”Azərbaycan hakimiyyəti bir az gələcəyə baxmalıdır”
“Avropa Şurası Venessiya Komissiyasının açıqlamasıyla tamamilə razıyam. Təəssüf ki, demokratik dünyayla Azərbaycan iqtidarının fikirləri əks qütblərdədir. 26 sentyabr referendumu Azərbaycan tarixində qara ləkədir”.
Bu fikirləri Meydan TV-yə siyasi icmalçı Hikmət Hacızadə Avropa Şurası Venessiya Komissiyasının Konstitusiya Aktı dəyişiklikləri haqda rəyi və Prezident Administrasiyasının rəsmisi Şahin Əliyevin buna münasibətini şərh edərkən bildirib.
Hikmət Hacızadə deyib ki, hakimiyyətin 26 sentyabr referendumu tam diktaturaya istiqamətlənmiş bir addım sayılmalıdır: “Əslində, hökumət beynəlxalq təşkilatların reaksiyasını nəzərə almır. Hakimiyyət görür ki, Avropa institutları kağız göndərməkdən başqa heç nə etmək iqtidarında deyil. Ona görə də əhəmiyyət verməyib, məsxərəyə qoyur. Amma hakimiyyətin belə münasibəti pis nəticələr verəcək, məsələn, çökən iqtisadiyyatımız üçün Qərb fondlarından istəyəcəklər, onlar da verməyəcək. Yaxud siyasi problemlər yaranacaq, məsələn, Xəzər dənizinin statusu məsələsində, İranla Rusiya Azərbaycanı sıxışdıranda, rəsmi Bakı Qərbdən kömək istəyəcək, onda heç kəs yardım etməyəcək. Bu mənada Azərbaycan hakimiyyəti bir az gələcəyə baxmalıdır. Bir şeirdə deyildiyi kimi:
Dostun xahişini dost yerə salmaz,
Həmişə əlində iqtidar olmaz,
Bu vəfasız dünyaya bel bağlama çox,
Gedər bu gözəllik, sənə də qalmaz”.