Hökumət Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarını icra edəcəkmi?

Azərbaycan hökuməti AŞ NK-ya yazılı məlumat təqdım edib

Source:


Azərbaycan hökuməti AŞ NK-ya yazılı məlumat təqdım edib

Azərbaycan hökuməti həbsdə olan REAL sədri İlqar Məmmədovun barəsində Avropa Məhkəməsinin qərarının icrası ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinə 15 fevral tarixində yazılı məlumat təqdim edib.

Sənəddə prezidentin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə 10 fevral tarixli sərəncamı xatırlanaraq bildirilib ki, bu, Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarında qaldırılan bir sıra problemləri əhatə edir.

Bu barədə məlumat yayan hüquq müdafiəçisi Rəsul Cəfərov bildirib ki, faktiki 10 fevral sərəncamı İlqar Məmmədovla bağlı qərarda nəzərdə tutulan ümumi tədbirlərin icra edilməsi kimi təqdim olunub və sərəncamın qeyri-rəsmi tərcüməsi əlavə edilib:

“Lakin Avropa Məhkəməsinin qərarında fərdi tədbirlərin də həyata keçirilməsi istənilir ki, bu da REAL sədrinin azadlığa buraxılmasıdır. Bununla bağlı sənəddə heç bir söz deyilmir. Sadəcə belə bir cümlə var ki, rəsmilər qərarın tam şəkildə icra edilməsi üçün Avropa Şurası Baş katibinin göndərdiyi missiyanın bütün təkliflərini nəzərdən keçirməyə hazırdırlar”.

R.Cəfərov hesab edir ki, qərar üzrə ümumi tədbirlərin həyata keçirilməsi yaxşıdır:

“Sərəncamın praktikada işləyəcəyinə ciddi şübhələrim var, xüsusən siyasi motivli işlərdə. Amma qərarın ana xətti fərdi tədbir tələb edir, yəni azadlığı qanunsuz, əsassız və siyasi məqsədlə əlindən alınmış şəxsə, yəni İlqar Məmmədova azadlığını qaytarmaq! Bu olmayacaqsa, qərarın icra edildiyini heç kim qəbul etməyəcək və bu addımlar ucuz vasitələrlə vaxt uzatmaq cəhdləri kimi qiymətləndiriləcək”.

23 yanvar 2013-cü il İsmayıllı iğtişaşlarına görə saxlanılan REAL Hərəkatının sədri İlqar Məmmədov 7 il azadlıqdan məhrum olunub.

Avropa Məhkəməsinin qərarına görə – İlqar Məmmədovun Avropa İnsan Haqları Konvensiyanın 5.1 və 5.4 maddəsi (azadlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyasi) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasını tanıyıb. Hökumət İlqar Məmmədova eyni zamanda 22 000 avro kompensasiya ödəməlidir.

2015-ci ilin iyunun 11-də Avropa Şurası Nazirlər Komitəsinin 1230 saylı toplantısı keçirilib. Toplantıda “İlqar Məmmədov Azərbaycana qarşı” məhkəmə işinin müzakirəsi aparılıb.

Toplantının protokolunda göstərilir: “İlqar Məmmədov Azərbaycana qarşı” işi ilə bağlı 22 may 2014-cü ildə qərar qəbul olunub, 13 oktyabr 2014-cü ildə qərar qüvvəyə minib.

Ana səhifəXəbərlərHökumət Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarını icra edəcəkmi?