”Hökumət azərbaycandilli tənqidlərin önünü kəsmək istəyir”

Mike Runey: “Tənqidçi medianın bloklanması yeni hadisə deyil”

Source:


Mike Runey: “Tənqidçi medianın bloklanması yeni hadisə deyil”

“Son bir həftədir Azərbaycanda müstəqil xəbər saytlarının bir neçəsinə giriş məhdudlaşdırılıb. Görünür həmin saytlar hökumətin narazılara qarşı gücləndirdiyi kibermüharibənin qurbanlarıdır”, – Mike Runey eurasianet.org saytında MeydanTV, “Azadlıq” qəzeti və AzadlıqRadiosunun saytlarının bu hücumun hədəfinə çevrildiyini, martın 27-dən başlanan problemin hələ də qaldığını yazır.

Runey Mülki Hüquqların Müdafiəçiləri təşkilatında Avrasiya üzrə proqram rəhbəridir.

“Hökuməti tənqid edən medianın bloklanması yeni olay deyil. Saytlara girişin əngəllənməsində məqsəd Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunmasıyla bağlıdır. Onlar azərbaycandilli tənqidlərin önünü kəsmək istəyirlər”, – deyə müəllif yazır.

İzlər bu saytlara eyni IP ünvandan hücum edildiyini göstərir

Məqalədə VirtualRoad.org İnternet azadlığı qurumunun yaydığı hesabatdan da bəhs edilir. Son hücumların həmin hesabatdan sonraya düşdüyü vurğulanır.

“Amnesty International” insan haqları təşkilatı və VirtualRoad.org saytı Azərbaycanda siyasi fəallara, ayrı-ayrı saytlara kiberhücumlardan yazmışdılar. VirtualRoad.org son aylarda abzas.net, cumhuriyyet.net və azadliq.info saytlarına eyni mənbədən hücumlar olunduğunu qeyd edirdi:

“İzlər bu saytlara eyni IP ünvandan hücum edildiyini göstərir. Həmin IP şəbəkədə isə Azərbaycanın bir neçə hökumət qurumu var”.

Tədqiqatçılar hücumların, əsasən, yenicə formalaşdırılmış Nəqliyyat, Kommunikasiya və Yüksək Texnologiyalar Nazirliyindən gəldiyini müəyyənləşdirmişdilər. Ancaq nazirlik, bu iddiaları rədd edib.

Meydan TV, AzadlıqRadiosu, Amerikanın Səsi media qurumlarının saytlarına giriş məhdudiyyəti 2016-cı ilin sonlarından başlayıb.

Bu addımlar sadəcə bizim əlavə vaxtımızı alacaq

Meydan Tv-nin təsisçilərindən biri Həbib Müntəzir hücumların ölkədə baş verən hadisələri dəqiq göstərdikləri üçün olduğunu söyləyir:

“Hücumlar heç bir quruma, dövlətə, şəxsə bağlı olmadan, müstəqil fəaliyyətimizlə bağlıdır. Qadağalar bizi ictimaiyyəti azad şəkildə məlumatlandırmaqdan, cəmiyyətə doğru-düzgün xəbər çatdırmaqdan çəkindirməyəcək. Hər vasitə ilə biz oxucularımıza, izləyicilərimizə xidmət göstərəcəyik. Bu addımlar sadəcə bizim əlavə vaxtımızı alacaq. Ölkənin imicinə isə mənfi təsir göstərəcək. Rəsmi qurumları bu işdən geri addım atmağa çağırırıq”.

Bəzi istifadəçilər sayta girə bilir, bəziləri yox

RFERL Azərbaycan Xidmətinin direktoru İlkin Məmmədov “BBC azərbaycanca”ya deyib ki, sayta daxil olmanın məhdudlaşdırılması media qurumunun daxili və ya hər hansı texniki problemləri ilə əlaqəli deyil. Məhdudlaşdırma bəzi provayderlər tərəfindən aparıldığına görə “bəzi istifadəçilər sayta girə bilir, bəziləri yox”.

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi belə problemin olduğunu inkar edir. Meydan TV problemlə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən cavab ala bilmir.

Ana səhifəXəbərlər”Hökumət azərbaycandilli tənqidlərin önünü kəsmək istəyir”