Hikmət Hacıyev: Yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür

Hikmət Hacıyev hesab edir ki, Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud surətdə pozulmasıdır

Source:


“Azərbaycan silahlı qüvvələri zəruri əks-həmlə tədbirlərini həyata keçirir”

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın son təxribatı ilə bağlı bəyanat yayıb.

Hikmət Hacıyev Müdafiə Nazirliyinin son məlumatını xatırladaraq bildirib ki, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması qəsdən və hədəflənmiş şəkildə həyata keçirilib:

“Mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar barəsində məlumatlar vardır. Çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib”.

Hikmət Hacıyev hesab edir ki, Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud surətdə pozulmasıdır:

“Mülki insanların hədəfə alınması Ermənistan silahlı qüvvələrinin döyüş hazırlığına daxil edilmiş taktikadır və onun ən bariz nümunəsi 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımıdır. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinə zərbələrin endirilməsi, mülki insanların və obyektlərin iriçaplı silahlardan atəşə tutulması beynəlxalq hüquqa əsasən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və güc tətbiq etmək aktıdır. Azərbaycan silahlı qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir”.

Bəyanatda xatırlanır ki, Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanın yeni təcavüz aktı həyata keçirməyə və müharibəyə hazırlaşdığı barədə dəfələrlə xəbərdarlıq etmişdi:

“Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və sabitlik üçün əsas təhlükədir:

“Yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür".

Ermənistan Xarici işlər Nazirliyi sözcüsü Anna Naghdalyan isə atəşkəsin pozulmasında Azərbaycanı günahlanıdırıb:

“Bu gün səhər tezdən Azərbaycan tərəfi təmas xəttində paytaxt Stepnakert də daxil olmaqla dinc yaşayış məntəqələrini hədəf alan aktiv bir hücuma başladıb”.

Ana səhifəSiyasətHikmət Hacıyev: Yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür