Mənbə: google

Hikmət Hacıyev: Qüdrət Həsənquliyev məmur olsaydı, Prezident onu cəzalandırardı

Məqalə yeniləndi:  23 Sentyabr 2020

Müdafiə Nazirliyi: "Deputatın dedikləri hərbi qanunlara ziddir"

Müdafiə Nazirliyi deputat, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin “əsgərlərimiz Paşinyanın arvadını əsir götürəcəkləri günü səbirsizliklə gözləyir” fikri ilə bağlı açıqlama yayıb.

Nazirlik bildirir ki, bu cür fikirlərin səsləndirilməsi Azərbaycan xalqının milli adət-ənənələri, xüsusiyyətləri və mənəvi dəyərlərinə, xüsusilə Azərbaycan əsgərinin döyüş əzmi və nizam-intizamına, ümumilikdə, hərbi qanunlara ziddir:

"Azərbaycanın mülki əhalisinə - qadınlara, uşaqlara və ahıllara qarşı daim vəhşilik nümayiş etdirmiş düşməndən fərqli olaraq Azərbaycan Ordusu hər zaman beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edir".

"Xocalı faciəsi, 2016-cı ilin "Aprel hadisələri" zamanı mülki şəxslərin, 2017-ci ilin iyulunda azyaşlı Zəhra və onun nənəsinin, eləcə də 2020-ci ilin iyulunda 76 yaşlı kənd sakini Əziz Əzizovun qətlə yetirilməsi və digər qanunsuz qətllər Ermənistanın beynəlxalq humanitar hüququn təməl prinsip və normalarını kobud pozmasının bariz nümunəsidir. Azərbaycan Ordusunun yalnız bir məqsədi var - işğal olunmuş ərazilərimizi azad etmək. Ordumuz bu məqsədə çatmaq üçün tam hazırdır”, - Müdafə Nazirliyi bəyan edib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də deputatın fikirlərinə reaksiya verib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan ordusu qadın, uşaq və yaşlılara müharibə aparmır: "Əgər Qüdrət Həsənquliyev dövlət məmuru olsaydı, Prezident tərəfindən cəzalandırılardı".

O deyib ki, Milli Məclis deputatla bağlı qanunda təsbit olunmuş qaydada müvafiq tədbirlər görə bilər: "Ümid edirik ki, hakimiyyətin qanunverici qanadı olan Milli Məclis tərəfindən qanunda təsbit olunmuş qaydada müvafiq tədbirlər görüləcək. Qadın, uşaq və yaşlı insanlara qarşı müharibə aparan və onları hədəfə alan məhz Ermənistan silahlı qüvvələridir. 2016-cı ilin aprel döyüşlərində, bu il 12 iyulda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş toqquşma zamanı biz bir daha bunun şahidi olduq".

“Qüdrət Həsənquliyevin məsələsinə baxıla bilər”.

Bu sözləri Milli Məclisin (MM) İntizam komissiyasının katibi Nurlan Həsənov “Report”a açıqlamasında deyib. O bildirib ki, Milli Məclisin İntizam komissiyasının üzvləri bununla bağlı məsləhətləşmə apararaq məsələyə baxa bilər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  23 Sentyabr 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/jwg5p4

Ən çox baxılan