Hökumətyönlü media: Əli Kərimli və Məmməd İbrahim Ramiz Mehdiyevin işi üzrə dindirilirlər

Əli Kərimlinin məhkəməsindən. Foto: Meydan TV

Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barələrində aparılan araşdırma çərçivəsində Dövlət Təlhükəsizliyi Xidmətində (DTX) dindirilirlər. Bu haqda məlumatı hökumətyönlü informasiya agentlikləri yayır.

Həm Əli Kərimli, həm də Məmməd İbrahimin evində axtarış aparıldıqdan sonra onlar və partiyanın daha bir neçə funksioneri DTX-ya aparılıblar.

Məlumata görə, Əli Kərimlinin və Məmməd İbrahimin evindəki axtarış və dindirilmə Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır.

DTX-ya aparılanlardan biri də AXCP sədrinin köməkçisi Faiq Əmirli gecə saatlarında sərbəst buraxılıb. Bu haqda onun yoldaşı Lalə Əmirli özünün “Facebook” hesabında yazıb.

Gün ərzində baş verənlər

Bu gün Əli Kərimli və bir neçə AXCP üzvünün mənzillərində Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən əməliyyat keçirilib. Əməliyyat nəticəsində partiya lideri və funksionerləri saxlanılıblar.

Hökumət mediasında Əli Kərimlinin evində axtarışın Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparıldığı bildirilib.

AXCP rəsmi olaraq bəyanat yayaraq ittihamları təkzib edib, Əli Kərimlinin saxlanılması siyasi motivli adlandırılıb. Bəyanatda qeyd olunur ki, həbslər ölkədə siyasi fəaliyyət və vətəndaş azadlıqlarını məhdudlaşdırmaq məqsədilə aparılır.

Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı hər hansı rəsmi məlumat yayılmayıb.

Ana səhifəXəbərlərHökumətyönlü media: Əli Kərimli və Məmməd İbrahim Ramiz Mehdiyevin işi üzrə dindirilirlər