Pakistan tərəfi cavab olaraq Hindistanın beş qırıcısını vurub
Mayın 6-da Hindistan ordusu “Sindoor Əməliyyatı” çərçivəsində Pakistan və bu ölkənin nəzarətində olan Kəşmir bölgəsində yerləşən doqquz hədəfə raket zərbələri endirib. Hindistan bu hücumları aprelin 22-də Pahalqam şəhərində baş vermiş və 26 turistin ölümünə səbəb olmuş hadisəyə cavab olaraq həyata keçirdiyini bildirib.
“Hərəkətlərimiz məqsədyönlü, ölçülüb-biçilmiş və qeyri-eskalativ xarakter daşıyır. Pakistanın heç bir hərbi obyekti hədəfə alınmayıb. Hindistan hədəflərin seçilməsində və icra üsullarında kifayət qədər təmkin nümayiş etdirib”.
Pakistan isə hücumları “müharibə aktı” adlandıraraq, ən azı 26 mülki vətəndaşın öldüyünü və 46 nəfərin yaralandığını bildirib. Hədəf alınan obyektlər arasında iki məscidin də olduğu qeyd olunub. Pakistan ordusu, Hindistanın beş qırıcı təyyarəsini vurduğunu və bu təyyarələrin qalıqlarının bu ölkənin nəzarətində olan Kəşmir və Pəncab bölgələrində tapıldığını iddia edib.
Hindistanın hücumlarına cavab olaraq, Pakistanın baş naziri Şahbaz Şərif silahlı qüvvələrə “müvafiq tədbirlər” görmək üçün səlahiyyət verib. Hər iki ölkə arasında nəzarət xətti boyunca ağır artilleriya atışmaları baş verib, nəticədə sərhəd bölgələrində yaşayan insanlar təxliyə olunub.
Beynəlxalq ictimaiyyət, o cümlədən BMT, ABŞ, Rusiya və Çin tərəfləri təmkinli olmağa çağırıb. BMT-nin Baş katibi Antonio Quterreş, vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün hər iki tərəfi hərbi əməliyyatlardan çəkinməyə çağırıb.
Bu hadisələr, Hindistan və Pakistan arasında son illərin ən ciddi hərbi qarşıdurması kimi qiymətləndirilir və bölgədə yeni bir münaqişənin başlama ehtimalını artırır.
İslamabaddan xəbər verən Əl-Cəzirə telekanalının əməkdaşı bildirib ki, Pakistanın idarə etdiyi Kəşmirdə Müzəffərabad və Kotli şəhərləri Hindistanın zərbələrinin hədəfləri arasındadır.
“Xarici televiziya şəbəkəsinə danışan Pakistanın müdafiə naziri Xavaca Asif ən azı beş Hindistan təyyarəsinin vurulduğunu və bir sıra Hindistan əsgərinin əsir götürüldüyünü təsdiqləyib“, – əməkdaş deyib.
“Artıq Pakistanın idarə etdiyi Kəşmiri Hindistanın idarə etdiyi Kəşmirdən ayıran Nəzarət Xəttində ağır atəşlər yenidən başlayıb” .
Pəncabda raketlər Bəhavalpur şəhərindəki məscidə düşüb, nəticədə bir uşaq ölüb, iki mülki şəxs yaralanıb, hərbçilər bildirib.
Beynəlxalq Böhran Qrupunun Hindistan üzrə baş analitiki Praveen Donthi deyir ki, “Hindistan və Pakistan arasında eskalasiya artıq 2019-cu ilin son böyük böhranı zamanı olduğundan daha böyük miqyas alıb” və “potensial olaraq dəhşətli nəticələrə gətirib çıxara bilər”.
“Hər iki tərəfdə daxili emosiyalar yüksəkdir və bu, daha da gərginləşmə təhlükəsini artırır” dedi, lakin “Hindistan və Pakistan diplomatiyanı seçməlidir, çünki hər hansı növbəti hərbi əməliyyat qəbuledilməz risklər daşıyır.”
Reuters xəbər agentliyinin polisə və şahidlərə istinadən verdiyi xəbərə görə, Hindistanın hücumlarından sonra iki tərəfin orduları mübahisəli Kəşmirdə sərhədləri boyunca ən azı üç yerdə intensiv atəşə tutulub və güclü atışma olub.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş hər iki tərəfi maksimum təmkinli olmağa çağırıb.
“Baş katib Hindistanın Nəzarət Xətti və beynəlxalq sərhədi keçən hərbi əməliyyatlarından çox narahatdır. O, hər iki ölkəni maksimum hərbi təmkinli olmağa çağırır”, – Quterreşin sözçüsü bildirib.
ABŞ Prezidenti Donald Tramp, toqquşmaları “ayıb” adlandırıb.
“Ümid edirəm ki, bu, çox tez bitəcək”, Tramp deyib.
ABŞ dövlət katibi Marko Rubio da vəziyyəti yaxından izlədiyini və bunun “tezliklə” bitəcəyinə ümid etdiyini bildirib.
Azərbaycan Hindistan ilə Pakistan arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını bildirib.
Bu barədə Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.
Bəyanatda Pakistana qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumlar pislənib.
“Pakistan xalqı ilə həmrəy olaraq günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq”, – XİN-in bəyanatında qeyd olunub.