təklif qəbul olunsa, hökumət ilin sonuna qədər 4,5 milyard manat ekvivalentində borc almalı olacaq”.

İqtisadçı deyir ki, bu, çox böyük rəqəmdir və xarici borcun daha da artmasının əlaməti olacaq, nəinki azalmasının:

“Bəli, təxminən 700-800 milyon dollar civarında xarici borc azaldıldı, 7 milyarda qədər. Azalan borclarda ödənilən faizlər kiçik idi. Amma bu il cəlb etmək istədikləri xarici borclar yüksək faizlərlə dövlətin üzərinə qoyulacaq. Sadəcə, Avropanın maliyyə bazarlarına avro istiqrazlar buraxmaqla ölkəyə maliyyə vəsaiti cəlb etmək istəyirlər. SOCAR 2015-ci ildə 6,95 faizlə avro istiqrazlar buraxmışdı. İndi hökumət həmin varianta əl atır. Baxın, beynəlxalq təşkilatlar Azərbaycanın investisiya və kredit reytinqlərini kəskin şəkildə aşağı saldığı zamanda belə bir addım atılır. Belə olanda, kim həmin istiqrazlara aşağı faizlərlə pul yatırar? Hökumət 7 faizlə pul yatırda bilsə, sevinməlidir. Amma borcları qaytararkən yüksək faiz lazım olacaq. Ona görə də vəziyyət narahatlıq doğurur”.

Nemət Əliyev ən böyük narahatlığın alınan borcların məqsədi olduğunu deyir:

“Çünki bu vəsaitlər Azərbaycan Beynəlxalq Bankının mənimsənilən borclarını ödəmək məqsədilə alınır. Biri var, vəsaiti islahatların həyata keçirilməsi üçün, biri də var batan pulları qaytarmaq üçün cəlb edəsən. Yeri gəlmişkən, bu ilin yanvar-may aylarında müəssisə və təşkilatların investisiya yatırımı 40 faiz azalıb. Əgər ölkə iqtisadiyyatına kapital qoyulmursa, o zaman hansı inkişafdan danışmaq olar?! Yerli investorların ölkə iqtisadiyyatına marağının zəiflədiyi zaman dövlət xarici ölkələrdən cəlb etdiyi borcu iqtisadiyyata yatırda bilmir. Əksinə, Beynəlxalq Bankın borclarını qaytarmaq üçün addım atır. Bu siyasətin fəsadları böyük olacaq. Təcili olaraq islahatların önü açılmalıdır, kağız üzərində deyil, real addımlar atılmalıdır”.

İqtisadçı bildirir ki, indiyə qədər tətbiq olunan idarəetmədən qurtulmaq lazımdır, çünki bu idarəetməylə heç nəyi dəyişdirmək mümkün deyil:

“Kosmetik dəyişikliklər heç bir nəticə verməyəcək”.

Ana səhifəXəbərlərHökumət Azərbaycanın xarici dövlət borcunun 6 faiz azaldığını deyir