”Hökumət Avropa Məhkəməsinin işgəncələrlə bağlı qərarlarını icra etmir”

İndiyədək işgəncə faktı ilə bağlı Azərbaycana qarşı 19 qərar qəbul edilib

Source:


İndiyədək işgəncə faktı ilə bağlı Azərbaycana qarşı 19 qərar qəbul edilib

Mayın 11-də həbs olunan gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovun polis idarələrində işgəncəyə məruz qalmaları həftənin ən çox müzakirə predmetinə çevrildi.

Hər iki gənc Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələrilə ittiham olunsalar da, onlar sabiq prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək” cümləsini yazdıqları üçün həbsdə olduqlarını deyirlər.

Bu, gənclərin vəkilləri vasitəsilə yaydıqları ifadələrdən məlum olub. Polis idarələrində onlardan AzTV-nin çəkilişi önündə Heydər Əliyevin abidəsindən üzr istəmək tələb olunub, əks təqdirdə narkotik ittihamıyla ağır cəza gözlədiyi bildirilib. Bundan imtina etdikdə isə gənclər ağır işgəncələrə məruz qalıb.

Avropa Məhkəməsi Azərbaycana qarşı pis rəftara, işgəncəyə görə qərarlar qəbul etsə də, xüsusilə polis idarələrində heç nə dəyişməyib. Son bir ayda Sumqayıt, Xəzər və Mingəçevir polis idarələrində yeniyetmələrin işgəncə nəticəsində ölməsi az qala adi hala çevrilib.

Mövcud durumun dəyişməzliyi, Avropa Məhkəməsinin qərarlarının gedişata təsir edib-etməməsi və digər suallarla hüquqşünaslara müraciət etdik.

Əsabəli Mustafayev
Əsabəli Mustafayev

Vəkil Əsabəli Mustafayev deyir ki, Avropa İnsan Haqları Məhkəməsinin saytında pis rəftara görə Azərbaycan haqda 19 qərarın çıxarıldığı haqda məlumat var. Onun sözlərinə görə, işgəncə faktına görə birinci qərar Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun şikayəti əsasında olub, 2003-cü ilin 15 oktyabr seçkilərindən sonra, o, həbs zamanı və sonra məhbəsdə işgəncəyə məruz qalmışdı.

Ancaq vəkil 19 işlə bağlı qərarların yarımçıq yerinə yetirildiyini, yalnız kompensasiyaların ödənildiyini deyir: “Hökumət deyə bilər ki, əvvəl Cinayət Məcəlləsində işgəncəylə bağlı xüsusi maddə yox idi. Əksinə, 133-cü maddə var idi, o da şəxslər arasında davanı, fərdi münasibətlərdən doğan işgəncəni əhatə edirdi. Sonradan CM-nə işgəncələrlə bağlı maddələr salındı, amma bununla bağlı vəzifəsindən sui-istifadə edərək kiməsə işgəncə verən rəsmi şəxs cəzalandırılmadı. Bugünə qədər Avropa Məhkəməsinin qərarlarına görə heç kim məhkum olunmayıb”.

Xalid Bağırov
Xalid Bağırov

Hüquqşünas Xalid Bağırov da son 10 ildə Avropa İnsan Haqları Məhkəməsinin pis rəftara görə Azərbaycanla bağlı 19 qərarının olduğunu xatırladır: “Pis rəftar dedikdə, bura üç növ daxildir; işgəncə, ləyaqəti alçaldan və qeyri-insani rəftar. Avropa Məhkəməsinin qərarlarında diqqət cərimələrdən çox işgəncənin qarşısını alacaq islahatlaradır ki, bunlar da aparılmayıb. Nəinki islahat, işgəncə faktı qeydə alınan hadisələrlə bağlı cəzalandırılanlar yoxdur”.

Keçmiş siyasi məhbus, hüquqşünas İntiqam Əliyev hesab edir ki, Azərbaycanda işgəncələrin və bu cür iddialarla bağlı çıxarılan qərarların statistikası aparılmadığından mənzərə barədə tam təsəvvür yoxdur: “Amma əminliklə demək olar ki, hər gün nə qədər insan polis idarələrində, həbsxanalarda, digər qapalı müəssisələrdə zorakılığın iyrənc və tükürpədici formalarına məruz qalır. Mediada dərc olunan məlumatlar əsasında kiçik bir araşdırma yetərlidir ki, bu qurumlarda baş verən ölüm faktlarının əksəriyyətinin arxasında işgəncələr, zorakılıq dayandığını əminliklə söyləyəsən. Normal ölkələrdə vətəndaşın arxasında dayanan dövlət, ədalətli və səmərəli işləyən bir sistem var. Bizdə insan polisdə, həbsxanada, istintaq təcridxanasında işgəncəyə məruz qalır, vəkilini uzun müddət yanına buraxmırlar, ekspertizanı zorakılığın izləri keçəndən sonra təyin edirlər. Həmin qurumlara giriş imkanı olan ombudsman, qondarma işçi qruplarının nümayəndələri çıxıb deyir ki, işgəncə olmayıb. Azərbaycan o ölkələrdəndir ki, orada jurnalistin, siyasətçinin, gənc fəalın, özbaşınalığa etiraz edən, haqqını tələb edən məhbusun döyülməsi, işgəncəyə məruz qalması, öldürülməsi ilə bağlı şikayətlərə görə paqonlu-paqonsuz hər hansı dövlət görəvlisinə kimsə “gözünün üstündə qaşın da var” – deməz. Həbsxanalar bir yumruğa və ya bir şilləyə görə 3 il, 5 il, 7 il iş alanlarla doludur”.

İntiqam Əliyev
İntiqam Əliyev

İntiqam Əliyev Ombudsman Aparatının Bayram Məmmədov və Qiyas İbrahimovla görüşdən sonra açıqlamasına belə münasibət bildirir: “Ombudsman işgəncə olayı ilə bağlı uzün illər dediklərindən fərqli bir şey deməyib. İndiyə qədər nəyi deyibsə, indi də onu deyib. Ona görə təəccüblənməyə dəyməz. Son dövrlər tez-tez səsləndirilən bir fikri bir daha xatırlatmaq istərdim: əgər dövlət işgəncələrə barədə iddiaları araşdırmırsa, bu, o anlama gəlir ki, buna dəstək verir. Bu prinsip işgəncələrlə bağlı çoxsaylı beynəlxalq sənədlərdə, o cümlədən Avropa Məhkəməsinin qərarlarında əksini tapıb. Məhkəmə öz qərarlarında dəfələrlə bəyan edib ki, işgəncə və ya pis rəftarın hər hansı forması ilə bağlı olan şikayətləri araşdırmaq dövlətin öhdəliyidir”.

İqtiqam Əliyev də vətəndaşların işgəncə iddiaları ilə bağlı Avropa Məhkəməsinə ünvanladığı çoxsaylı şikayətlərdən danışır: “Bu işlərin arasında toplumun ən müxtəlif kəsimlərini təmsil edən hər cür insan var – siyasətçisi, jurnalisti, QHT fəalı, keçmiş naziri, hərbi eksperti və s. Bu öhdəliyi pozduğuna görə Strasburq Məhkəməsi Sərdar Cəlaloğlunun, Mahirə Muradovanın, Emin Hüseynovun, Əli İnsanovun, Üzeyir Cəfərovun, Ramiz Nəcəflinin, Sarvan Rizvanovun, Lahıcovun və başqalarının şikayətləri üzrə qərarlarında ölkəmizi işgəncənin tətbiqinə və ya onun ört-basdır edilməsinə görə cəzalandırıb. Qərarların icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsi Azərbaycandan həm qanunvericilikdə, həm də onun tətbiqi praktikasında dəyişikliklər etməyi tələb edir, bununla bağlı ölkənin qarşısında konkret tələblər qoyulub. Amma görünən odur ki, vəziyyət pis olaraq qalır. Pis rəftarla bağlı halların sayı azalmayıb, bununla bağlı şikayətlərin mütləq əksəriyyəti eyni arqumentlərlə rədd edilir. Təsadüfi deyil ki, ölkəmizin adı son illər BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların hesabatlarında işgəncələrin geniş yayıldığı ölkələrin siyahında çəkilir.

Ölkəni idarə edən qüvvə son dövrlərdə onun siyasətindən artan narazılığı, insanların fəallığını yatırmaq üçün siyasi partiyalara, mediaya, qeyri-hökumət təşkilatlarına, gənclərin hərəkatlarına, sosial şəbəkələrə qarşı basqıları gücləndirmək əvəzinə, cəmiyyətdə narazılıq və etiraz doğuran problemlərin həlli istiqamətində real addımlar atmalıdır. Hakimiyyət fərqli fikirlərə, tənqidə qarşı dözümlü olmalı, ölkənin siyasi, iqtisadi, sosial və digər sahələrində hüquq və azadlıqlarını, o cümlədən demokratiyanın təməl prinsiplərindən olan plüralizmi, siyasi rəqabəti təmin etməlidir. Pullarımızı banklarında saxladığımız, maşınlarını sürdüyümüz, paltarlarını geydiyimiz, uşaqlarımızı universitetlərində oxutduğumuz, əlimiz aşağı olanda borc istədiyimiz ölkələrin hamısı bu yolu keçiblər. Amma özümüzü aldatmayaq. Bu idarəçilik zorun, yumruğun üzərində qurulub. Bu hakimiyyət ölkəni başqa cür idarə etmək istəmir. Təkcə ona görə yox ki, bunu bacarmır, həm də ona görə ki, bunu təhlükəli sayır”.

Ana səhifəXəbərlər”Hökumət Avropa Məhkəməsinin işgəncələrlə bağlı qərarlarını icra etmir”