””Hizmət hərəkatı” ilə bağlı istintaq-əməliyyat tədbiri davam edir”

Ramil Usubov Türkiyə səfirini qəbul edib

Source:


Ramil Usubov Türkiyə səfirini qəbul edib

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Erkan Özoralı qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə iyul ayının 15-də baş vermiş dövlət çevrilişi cəhdinə toxunan nazir türk vətəndaşlarının Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşməklə həmin qəsdin qarşısını qətiyyətlə aldığını, Azərbaycan Prezidentinin və xalqının ilk dəqiqələrdən Türkiyə dövlətinin və xalqının yanında olduğunu, demokratik yolla seçilmiş hakimiyyəti hərtərəfli dəstəklədiyini bir daha xatırladıb.

Nazir 15 iyul hadisələrindən dərhal sonra müxtəlif sahələrdə və strukturlarda fəaliyyət göstərən “Hizmət hərəkatı”na mənsub şəxslərin aşkarlanması istiqamətində Azərbaycan prezidentinin müvafiq tapşırığına əsasən lazımi tədbirlər görüldüyünü, cari ilin avqust ayının 12-də cinayət işi başlanıldığını, həmin cinayət işi üzrə Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradıldığını, sözügedən istiqamətdə müvafiq tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb.

Problemlərə toxunan R.Usubov transmilli mütəşəkkil cinayətkarlığın beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiya kimi ağır növləri ilə mübarizənin ölkədə də diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Səfir Erkan Özoral qəbula, təbrikə və ətraflı məlumata, eyni zamanda, Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Azərbaycan dövlətinin və xalqının ölkəsinə göstərdiyi dəstəyə görə təşəkkür edib, respublikadakı diplomatik fəaliyyəti dövründə ikitərəfli əməkdaşlığın daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyini vurğulayıb.

Görüşdə bir sıra digər məsələlər də müzakirə edilib.

Türkiyə hökumətinin üzvləri hesab edirlər ki, bu ölkədə iyulun 15-də baş verən çevriliş cəhdini hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fetullah Gülən himayə edib. Fetullah Gülənin özü bu iddiaları yalanlayıb.

Həmin hadisələrdən sonra, F.Gülənin tərəfdarlarının yaratdığı “Hizmet” təşkilatı ilə Azərbaycanda bağlantılarda günahlandırılan bir neçə şəxsin saxlandığı bildirilib. Onlar da müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları olub. Həmin şəxslər də ittihamları qəbul etmir. AXCP hesab edir ki, hakimiyyətin bunda məqsədi rəqiblərini sıradan çıxarmaq və Fetullah Gülenlə gerçəkdə yaxın olan şəxsləri himayə etməkdir.

Ana səhifəXəbərlər””Hizmət hərəkatı” ilə bağlı istintaq-əməliyyat tədbiri davam edir”