“Hökumət AKM-in dağılması üçün 3 milyon avro pul ayırıb”

“Biz qərara aldıq ki, Azərbaycandan Avropaya gələn Müsavat Partiyasının üzvləri AKM-də qeydiyyatdan kecəcək”

Source: Foto: sosial şəbəkə


Əhməd Cəlaloğlu: “Kim AKM adına saxta sənəd təqdim edərsə, 1000 avro mükafat verməyə hazıram”

Almaniyada hüquqşünas Əlövsət Əliyevin və Müsavat Avropa Koordinasiya Mərkəzinin (AKM) üzvü Mehdi Xəlilbəylinin həbsindən sonra siyasi partiyalar tənqid hədəfinə alındı. Xüsusilə Mehdi Xəlilbəylinin Müsavat Avropa Koordinasiya Mərkəzinin üzvü olması diqqəti daha çox Müsavat Partiyasına yönəltdi. Partiya başqanı

Arif Hacılı

ötən həftə mətbuat konfransı keçirib tənqid və ittihamlara cavab versə də, xaricdə mühacirətdə olan və ölkə daxilində yaşayan bir sıra müsavatçı mövqelərində israrlıdır.

AKM-in qurucularından olan Əhməd Cəlaloğlu ötən gün Meydan TV ilə əlaqə saxlayaraq bir sıra ittihamlara cavab verib.

Əhməd Cəlaloğlunun sözlərinə görə, AKM-lə bağlı elə nüanslar var ki, bunu İlham Həsən, Çağlar Qasımov və özü daha yaxşı bilir. O xatırladıb ki, AKM Almaniyada yaşayan mühacir müsavatçıların təşəbbüsü və Müsavat Partiyasının başqanı Arif Hacılının icazə və dəstəyi ilə qurulub. Təşkilatın qurulmasında məqsəd Müsavat Partiyasına yönəlmiş saxta sənəd iftiralarının kökündən həll edilməsi olub:

“Biz qərara aldıq ki, Azərbaycandan Avropaya gələn Müsavat Partiyasının üzvləri AKM-də qeydiyyatdan keçsin. Avropadan Müsavat Partiyasına üzv olmaq istəyənlərin isə müvafiq sənədləri Partiyanın divanına göndərilməli və AKM-də fəaliyyətini davam etdirməlidir. Üzvlük qaydaları AKM-də belə olub: Birinci, AKM və Müsavat üzvləri sadəcə anket formasını dolduraraq, iki ədəd 3/4 fotoşəkil verməklə birbaşa qeydiyyata alınır. Yəni o şəxslərə senzura yoxdur. Çünki o şəxslərin Müsavat Partiyasının rəsmi üzvü olduğunu Bakıdakı rəhbər strukturlar tərəfindən təsdiqlənir və qaydalara uyğun AKM-də qeydiyyata alınır. İkinci, AKM və Müsavat Partiyasına 6 ay sınaq dövrü verilərək qeydiyyat edilir. Avropada yaşayan və Müsavatın üzvü olmayan şəxslər ilk olaraq bu sənədləri doldurmalı və 6 ay fərqlənmə fəaliyyəti təsdiq edildikdən sonra və partiyanın Divanında təsdiq olduqdan sonra qeydiyyata alınır. Əgər həmin şəxs Divanda təsdiq edilməsə, hətta AKM o şəxsə müsbət rəy versə də, AKM-dən kənarlaşdırılır. Ümumiyyətlə, Müsavat-AKM üzvlərinin 70 faizinə arayış təqdim olunub. AKM üzvlərinə arayış yalnız AKM-dəki fəaliyyətə görə verilə bilər. Nəzərə alırıq ki, o şəxs həm də Müsavatın üzvüdür. 3 ayla 6 ay arası AKM-də yeni üzv olan şəxslərə qətiyyən arayış verilmir. O şəxs Müsavatın üzvü olsa belə”.

Əhməd Cəlaloğlu adları “saxta mühacir” olmaqda ittiham olunan şəxslərin fəaliyyətinə və bu adamlara AKM-dən dəstək arayışı verilib- verilməməsinə aydınlıq gətirib:

“Konkret adlara keçək, Ləman Talıbova bir neçə il əvvəl Avropada oturum izni alıb. Hər zaman siyasi fəaliyyəti ilə seçilib və AKM-in Belçika koordinatorudur. Aybəniz Ağalarova Azərbaycanda Müsavat Partiyasının aktiv üzvlərindən olub. Siyasi fəaliyyətinə görə ailəsi təzyiqlərə məruz qalıb. Almaniyada AKM-də qeydiyyatdan keçib, haqq etdiyi dəstəyi AKM-dən almalı idi və alıb da. Vüsala Əlirzayevanın qəbul sənədlərini mən qəbul etmişəm. Üzvlük haqqını layiqincə yerinə yetirib, Almaniyadakı mitinqlərdə iştirak edib. Leyla Elmanqızı ailəcə Müsavat Partiyasına xidmət edirlər, tədbirlərimizin aparıcısıdır. Ona AKM və Müsavatdan aldığı dəstək belə azdır. Samir Quliyev təmənnasız müsavatçılıq edir, haqqından artıq ona hec bir sənəd verilməyib. Habil Quluzadə Azərbaycanda Müsavatın üzvü olub. AKM-dən qeydiyyatdan keçib, son 5-6 aya qədər bütün tədbirlərdə aktiv iştirak edib”.

Əhməd Cəlaloğlu AKM vasitəsilə siyasi sığınacaq alıb, sonradan siyasi fəaliyyətdən gedənlər barədə iddiaları haqlı sayır:

“Amma AKM-in sənədi ilə siyasi sığınacaq alanların əksəriyyəti siyasi fəaliyyətdədirlər. Yuxarıda sadalanan insanlar da, AKM-in dəstək sənədi ilə siyasi oturum əldə ediblər və bü gün də, aktiv siyasi fəaliyyətdədirlər”.

Əhməd Cəlaloğlu bildirib ki, AKM adına kim saxta sənəd təqdim edərsə, 1000 avro mükafat verməyə hazırdır:

“AKM-i aldadıb siyasi sığınacaq alıb, sonra isə aktivlik etməyib, başqa istiqamətə gedən insanlara qarşı təşkilat ciddi tədbirlər görəcək. Onların yaşadığı ölkələrə saxtakar olduqları barədə protokol tərtib edilib göndəriləcək və oturumlarının geri alınmasına nail olunacaq”.

Əhməd Cəlaloğlu iddia edib ki, Azərbaycan hökuməti AKM-in dağılması üçün vəsait ayırıb:

“Biz saxta diaspora fəaliyyətini ifşa edib, gerçək diaspora fəaliyyətinin təməlini qoyduq. Təsəvvür edin, YAP hökumətinin bütün diaspora strukturları Avropada toplantı edir. İlham Əliyev toplantıya qatılır, amma Müsavat-AKM-in bir koordinatorluğu qədər oraya adam toparlaya bilmirlər. Amma Müsavat başqanının görüşünə gələn insanlar zala yerləşmir. Hökumət AKM-in dağılması ücün 3 milyon avro pul ayırıb. Bu, dəqiq məlumatdır”.

Ana səhifəSiyasət“Hökumət AKM-in dağılması üçün 3 milyon avro pul ayırıb”