Samir Kərimov Abbas Abbasovun oğlunu ittiham edir: “Keyfiyyətsiz məhsul satışıyla bağlı məsələnin üstü açıldığına görə mənə böhtan atıb”
Keçmiş deputat Aydın Abbasovun (o, həm də uzun illər Baş nazirin 1-ci müavini olmuş Abbas Abbasovun oğludur) sifarişiylə cəzalandırıldığını deyən Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Samir Kərimov aprelin 7-də məhkəmə zalından azadlığa buraxılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində ona şərti cəza verilib.
Samir Kərimov Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinin sahə inspektoru olmuş Ramin Talıbovla birlikdə mühakimə olunurdu. Lakin Samir Kərimovdan fərqli olaraq, Ramin Talıbov istintaq və məhkəmə gedən dövrdə həbsdə deyildi.
Məhkəmənin hökmünə əsasən, Ramin Talıbov təqsirli hesab olunsa da, onun ittiham olunduğu müddələr üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə barəsindəki işə xitam verilib. Çünki hadisənin baş verdiyi iddia olunan vaxtdan təxminən 20 il keçib.
Samir Kərimova gəlincə, o, ötən müddətdə ölkə xaricində olub. Cinayət işinin materiallarında onun axtarışda olduğu iddia edilir. Lakin o, axtarışda olması haqda yazılanlarla razılaşmır. Onun özü də, vəkili də dəfələrlə məhkəmədə bildirib ki, axtarışda olsaydı, Azərbaycanın Rusiyadakı səfirliyindəki tədbirdə iştirak edə bilməzdi.
Samir Kərimov 2022-ci ildə Rusiyadan Bakıya gəlib, ASAN Xidmət-də şəxsiyyət vəsiqəsini dəyişməyə gedəndə saxlanılıb.
Samir Kərimov və Ramin Talıbov 20 il öncə Bakıda işləyən Hindistan vətəndaşlarından rüşvət almaqda təqsirləndirilir. İttihama əsasən, yuyucu toz istehsalı və satışıyla məşğul olan hindistanlılardan 300 min pul tələb olunub, son nəticədə 20 min alınıb.
Samir Kərimov və Ramin Talıbovun heç biri özünü təqsirli bilmir. Ramin Talıbov bildirib ki, o, adi inspektor olub. İşlədiyi bölmənin rəisi bir qrup əməkdaşa, o cümlədən ona prokurorluğun müstəntiqi ilə birlikdə əməliyyata getmək barədə göstəriş verib. O da həmin göstəriş əsasında ora gedib. Kiminsə kimdənsə pul tələb etməsi və ya almasından xəbəri yoxdur.
Samir Kərimov da özünü təqsirli bilmir, baş verənləri “Aydın Abbasovun quraşdırdığı iş” sayır.
Cinayət işinin materiallarında iddia olunur ki, təqsirləndirilən sabiq müstəntiq və polis əməkdaşı əcnəbiləri keyfiyyətsiz məhsulları əhaliyə satmaqda ittiham edərək hədələyib. Onlara deyilib ki, həbs edilmək istəmirlərsə, pul verməlidilər. İş materiallarında bəhs olunan hindistanlılar bunlardır: Sham Das Ghanshamdas, Raj Kumar Wadhqwani Anıl, Kishor Sindhi, Naresh Shanti Kumar, Vikram Singh Rajpurohit, Venkatesh Kadrı, Bhojwani Dhiraj, Ashok Kumar, Ananthakrıshnan Balasubramanian.
Samir Kərimov Hindistan vətəndaşlarının işlədiyi şirkətin Aydın Abbasova məxsus olduğunu iddia edir. Onun sözlərinə görə, Abbasov keyfiyyətsiz məhsul satışıyla bağlı məsələnin üstü açıldığına görə ona böhtan atıb. Sabiq müstəntiq Aydın Abbasovun məhkəməyə çağırılıb dindirilməsi barədə vəsatət qaldırmışdı. Lakin onun vəsatəti təmin olunmamışdı.