Akif Qurbanov: “Mart ayında mövqeyimiz çox açıq və dəqiq olacaq”
Sivil Toplum Platformasının təsisçisi və “Mədən Sənayesində Şəffaflığın Artırılması” QHT Koalisiyasının üzvü Akif Qurbanovla söhbətimizi hər iki qurumun fəaliyyəti üzərində qurduq. Suallarımızın məğzini hökumətlə vətəndaş cəmiyyəti arasındakı poroblemlər və çıxış yolları təşkil edir.
– Akif bəy, haqqında çox danışılsa da, yenidən məsələyə qayıtmağa ehtiyac yaranır. Sivil Toplum Platforması nədir və hansı zərurətdən yarandı?
– Sivil Toplum Platforması bu il fevralın 10-da təsis olunub. Platformanı 26 nəfər vətəndaş cəmiyyəti sahəsində təcrübəsi olan iqtisadçı, hüquqşünas, insan haqları müdafiəçi və media hüququ peşəkarlarından ibarət şəxs yaratdı. Bilirsiniz ki, fevral ayında vətəndaş cəmiyyətinin durumu ağır idi, dostlarımızın bir çoxu həbsdəydi, ölkədən çıxışına qadağalar olanlar vardı, cinayət təqibi davam edirdi, eyni zamanda, xaricə mühacirətə məcbur olunmuş adamlar ölkəyə qayda bilmirdi. Biz Sivil Toplum Platformasını belə vəziyyətdə yaratdıq, bütün çətinliklərə baxmayaraq repressiya maşınından keçən, öz mövqeyini qoruyub saxlayan və problemlərə açıq münasibətini ortaya qoyan şəxslər bir araya gəldi. Əsas mesajımız odur ki, bu mövqeyimizdən çəkinməyəcəyik, cəmiyyətin problemlərini göstərəcəyik. Hesab edirik ki, bu cəmiyyəti biz düzəldəcəyik. Həm də əsas mesajımız Sivil Toplum Platfpormasının QHT koalisiyası olmamasını çatdırmaq idi. Biz vətəndaş cəmiyyətinə qeyri-hökumət formatında deyil, daha geniş mənada baxır və cəmiyyətin mənəvi səsinə iddia edirik.
– Adətən Sivil Toplum Platformasından söhbət düşəndə KİV-də, mətbuatda, sosial şəbəkələrdə sizin adınız xatırlanır. Niyə məhz siz, platforma məhz sizdən ibarətdirmi?
– Təbii ki, yox. Platformanın 26 nəfər təsisçisi var, onların hər biri öz sahəsi üzrə tanınmış şəxslərdir, hər birinin adını çəksəm, proqramınıza az vaxt qalar. Bir çoxu hətta məndən də tanınmış şəxslərdir. Ola bilsin ki, kimsə vaxt məhdudiyyəti baxımından platformanın fəaliyyətinə daha zaman ayıra bilir. Kollektiv şəkildə platformanın sözçülük funksiyası mən və Ələsgər Məmmədliyə həvalə olunub. Bəlkə bu vəzifəni icra etmək niyyətindən biz daha çox görünürük.
– Dediyiniz mesajlar cəmiyyətə çata bildimi, fevral ayından sonra nəsə dəyişdimi?
– Sivil Toplum Platforması yarandıqda heç bir gözlənti yox idi ki, vətəndaş cəmiyyətində müəyyən problemlər həll olunacaq, yaxud olunmayacaq. Vəziyyətin daha da çətin olacağını düşünürdük, bunu gözə alaraq bui fəaliyyətə başlamışdıq. Platforma dərhal yaranmadı, biz ondan əvvəlki aylarda da həmkarlarımızla qapalı fikir mübadiləsi aparırdıq. Ondan sonra müəyyən mənada yumşalma meylləri göründi. Həmkarılarımızın bir çoxu həbsdən azad olundu, yaxud ölkədən çıxışları iə bağlı müəyyən irəliləyişlər oldu.
– Bu, məhz platformanın fəaliyyətinin nəticəsi idi, yoxsa hökumətin beynəlxalq təşkilatların təzyiqi nəticəsində atdığı addımdı?
– Mən deməzdim ki, platforma yaranan kimi cəmiyyətdə dərhal atmosfer dəyişdi və hökumət bəzi məhbusları buraxmaq məcburiyyətində qaldı. Bu, uzunmüddətli gərgin proseslərin nəticəsində hökumətin prosesi bir yerə qədər apara biləcəyinin nəticəsi oldu. Həmin dövrlərdə beynəlxalq təzyiqlər, xüsusən də sosial-iqtisadi vəziyyətin ağırlaşması və neft qiymətlərinin aşağı düşməsi hökuməti beynəlxalq təşkilatlarla hesablaşmağa vadar etdi.
Bizim hökumət adətən çalışır ki, manevrlərlə problemləri həll etmiş kimi görünsün. Təbii ki, problemlər həll olunmur, yəni fundamental çözülmür. Bir çox həmkarımızın həbsdən azad olunması o demək deyil ki, problemlər həll olundu. İntiqam Əliyevin və Xədicə İsmayılın həbsdən azad olunmasına baxmayaraq, onlar hələ də şərti cəzaya məhkum olunublar, ölkədən çıxışlarına da qadağa qalır. Yaxud digərləri həbsdən azad olunub, ölkədən çıxışa da icazə verilib, amma onların daimi fəaliyyəti üçün hüquqi və demokrtaik mühit yoxdur. Belə bir vəziyyətdə problemlərin həllindən danışmaq olmaz. Sadəcə, Azərbaycan hökuməti diş çürüməyə başlayanda bəzən taktiki addımlardan istifadə edir.
– Hazırda hansı “diş çürüyüb”?
– Süd dişləri olanda dəyişmək çox rahat olur. Artıq vətəndaş cəmiyyətinin durumu ilə bağlı elə mənzərə yaranıb ki, dişlər çürüməyə başlayanda, hökumət “Analgin”dən sitifadə etməyə çalışır. Sanki dişi müalicə etmək kimi görünür. Əslində, problemlərə kökündən yanaşılmalıdır, aldadıcı manevrlər problemləri həll etmir, görüntünü dəyişir.
– Gəlirik aldadıcı manevrlərə, oktyabrın sonunda Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Təşkilatında (EİTİ) Azərbaycanın üzvlük məsələsinə baxıldı. Toplantıda Azərbaycanla bağlı 2 qərar çıxarıla bilərdi: 1. Azərbaycanın hazırki statusu saxlanılır və öhdəliklərin yerinə yetirilməsi üçün 1 il vaxt verilir. 2. Azərbaycan təşkilatdan uzaqlaşdırılır – hansı ki, bunu əksər beynəlxalq təşkilatlar tələb edirdi – və rəsmi Bakıya tədbirlər görmək üçün 1 il vaxt verilir. Toplantıdan əvvəl siz də təşkilata müraciət edib birinci qərarın çıxarılmasını istəmisiniz. Halbuki, Rəsmi Bakı MSŞT qarşısında öhdəliklərinin heç birinə əməl etməyib. Belə olan halda ikinci qərarı dəstəkləmək effektiv olmazdımı?
– Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Təşkilatının İdarə Heyəti bundan əvvəlki toplantısında Qiymətləndirmə Missiyası təyin etmişdi. Bu proses şəffaflığın təmini üçün qurumun öz standartlarını əhatə edir. Bu istiqamətlərdən birində, xüsusən üzvlüyün namizədliyə keçirilməsində vətəndaş cəmiyyətinin problemləri əsas götürülmüşdü. Bununla yanaşı, vaxtında hesabatlılıq və bütün məlumatların əhatə olunması istiqamətində addımlar idi. Azərbaycanın da qarşısına bununla bağlı öhdəliklər qoyulmuşdu. İlkin dəyərləndirici missiya ölkəyə səfər edərək müxtəlif tərəflərlə görüşlər keçirib, ictimai-siyasi vəziyyət və vətəndaş cəmiyyətinin durumuna dair qiymətləndirmələr aparmışdı. Onların dəyərləndirilməsinin hesabatından sonra ayrıca xüsusi qiymətləndirici təşkilat müəyyənləşmişdi, onlar isə daha sərt şəkildə son qiymətini verdi. Burda məsələnin mahiyyəti təkcə vətəndaş cəmiyyəti ilə bağlı deyildi, digər problemlər də vardı. Hansı ki, Azərbaycan müəyyən öhdəliklərin yerinə yetirilməsi istiqamətində addımlar atsa da, vətəndaş cəmiyyətinin durumu ilə bağlı vəziyyət dəyişməmişdi.
– O zaman birinci qərarı dəstəkləyən məktubu niyə yazdınız?
– Əvvəla, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Təşkilatının koalisiya şurası 11 nəfərdən ibarətdir, 5 nəfər hökumətin mövqeyini açıq dəstəkləyənlərdir, heç gizlətmirlər də. Onlar üzvlüyün bərpasını istəyirdilər, sanki ölkədə problemlər həll olunub. Bizim müraciətə 6 nəfər imza atıb, müraciətdə mövcud problemlər açıq şəkildə qeyd olunur. Vətəndaş cəmiyyəti ilə bağlı 1 pəncərə sisteminə dair sərəncamın da qanunun mahiyyətini dəyişmədiyini açıq göstərirdik. Amma mədən hasilatına dair müəyyən işlərin olmasını ifadə etmişdik, hansı ki, bunlar gerçək faktlardır. Təbii, mənim fərd olaraq mövqeyim daha fərqli ola bilərdi, mətnin yazılmasında fərqli nüansların olmasını istərdim. Ancaq bu məktub 6 nəfərin konsensusa gəlməsi nəticəsində ortaya çıxıb. Əgər israr etsəydim, konsensus mətni çıxmayacaqdı, nəticə etibarıyla bizdən müraciət olmayacaqdı.
– 6 nəfər kimlərdir?
– Onlar məlumdur, Qubad İbadoğlu, İlham Hüseyn, Oqtay Gülalıyev, Azər Rəsul, Əlövsət Əhədoğlu və mən.
– Ona görə bu məsələnin üzərində dayanıram ki, MSŞT-da hökuməti Şahmar Mövsümov təmsil edirdi. O isə Azərbaycanın tam üzvlü olmasını istəsə də, bu, mümkünsüz idi. Ancaq bununla belə, birinci qərarı müdafiə edirdi. Bu, o demək deyilmi ki, siz öz məktubunuzla hökumətə dəstək vermisiniz?
– Mən deməzdim ki, Şahmar Mövsümov birinci qərarı müdafiə edirdi.
– Yəni o tam üzvlük istəyirdi…
– Mən sizə səmimi şəkildə durumu izah etdim. Təbii ki, mətndə daha sərt ifadələrin seçilməsini ilkin təklifimdə qeyd etmişdim. Amma biz razılaşmasaydıq, digər 5 nəfərin müraciəti olacaqdı. Düzdür, bu, koalisiya adından hüquqi sənəd deyil. Çünki koalisiya şurasında 50+1 olan qərar hüquqi və koalisiyanın mövqeyini ifadə etmiş sənəd sayılır. Onların müraciəti isə fərdlərin müraciəti kimi qəbul olunacaqdı. Belə bir vəziyyətdə koalisiyanın mövqeyi bəlli olmayacaqdı. Biz vətəndaş cəmiyyətinin problemlərinin öz əksini tapması üçün müzakirə nəticəsində belə bir mətni ortaya çıxardıq. Düşünmürəm ki, bu mətn vətəndaş cəmiyyətinin mövqeyini ifadə etmədi, yaxud problemləri gizlətdi, hökumətin mənafeyinə xidmət etdi. Həm də sizin dedikləriniz ehtimaldır, yəni dayandırma olacaq, ya da biz dedik ki, 1 il vaxt verilsin.
– Amma beynəlxalq təşkilatların müraciətləri vardı…
– Beynəlxalq təşkilatlar çağırışlar edirdi və bunları tam doğru, obyektiv hesab edirəm. Düzdür, həmin təşkilatların bir çoxu prosesdə iştirak etmir, daha çox kənar qurumlardır. Ancaq buna baxmayaraq beynəlxalq ictimai rəyin əhəmiyyəti çox önəmli rol oynayır. Hesab edirəm ki, biz gerçək vəziyyəti dəyərləndirərək müraciət etdik, bir daha deyirəm, bu, konsensus əsasında olan müraciətdir.
– Bunlar aydındır, bəs yaxın 1 ildə vəziyyət dəyişəcəkmi?
– Mən çox da optimist deyiləm. Bilirsiniz ki, hökumətin ənənəvi taktikası var, prosesi uzadır, ən son anında diş ağrısının şok vəziyyətə düşməməsi üçün “mışak” qoyub müəyyən mənada sakitləşdirir. Son olayda da prosesi uzatdı, oktyabrın 25-nə bir neçə gün almış müəyyən addımlar atmağa səy göstərməyə çalışdı.
– Yaxın 1 ildə oxşar vəziyyət təkrarlana bilərmi?
– Əslində bizi 1 il yox, 4 ay müddət gözləyir, mart ayına qədər hökumətə vaxt verilib və budəfəki qərarda daha konkret göstərilib ki, əgər vətəndaş cəmiyyətinin 3 məsələsi həll olunmasa, yəni qanunvericilik dəyişməsə, təşkilatların, xarici donorların qeydiyyat problemləri, qrant qeydiyyatının aradan qaldırılması tələbləri yerinə yetirilməsə, bu dəfə üzvlük dayandırılacaq. Açıq belə göstərilib.
– Yəqin razılaşarsınız ki, Azərbaycanda QHT sektoru MSŞT-dən ibarət deyil. Təşkilatda 2-3 nəfərin fərdi probleminin həll olunması vətəndaş cəmiyyətinin probleminin həlli deyil…
– Təbii, razıyam və sonuncu mətbuat konfransında da bu məsələni ifadə etdik ki, koalisiyadan kənarda olan digər QHT-ləri də dəvət edib birgə əməkdaşlıq edək və beynəlxalq ictimaiyyəti bu istiqamətdə məlumatlandıraq. Eyni zamanda, daxildə hökumətə çağırışlar irəli sürək.
-Razılaşanlar varmı?
– Reaksiya verən olmayıb, fərdi qaydada şəxsi yazışmalarda münasibətlərini sərgiləyənlər var.
– Prezidentin “bir pəncərə” sərəncamı nəyisə dəyişirmi, yaxud müsbət qarşılayırsınızmı?
– Təbii ki, yox. Müraciətimizdə də sonunci sərəncamı fakt kimi qeyd etmişik, amma bu, heç bir halda irəliləyiş deyil. Mövcud qanun qüvvədə olduğu halda “bir pəncərə” sistemi nəyisə dəyişə bilməz.
– Ancaq ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bridcet Brink bunuirəliləyiş hesab etmişdi…
– Sivil Toplum Platformasının təmsilçisi olaraq ABŞ rəsmisilə mətbuat konfransından əvvəl görüşdük və durumu izah etdik. Təbii ki, diplomatik missiyanın rəhbəri kimi ölkələrarası münasibətlərdə hökuməti hər hansı addıma təşviq etmək üçün belə pozitiv reaksiyalar verə bilərlər. Amma gerçək vəziyyəti onlar da bilirlər ki, bu sərəncamla nəyisə dəyişmək mümkün deyil. Çünki sərəncam hüquqi qüvvə baxımından qanundan üstün deyil. Qanunda həmin problemlər mövcud olduğu halda sərəncam nəyisə dəyişə bilməz. Təbii ki, hökumətin vəziyyəti dəyişməyə çalışacağını düşünmürəm. Hökumət bu cür taktiki addlmlarla aldadıcı əməliyyatlar həyata keçirəcək. Xüsusən selektiv olaraq hansısa təşkilatların problemlərini həll edəcək, amma MSŞT-də olan bütün təşkilatların problemlərini həll etmirlər. Məsələn, mənim və digər şura üzvlərinin qeydiyyat və başqa problemləri həll olunmur. Şuranın içində də selektiv seçim aparırlar ki, hökumətin maraqlarına cavab verənlərin problemlərini həll edirlər, digərlərinin qayğılarını çözmürlər, yəni yanaşma dəyişmir.
– Əgər bu yanaşma dəyişməyəcəksə, əvvəlki kimi oxşar məktubu mart ayında göndərəcəksinizmi?
– Güman etmirəm ki,əvvəlki məktubumuzda da hökumətin gördüyü işləri müsbət qiymətləndirmişik.
– O zaman sizdən mövqe istəsələr, nə deyəcəksiniz?
– Təbii ki, mövqeyimiz çox açıq və dəqiq olacaq. Mart ayına qədər bütün proseslərin monitorinqini həyata keçirəcəyik, gerçək vəziyyətin nədən ibarət olması haqqında bütün həmkarlarımızın mövqeyini cəmləyək. Birgə mövqe kimi olsun ki, bilinsin ölkədə vətəndaş cəmiyyətinin durumuyla bağlı hər hansı dəyişikliklər var, yaxud yoxdur.